80 yaşlı Cahangir kişinin təsəllisi

0
214

80 yaşlı Goranboy rayon sakini Cahangir Quliyev dünyasını dəyişmiş sevdiyi qadına qeyri-adi sadiqlik nümayiş etdirib. Bəs bu qeyri-adilik nədən ibarətdir?

Bu günlərdə Cahangir kişi ilə həmsöhbət olduq. O, bildirdi ki, 4 il öncə yarım əsrə qədər birgə yaşadığı ömür-gün yoldaşı dünyasını dəyişib: “Mən onun məzar daşına nə şeir yazdırdım, nə də bir hikmətli kəlam… Ondan ayrı qalmamaq üçün xanımıma məzar daşı hazırladan zaman öz şəklimi də onun baş daşına həkk elətdirdim. Dedim, qoy hər yerdə birgə olaq. Düzdür, bu addımım bəzilərini təəccübləndirdi. Mən onlara izah etdim ki, bunu təsəlli üçün etmişəm. Bu yaşda həyat yoldaşını itirmək kişi üçün böyük bir dərddir. Oğula, gəlinə möhtac qalırsan”.

O həmçinin həyat yoldaşının uyuduğu məzarlığa mütəmadi gəldiyini də vurğuladı: “Bala, demək olar ki, mən hər gün bu məzarlığa gəlir, onunla, əgər belə demək mümkünsə, dərdləşirəm. Hərdən də məzarının ətrafında təmizlik işləri aparıram. İnandırım sizi, onu ziyarət etməyəndə özümü pis hiss edirəm. Elə bilirəm ki…” Fikrini tamamlaya bilməyən Cahangir kişi: “Həyat yoldaşımdan cismən ayrılsam da, rühən onunlayam”, – deməklə özünə uyğun şəkildə söhbətini davam etdirdi.

Cahangir kişi daha sonra söylədi: “Biz istəkli olub ailə qurmuşuq. Yəni bir-birimizi çox sevmişik. Məni bu sevgidən ölüm ayırdı. Onu da deyim ki, 54 il öncə ailə qurmuşduq”.

Esmira Hidayətova, Goranboy.