“Maliyyə problemi bizim də telefon bazarına təsir edib”             

0
372

Texnologiyanın yüksək inkişaf etdiyi müasir dövrdə həyatımızın hər bir sahəsinə daxil olan texnoloji cihazlar sırasında, şübhəsiz ki, mobil telefonlar birinci yerdədir. Vaxtilə sadəcə əlaqə yaratmaq məqsədilə yaradılan bu alət artıq  ağlagəlməz funksiyaları belə özündə daşıyır. Bu səbəbdən son illər bütün dünyada, eləcə də Azərbaycanda insanlar arasında telefon aludəçiliyi durmadan artır. Xüsusən də gənclər arasında bu daha geniş yayılıb. Artıq elə bir mühit yoxdur ki, orda əlində telefon olan bir insan görməyəsən. İnsanlar birlikdə vaxt keçirmək əvəzinə, telefonla əlaqə saxlamağa daha çox üstünlük verməyə başlayıblar. İndi ictimai nəqliyyata diqqət yetirmək kifayətdir. Bir sözlə, artıq belə cihazlardan bir asılılıq yarandığı aydın müşahidə olunur. Amma mobil telefonların yarada biləcəyi fəsadları heç kim düşünmək istəmir. Yox, yazımda bu barədə daha ətraflı danışmaq istəmirəm. Sadəcə, bu gün şəhərimizdə mobil telefona marağın getdikcə artıb-artmadığına aydınlıq gətirmək niyyətindəyəm.

Bu məqsədlə bu günlərdə Mingəçevirdə fəaliyyət göstərən bir neçə mobil telefon satılan dükana baş çəkdim. 10 ilə yaxın mobil telefon satışı ilə məşğul olan Mingəçevir sakini, sahibkar Tural Salahbanov bizimlə söhbətində bildirdi ki, o, əsasən, mobil rabitə bazarında öz dəst-xətti olan “İnteqral” şirkətinin məhsullarını satışa çıxarır. O, bu telefonların tam zəmanətli olduğunu vurğuladı. Tural bəyin fikrincə, indi demək olar ki, hər kəs mobil vasitədən istifadəyə üstünlük verir: “Bu gün artıq balaca uşaqların da əlində ən son model mobil telefonlar var”.

Buna rəğmən, həmsöhbətimiz son illər alverlərinin zəif getdiyini bildirdi: “Mən deyərdim ki, son iki ildir alverimiz zəifləyib. Deməzdim, heç satılmır, satılır, amma 2007-2008-ci illərdəki kimi yox. Belə deyim də, yaşanan maliyyə problemi bizim də telefon bazarına təsir edib”. O həmçinin vurğuladı ki, bu gün insanların çoxu 250-300 manat civarında satışda olan telefonlara üstünlük verirlər: “Hərdən 300 manatdan yuxarı qiymətə olan telefon alan olur”. Onun sözlərinə görə, elə müştəri var ki, mehrini son model telefonlara salır, amma maddi imkanı olmadığından istəyini reallaşdıra bilmir.

Tural bəy bir maraqlı məqama da toxundu: “Onu da deyim ki, bu gün yaşlı insanlar klassik mobil telefonlarına daha çox üstünlük verirlər. Çünki onlar senserlə olan mobil aləti işlətməkdə çətinlik çəkirlər. Amma bəzən elələrinə rast gəlirik ki… Elə bu yaxınlarda 74 yaşlı bir nənə gəlib bizdən ən bahalı model olan smartfon istədi. Biz ona dedik ki, ay nənə, bu sənlik deyil, o, bizə nə desə yaxşıdır? Dedi, mənə nağıl danışmayın, bu telefonlardan bir neçəsini işlətmişəm”.

O həmçinin söylədi ki, bu gün telefon üzlüklərinə təlabat çoxalıb: “Biz də çalışırıq ki, ən son modelləri gətirək. Satdığımızı satırıq, qalanları isə əgər belə demək mümkünsə, ayağımızda qalır. Bu da təbii ki, bizə ziyandır. Telefon baterayalarının müddətləri keçdikdə də eyni aqibəti yaşayırıq”.

Tural bəyə son sualımız müştəriləri aldadan telefon dəllalları ilə bağlı oldu. O sualımıza belə cavab verdi: “Biz çalışırıq ki, müştərilərimiz bizdən razı qalsınlar. Odur ki, keyfiyyətə həmişə üstünlük veririk. Amma bu sirdir ki, indi Çin modeli olan telefonlar da çoxdur. Bəzən elə adam olur ki, aldanıb belə modelləri alır və…” Söhbətinin bu yerində Tural bəy bir qədər fikrə getdi və handan-han dilləndi: “Bu dəllallarla bağlı danışsaq, bizə bir neçə gün vaxt çatmaz”.

Esmira Hidayətova, Mingəçevir.