Sənət aləmimizin Səfası

0
297

Bu gün Xalq artisti Səfa Qəhrəmanovun anadan olmasından 68 il ötür…

Ağcabədi mədəniyyətimizə Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Yaqub Məmmədov, Qəzənfər Abbasov, Sahibə Əhmədova kimi xanəndələr verib. Elə Səfa Qəhrəmanov da bu yurdun övladı idi. Bəli, 59 il ömür sürmüş (yaşasaydı bu yazda o, 68 yaşını qeyd edəcəkdi) Səfa Qəhrəmanov da onlar kimi musiqi sənətinə öz töhfəsini verməyə bacardı.

Ötən ilin 70-ci ilinin payızında Yaşıl Teatrda keçirilən “Qızıl payız” muğam festivalında Xan Şuşinski, Əhməd Bakıxanov, Sahib Şükürov, İslam Rzayev, Adil Gəray kimi sənətkarların imtahanından “Mənsuriyyə” ritmik muğamı ilə uğurla çıxan Səfa Qəhrəmanov əbədi olaraq bu sənətə bağlandı. Əhməd Bakıxanov gənc xanəndənin oxuduğu “Çahargah” muğamına qulaq asandan sonra isə: “Oğul, səndən feldşer olmaz. Allah səni bu sənət üçün yaradıb, sənin səsin daha çox operaya uyğundur”, – deyir. Məhz bundan sonra o, bir-birindən uğurlu nailiyyətlərini sıraladı.

Səfa Qəhrəmanov1992-ci ildə ilk dəfə Opera və Balet Teatrının səhnəsində Qəndab Quliyeva ilə “Leyli və Məcnun” operasında çıxış etdi. Bu sənət məbədində on altı illik fəaliyyətində Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Məcnun, İbn Səlam, Məcnunun atası, M. Maqomayevin “Şah İsmayıl” operasında Şah İsmayıl, V. Adıgözəlovun “Natəvan” operasında xanəndə, Niyazinin “Rast” simfonik muğamı əsasında hazırlanan baletdə xanəndə və neçə-neçə obrazlar yaratdı.

Əməkdar müəllim Qəzənfər Abbasovun sözlərinə görə, Əməkdar müəllim, ustad xanəndə Nəriman Əliyevin (o mənim də müəllimim olub) muğam sinfini bitirmiş Səfa Qəhrəmanov yüksək səs diapozionuna malik xanəndələrimizdən biri idi: “Onun reperturarında, demək olar ki, bütün muğamlarımız vardı. Xüsusilə “Çahargah”ı, “Heyratı”nı, “Simayi-Şəms”i, “Mirzə Hüseyn”i alayı bir şövqlə ifa edərdi. Bəzi məclislərdə ona hər hansı bir muğam dəstgahını xahiş edib dəfələrlə oxutdurardılar. Xanəndə bundan bezməz, əksinə zövq alardı. Bu yerdə yadıma bir tədbir düşdü: Yaqub Məmmədovun anım günü ilə bağlı Ağcabədiyə yollanmışdıq. Orada “Segah”i elə ifa elədi ki, inandırım sizi, tədbir iştirakçıları hamı bir ağızdan “afərin” dedilər. Opera səhnəsinin də solisti olmu Səfa Qəhrəmanov gənc xanəndələrə də həmişə əl tutardı. Yəni bildiklərini – muğamın sirlərini ruh yüksəkliyilə, məmnuniyyətlə onlara öyrədəri. Hətta balacalarla “Leyli və Məcnun”u da hazırlamışdı”.

Daha sonra Səfa Qəhrəmanovla dəfələrlə toylarda olduqların xatırladan Qəzənfər müəllim onun digər insani xüsusiyyətlərindən də söz açdı: “O, çox qonaqpərvər idi. Yolumuz Ağcabədi tərəflərə düşəndə həmişə bizi öz ata ocağına aparardı. Heç vaxt yaxşıya pis deməz, sözün düzünü dilə gətirərdi”.

Qvami