Bəşəriyyət onsuz da süniləşir

0
143

Bu günlərdə bir xəbər diqqətimi cəlb etdi. Həmin xəbərdə deyilirdi ki, bəs hansısa şirkət heyvanları və quşları öldürmədən onların ətlərinin dadını verəcək süni qida istehsalına start verib. Bu məqsədlə xüsusi laboratoriyalarda süni toyuq və mal ətləri hazırlanacaq. Bu yerdə deyiblər e… Mazandaranda çaqqal az idi, biri də paroxodla gəldi… Hə, lap unutmuşdum, həm də yazılmışdı ki, bəs şirkətin bu icadının elmdə və qida sənayesində inqilab yaradacağı gözlənilir. Bəli, indiyədək kifayət qədər süni məhsullar dövriyyəyə buraxılıb (Bir müddət əvvəl də Çində saxta düyüdən sonra saxta yumurta istehsalı ilə bağlı məlumatlar da gündəmi başına almışdı). Bu yerdə hələ neçə illər öncə oxuduğum bir məlumat yadıma düşdü. Amerika alimi R. Uayt meymunun beynini bədənindən ayrı uzun müddət yaşatmağa nail olmuşdu. Ötən əsrin 60-cı illərində bu məsələ ilə əlaqədar beynin köçürülməsi problemi üzrə dünya filosofları arasında böyük mübahisələr gedirdi. O zaman Bəxtiyar Vahabzadə bununla bağlı “Baş” şeiri ilə çıxış etmişdi.

Səhv etmirəmsə həmin şeir bu misralarla başlayırdı:

Qəribə aləmdir… zəmanəmizdə

İdrak təbiətlə yarışa girmiş…

Böyrək də,

ürək də,

qulaq da,

göz də

Bədəndən bədənə köçürülərmiş…

Daha sonra şair yazırdı:

Bu da bəşər üçün təzə təhlükə!

Mənə elə gəlir ki, Bəxtiyar müəllim sağ olsaydı və bu məsələ ilə bağlı şeir yazsaydı onu da bəşər üçün təhlükə adlandırardı. Bu öz yerində…

Saxta anlamı verən bu sünilik dövrümüzün bəlasına çevrilməkdədir. Bilmirəm, fikir vermisiniz, ya yox… Son illər uşaqlar yaşlarına uyğun olmayan xəstəliklərə düçar olurlar. Təbii ki, bu da onların ana südü əvəzinə tərkibində konservativ və konserigen maddələr olan qidalar qəbul etməsindən qaynaqlanır. Bu sirr deyil ki, ana südünün bir sıra xəstəliklərin qarşısının alınmasında möcüzəvi təsirləri var. Bir də… ana südü ilə qidalanan uşaqlarda məhəbbət, insani hisslər daha güclü olur.

Bəli, bu gün bəşəriyyət saxtakarlığa – süniliyə doğru gedir. Eşitdiyimə görə, alimlər laboratoriya şəraitində süni insanlar da yetişdirməkdədirlər. Mənim fikrimcə, alimlər bu sahədə baş sındırmasalar yaxşıdır. Çünki buna əsla ehtiyac yoxdur. Onsuz da bəşəriyyət bu kimi süniliklərlə qidalanmaqla, bəzənib-düzənməklə öz-özünə “təbii yolla” süniləşməkdədir.

Qvami Məhəbbətoğlu