İncəsənət Gimnaziyasında Hacı Malik Xəlil Ağagüloğlu ilə görüş keçirilib

0
284

Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasında həkim-şair Hacı Malik Xəlil Ağagüloğlu ilə ədəbi-bədii poeziya görüşü keçirilib. Hacı Malik Xəlil Ağagüloğlunun məzunu olduğu bu təhsil ocağında təşkil olunmuş tədbirə onunla bağlı hazırlanmış video-carxla start verilib. Daha sonra aparıcı – İncəsənət Gimnaziyasının teatr şöbəsinin müdiri Hicran xanım Sadıqzadə həkim-şairin həyat yolu və fəaliyyətindən söz açıb. O həmçinin hər bir şagirdə belə bir mənalı həyat yolu arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, həkim-şairin müəllimi olmuş Elxan Məmmədov, həmçinin şairin sinif yoldaşı Vahid Məmmədov onunla bağlı xatirələrini bölüşüblər. Həkim-şairlər – Zakir Ağdamlı, Firdovsi Hacıyev isə həmkarlarının yaradıçılığından ətraflı söz açıblar. “Borçalı” qəzetinin baş redaktoru, “Qafqaz-Media” İctimai Birliyinin rəhbəri, şairə Hacı Azadə – Taleh Abbas qızı Hacı Malik Xəlilovun insanı dəyərlərindən danışıb.

Tədbir çərçivəsində təqdim olunan Hacı Malik Xəlil Ağagüloğlunun “Kaş ki qayıtmayaydım!…” povesti və “Bir ana tanıyıram” şeiri əsasında hazırlanmış səhnəciklər maraqla qarşılanıb. Şair-bəstəkar-müğənni Zəka Vilayətoğlu isə şairin sözlərinə bəstələdiyi iki mahnı -“Gözüm tutdu bir gözəli” və “Sən olmayanda” ilə tədbir iştirakçılarına daha da unudulmaz anlar yaşadıb.

Görüşün sonunda Hacı Malik Xəlil Ağagüloğlu musiqi sədaları altında yeni şeirlərini oxuyub. Görüş iştirakçıları onun hər bir şeirini alqışlarla qarşılayıblar. Həkim-şairin həyat yoldaşı Asəfli Turan xanım isə belə bir görüşü təşkil etdiklərinə görə məktəb rəhbərliyinə minnətdarlığını bildirib.

Məlumat üçün bildirək ki, Hacı Malik Xəlil Ağagüloğlu Şabran Mərkəzi Xəstəxanasının həkimidir. İndiyədək onun 6 kitabı nəşr olunub.

Qvami