Ağı demək istəyirəm

0
180

Məncə, ağının (zəhər mənasını verən ağı yox a…) nə olduğunu hər kəs bilir. Buna rəğmən, xatırlamaq istəyirəm ki, dörd misradan və hər misrası yeddi hecadan ibarət bayatı şəklində olan ağılar yas mərasimlərində qadınlar tərəfindən avazla söylənilir. Belə şifahi xalq ədəbiyyatının, yaxud el dilində desək, ağız ədəbiyyatının nümunələrində ölümlə, ayrılıqla bağlı qəm, kədər motivləri üstünlük təşkil edir. Amma mən sizə ağılarımı bayatı şəklində demək istəmirəm. Sadəcə, özüməməxsus şəkildə, necə deyərlər, ağıçılıq etmək niyyətindəyəm. Yəqin, bu sahənin biliciləri deyəcək ki, olmaya, sən də qadın libası geyinib bu zəif zümrənin rollarını ifa edən aktyorlara bənzəmək, ad çıxarmaq istəyirsən? Əsla, yox. Sadəcə, bəzi məsələlərə orijinal (yəni təqlidçilikdən uzaq) şəkildə yanaşmaqla, ictimaiyyətin diqqətini onlara yönəltmək istəyirəm. Deyirəm, bəlkə bu orijinal ağıma səs verənlər oldu.

A kişilər, niyə bəs biz ağı demirik? Olmaya, elə zənn edirsiniz ki, bu yalnız qadınlara məxsusdur? Lakin mən belə düşünmürəm. Yəqin, bu məqamda deyəcəksiniz ki, bəs böyük sənətkarımız Sabir deyib ki, ağladıqca kişi qeyrətsiz olur. Mən Sabirin bu fikrini əsla şərh etmək niyyətində deyiləm. Sadəcə, demək istəyirəm ki, o, bu fikri irəli sürəndə ola bilsin ki, konkret hansısa məqamı nəzərdə tutub.

Nə isə… adını unutduğum bir şair demişkən, lap qəzəbi tutsa belə, yerin mənə, göyün mənə, nə deyirsiz deyin mənə, ağı demək istəyirəm.

A kişilər, son illər nəyimiz əldən getmədi? Neçə-neçə rayonumuz, yüzlərlə kəndimiz neçə illərdir ki, ermənilərin tapdağı altında inildəmirmi, ağlamırmı? Bəs biz kişilər indiyədək onlara niyə bir gün ağlaya bilməmişik? Yəqin, deyəcəksiniz ki, filan rayonun işğalı günündə xala xətrin qalmasın yada salırıq da, hətta müxtəlif qurumlara odlu-alovlu bəyanatlar ünvanlayırıq da… Amma onlardan hələ ki bizi qane edən cavab ala bilmirik. Elə bu vəziyyətə yaylıq götürüb ağı tutmaq istəyirəm. Yeri gəlmişkən, neçə ildir ki, bu və ya digər rayonun hər il qeyd olunan işğal günü o yerlərin sakinləri üçün görüş gününə çevrilib. Bax mən belə görüş günlərinə ağı demək istəyirəm. İşğal günü də görüş günü olar?

Mən həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri üçün ağı demək istəyirəm. Məgər görmürsünüzmü onlar neçə illərdir gözümüzə kül atırlar? Kül düşən göz yaşarmazmı? Neçə ildir ki, cəbhə xəttində monitorinqlər keçirirlər. Amma indiyədək keçirilən monitorinqlər, millət vəkili Elman Məmmədov demişkən, heç çürük qoza da dəyməyib, nəticə yoxdur. Yəni ermənilər atəşkəsi pozmaqdadırlar. Demək olar ki, hər gün cəbhə xəttində əsgər itiririk. Onlara ağı demək istəyirəm. Hətta ermənilər ATƏT-in nümayəndələrinə belə atəş açırlar. Əgər bu monitorinqlərin bir nəticəsi yoxdusa, niyə bunu keçirirlər? Bu sadəcə, getdik, baxdıq, gəldikdən başqa bir şey deyil axı? Mən bu gülməli oyunlara ağı demək istəyirəm.

…A kişilər, baxın, hər il yüzlərlə insan çörək dalınca müxtəlif ölkələrə üz tutur. Hansısa harın isə övladının toyuna bu və ya digər ölkənin hansısa müğənnisini gətirmək üçün milyonlar xərcləyir. Havaya sovrulan bu milyonlardan söz düşəndə necə ağı deməyəsən axı? “Ay havaya uçan pullar…” Axı həmin vəsaitlə neçə məktəb, uşaq bağcası tikmək olardı. Ananız ölsün sizin… Bəs onlara biz ağı deməyək, kim deyəcək? A kişilər, mənəvi dəyərlərimiz əldən gedir… Əqidəsini, vicdanını pula satan nadanları, müxtəlif idarə və müəssisələrdə adi bir məsələnin həlli ilə əlaqədar camaatı soyanları görəndə ağı demək istəyirəm… Eh, o qədər ağı deyiləsi nəsnələrimiz var ki…

Bilirəm, bu sətirləri oxuyanda gözlərinizdə yaş da peyda olmayacaq. Heç mənim də məqsədim sizi ağlatmaq deyil. Yenə qayıdaq Sabirin dediyinə, yəni “ağladıqca kişi qeyrətsiz olur”a… Bəs bunlara dözdükcə kişi necə olur? Mən bu suala birmənalı cavab verməklə sizi özümdən narazı salmaq istəmirəm. Odur ki, deyirəm, bəlkə bu sualıma elə özünüz cavab verəsiniz, hə?

Qvami Məhəbbətoğlu