Azərbaycan jurnalistikası inkişaf yolunda

0
193
139 il bundan əvvəl Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ağır sınaqlara məruz qalıb. Amma o, hər çətinliyə dözüb, daha mübariz olub. Əqidədaşlarından birinin söylədiyi kimi, “dünyaya ac gəlib, ac getsə də” adı tarixə düşüb. Bu mübarizəni sonrakı illərdə “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “İrşad”, “Kaspi”,  “Molla Nəsrəddin” kimi qəzet və jurnallar davam etdiriblər. Onu da qeyd edək ki, ilk mətbuat orqanımız olan “Əkinçi” həm də ölkəmizdə jurnalistika ənənəsini formalaşdırıb. Bu mənada o, Azərbaycanın tarixi abidəsidir.
1918-ci ildə ölkəmizin müstəqillik qazanması milli mətbuatımızın inkişafına təkan verib. Belə ki, həmin illərdə ilk dövlət qəzetimiz fəaliyyətə başlayıb, eləcə də digər müstəqil mətbuat orqanları nəşr olunub (O dövrdə Üzeyir bəy və Ceyhun bəy Hacıbəylilər, Cəfər Cabbarlı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və başqaları jurnalistikamızın inkişafına öz töhfələrini veriblər). Demokratik Cümhuriyyət dövründə jurnalistikamız, sözün həqiqi mənasında, demokratik meyarlarla inkişaf edib. Yetmişillik sovet dövründə isə kommunist ideologiyasına xidmət göstərsələr də, bu illərdə bir çox peşəkar jurnalistlərimiz də yetişiblər.

Bu gün Azərbaycan mətbuatı, jurnalistikası özünün yeni inkişaf mərhələsini yaşayır. Şübhəsiz, jurnalistikamızın yeni inkişaf yoluna çıxmasında ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir. Belə ki, “Sivil və güclü dövlət quruculuğuna yol azad mətbuatın inkişaf etdirilməsindən keçir”, – deyən ulu ondər 1998-ci ildə mətbuat üzərindəki senzuranı ləğv etdi. Bununla da mətbuatımızın inkişafında, sözün həqiqi mənasında, dönüş yaratdı. Onu da qeyd edək ki, ulu öndərin bu addımı həm də bir çox başqa ölkələr üçün örnək oldu. Yeri gəlmişkən, hələ o illərdə ulu öndərin bu addımını yüksək qiymətləndirən “Nyu-York Tayms” qəzeti yazırdı ki, Azərbaycanda senzuranın ləğvi azad, müstəqil mətbuatın, jurnalistikanın formalaşmasında həlledici rol oynadı. Qəzet və jurnalların “Azərbaycan” Nəşriyyatına olan borclarının dondurulması, Mətbuat Şurasının yaradılması və sairə kimi addımlar da jurnalistikamıza öz töhfəsini verdi. 1999-cu ilin sonunda qəbul olunmuş “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanunu mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə çox böyük xidmət göstərdi. Bu sənəd ölkəmizdə mətbuatın, jurnalistikanın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Bir sözlə, Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun sözləri ilə desək, əgər Həsən bəy Zərdabi Azərbaycanda milli mətbuatın əsasını qoydusa, ümummilli lider Heydər Əliyev Azərbaycan mətbuatı üzərindən bütün tənzimləmə və təsir mexanizmlərini yığışdırdı, onu dinamik inkişaf yoluna çıxartdı və jurnalistikamızın hərtərəfli inkişafı üçün əlindən gələni etdi.

Sonrakı illərdə mətbuata göstərdiyi qayğıya görə “Jurnalistlərin dostu” adına layiq görülmüş ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkili ölkəmizdə jurnalistikanın inkişafına növbəti dəstək oldu. Halbuki dünyanın heç bir ölkəsində dövlət tərəfindən KİV-lərə, jurnalistikaya maliyyə yardımı göstərilmir. Hətta jurnalistlərimizin həyat şəraitini yaxşılaşdırmaq üçün onların mənzil problemi də diqqətdən kənarda qalmadı. Ötən il jurnalistlərə mənzillərin verilməsi, daha yeni bir binanın özülünün qoyulması, gələcəkdə “jurnalist şəhərciyi” yaradılacağına dair möhtərəm Prezidentin məlum açıqlaması bunun bariz nümunəsidir. Yeri gəlmişkən, ölkə başçısının bu sözlərini xatırlatmaq yerinə düşərdi: “Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu vardır və bu rolu yüksək qiymətləndirirəm”.

 “Jurnalistin mövqeyi möhkəmləndi”

Bəli, son 20 ildə ölkəmizin sürətli inkişafı mətbuata, jurnalistikaya da öz təsirini göstərib. Hətta mən deyərdim ki, ötən bu müddətdə  jurnalistika cəmiyyətimizin digər sahələri ilə müqayisədə daha çox irəliyə gedə bilib. Onu da demək istəyirəm ki, bu, sadəcə, xoş sözlər deyil, həqiqətdir. Əgər 15-20 il bundan əvvəlki qəzetləri vərəqləsək, görərik ki, onlarda daha çox böhtan, təhqir mövzuları üstünlük təşkil edirdi. Ancaq son illər belə yazıların sayı xeyli azalıb.

Bu illərdə mətbuata münasibət yaxşılığa doğru dəyişdi, jurnalistikanın yeri, mövqeyi möhkəmləndi. Bununla belə, jurnalistlər də öz məsuliyyətlərini dərk etdilər. Jurnalistika ictimai-siyasi proseslərə təsir edən, ictimai rəyi formalaşdıran institut kimi qəbul olundu. Bu çətin və şərəfli yolun fədailəri Azərbaycan jurnalistikasını dördüncü hakimiyyət səviyyəsinə yüksəldə bildilər (Onu da qeyd edək ki, bunun nəticəsidir ki, bu gün bizim Aqil Abbas, Elmira Axundova kimi jurnalistlərimiz hətta Milli Məclisdə təmsil olunurlar). “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədlinin sözləri ilə desək, Azərbaycan cəmiyyəti dünyaya inteqrasiya elədikcə, yeni dəyərlərin hamısı mətbuatda özünü göstərdi: “Demokratik dəyərlər daha çox jurnalistikada möhkəmləndi, bundan sonra özünü siyasi partiyaların, vətəndaş cəmiyyətinin timsalında göstərdi. 20 il inkişaf dövrü Azərbaycan mətbuatının simasını dəyişdi. Əgər bir neçə il öncəyə kimi mətbuata qeyri-ciddi peşə kimi baxılırdısa, indi jurnalistika öndə gedən bir peşə olmaqla yanaşı, davamlı iş yerinə çevrilib”.

Bəli, bir zamanlar, daha doğrusu, 20 il əvvəl jurnalistikaya kütləvi axın vardı. Məhz bu kütləvi axın jurnalistikamızın əsas hədəflərdən yayınmasına gətirib çıxarırdı. Bunun qarşısını almaq məqsədi ilə Azərbaycan Mətbuat Şurasında reket jurnalistikaya qarşı mübarizə məqsədi ilə yaradılmış komissiya bu sahədə müəyyən təmizləmə apardı, onlarla qəzet “qara siyahı”ya düşdü.

Artıq hiss olunur ki, jurnalistikamız daha da sağlamlaşmağa doğru gedir. Bu gün jurnalistikamızda yeni sahə kimi tanınan internet jurnalistikası da ölkəmizdə sürətlə inkişaf edir. Yeri gəlmişkən, qeyd edək ki, indi internet istifadəçilərinin sayı 70 faizdən çoxdur.

Demək olar ki, dünyanın müxtəlif ölkələrinin mediası ilə rəqabət apara biləcək Azərbaycan mediası  formalaşmaqdadır. Bölgənin ən qabaqcıl media nümunələri məhz bizim ölkəmizdə formalaşır və dünyaya ciddi media nümunələri sərgiləyir. Hazırda jurnalistikamızın əsas təşkilatı olan Mətbuat Şurası YUNESKO-nun Moskva ofisi, Beynəlxalq Media Müdafiə Təşkilatı, Beynəlxalq Mətbuat İnstitutu kimi qurumlarla, eləcə də bir sıra ölkələrin jurnalist təşkilatları ilə əməkdaşlıq edir.

İndi ölkəmizin yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu məsələdə dövlətimizin dəyişməz mövqeyi dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edilir. Təbii ki, bu prosesdə jurnalistikamızın da üzərinə müəyyən öhdəliklər düşür. Bəli, Dağlıq Qarabağ problemi ümummilli məsələdir. “Bütün Azərbaycan xalqı birləşərək bu məsələni həll edə bilər”,- söyləyən dövlət başçısı eyni zamanda bildirir ki, həm ölkə daxilində, həm də beynəlxalq media nümayəndələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparılmalıdır. Dağlıq Qarabağ problemi gündəlik işimiz olmalıdır. Azərbaycan həqiqətlərinin faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırılması ölkəmizin diplomatik mübarizədə qələbəsini şərtləndirən əsas amillərdəndir. Buna görə də jurnalistlər bu istiqamətdə səylərini daha da artırmalıdırlar.

Təsadüfi deyil ki, ölkə üçün uğurla həyata keçirilən media siyasətinin böyük bir ordunun işini görməyə qadir olmasını ABŞ-ın məşhur siyasi xadimlərindən biri olan Zbiqnev Bzejinski də xüsusi vurğulayaraq belə deyib: “Biz SSRİ ilə  apardığımız “soyuq müharibə”ni dövlət siyasəti səviyyəsində həyata keçirdiyimiz azad media siyasəti vasitəsilə udduq. Azad media güclü və qüdrətli dövlət deməkdir”.

Müəyyən problemlər var

Amma jurnalistikamız bütün bunlarla yanaşı, nöqsanlardan da xali deyil. Bəzən jurnalistikada qruplaşma meyilləri özünü göstərir. Bəzən bu da müzakirə mövzusu olur. Amma mənim fikrimcə, bu, təbiidir. Çünki bu və ya digər məsələyə yanaşmalarda müxtəlif fikirlər ola bilər. Kimsə kiminsə fikirləri ilə razılaşmaya bilər. Amma müşahidələrimə əsasən deyə bilərəm ki, bizim jurnalistlər əsas amallar ətrafında daim bir yerdə olmağa can atırlar.

Bəli, indi nədənsə mətbuat səhifələrində bədii-publisistika janrına, Mirzə Cəlil felyetonlarına rast gəlinmir. Halbuki ötən əsrin səksəninci illərində Mürşüd Dadaşov, Rizvan Cəbiyev, Fazil Abbasov kimi felyeton ustalarımız var idi. Bu gün isə bu janr yox olmaqdadır. Mətbuatda oçerkə də rast gəlmək mümkün olmur. Digər tərəfdən, bəzi jurnalistlərimiz fərdi üsluba yiyələnməkdə də çətinlik çəkirlər.

Vaxtilə H. Zərdabi qəzetin, mətbuat və jurnalistikanın vəzifəsini müəyyənləşdirərək deyirdi ki, “qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nikibədindən xəbərdar olub, onun əlacının dalıncan olsun”. Milli Məclisin deputatı, tanınmış yazar Bəxtiyar Sadıqovun təbirincə desək, bu mərhələyə çatmaq üçün qələm sahibi jurnalistikadan adlayaraq publisistikaya çatmalıdır. Publisistikada isə fərdi üslubda, hadisəyə yanaşmada, deyim tərzində öz yolunu tapmalıdır.

Çatışmazlıqdan söz düşmüşkən, onu da qeyd edim ki, bu gün əyalət jurnalistikasının da müəyyən problemləri var. Məsələn, şimal bölgəsində mətbəə yoxdur. Nə qədər qəribə olsa da, bu gün sahibkarlar ticarət obyektləri açmaqda daha çox maraqlıdırlar. Lakin nədənsə onlardan heç biri mətbəə yaratmaq barədə düşünmür. Görünür, onlar mətbəəyə gəlirsiz sahə kimi baxırlar. Halbuki təxmini hesablamalarıma görə, mətbəənin gəliri bu və ya digər ticarət obyektinin gəlirindən bir neçə dəfə çox ola bilər. Fikrimcə, biznesmen jurnalistlərin fəaliyyətinə imkan yaratmaqla bu kimi işləri də yoluna qoymaq olar. İkinci bir məsələ: bölgə mətbuatını, jurnalistikasını dirçəltmək və yaşatmaq üçün reklamlar (doğrudur, bu problem paytaxtda fəaliyyət göstərən mətbuat orqanlarında da özünü göstərir) önəmlidir. Lakin bəzən elə qadağalar olur ki… Məsələn, əyalət qəzeti məktəb həyatı ilə bağlı hər hansı bir şəxsin bu və ya digər sənədi itdikdə bununla bağlı məlumat çap edə bilmir. Deyirlər ki, həmin sənədlər filan qəzetdə dərc olunmalıdır. Mülkiyyətlə bağlı elanlarla da belə bir problem yaşanır. Halbuki belə şeylər KİV haqqında qanuna ziddir. Yaxşı olardı ki, onlara müsabiqəsiz maliyyə yardımı ayrılsın. Bu kimi yardımların subsidiyalar, sosial reklamlar şəklində olması mümkündür. Lakin onu da deyim ki, bu sahədə bölgə mətbuatının özündən qaynaqlanan problemlər də  var. Məsələn, sahibkar istəyir ki, yeni gətirdiyi məhsulunu bir neçə günün içində reklam etdirsin. Ancaq rayon qəzetləri ayda iki, yaxud bir dəfə çıxdığından bu addımı ata bilmir. Yəni sahibkar oturub on, yaxud on beş gün gözləyəsi deyil ki? Bu kimi nüansları nəzərə alaraq, əyalətlərin mətbuat orqanları aylıq saylarını artırmaq barədə düşünməlidirlər. QVAMI MƏHƏBBƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 139 illiyi ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim etmək üçün.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here