Mingəçevirdə Aprel şəhidlərinin anım mərasimi keçirilib

0
407

Azərbaycan Ordusunun düşmənin təxribatlarına cavab olaraq tarixi qələbə qazanmasından bir il ötür. Ötən ilin aprel ayında Ermənistan ordusunun çoxlu canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxaran qəhrəman əsgərlərimiz bir neçə düşmən postunu da məhv edərək strateji yüksəklikləri azad etdilər. Bu zaman torpaqlarımızın qorunmasında Azərbaycanın igid oğulları mərdlik, vətənə sadiqlik göstərdilər: düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün canlarından, qanlarından keçdilər.

Aprel hadisələrində Mingəçevir 4 şəhid verdi. Bu gün həmin şəhidlərdən biri Qasımov Teymur Sabir oğlunun il mərasimi olub. Şəhidin anım günündə Şəhidlər Xiyabanında geniş mərasim təşkil olunub. Mərasimdə şəhərin hüquq-mühafizə orqanları, şəhər rəhbərliyi, ictimayyət nümayəndələri, şəhidin yaxınları, ziyalılar, gənclər iştirak ediblər. Xiyabanda təşkil olunmuş mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Daha sonra Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov çıxış edərək Aprel döyüşlərində ermənilərin təxribatına cavab olaraq Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan ətraflı söz açıb və əsgərlərimizin igidliyini yüksək dəyərləndirib.

Mərasimdə ictimayyət nümayəndələri adından Tahir Məmmədov, Qarabağ müharibəsi veteranları adından Əliağa Bəndəliyev, gənclər adından Bəxtiyar Mustafayev çıxış edərək Ali Baş Komandanın əmri ilə hər an torpaqlarımızı azad etmək üçün mübarizəyə hazır olduqlarını bildiriblər.

Esmira Hidayətova, Mingəçevir.