“Gənclər paytaxtı”nda festival keçirilib

0
223

İyulun 8-də Qubada Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə təşkilatçılığı ilə müasir Olimpiya hərəkatının yaranması və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunmasının 120 illiyi münasibətilə gənclərin Olimpiya və sağlamlıq festivalı keçirilmişdir.
Şəhərin mərkəzindəki Nizami parkında təşkil olunmuş təntənəli mərasimdə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, rayon rəhbərliyinin, ictimaiyyətin nümayəndələri, eləcə də gənclər, idmançılar iştirak etmişlər.
Mərasimdə Quba Rayon Gənclər və İdman idarəsinin rəisi Nöhbala Mustafayev çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından və idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışmışdır. Bildirilmişdir ki, Olimpiya və sağlamlıq festivalının 2014-cü il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilmiş Qubada təşkili mühüm əhəmiyyətə malikdir. Bu kimi tədbirlərin bölgələrdə təşkili regionlarda idmanın kütləviliyinin təmin olunması üçün olduqca vacibdir.
“İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov festivalın əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin əsas məqsədinin Olimpiya hərəkatı və sağlam həyat tərzini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri bu istiqamətdə həvəsləndirməkdən ibarət olduğunu diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, gələn il Bakı şəhərində təşkil olunacaq birinci Avropa Oyunları zamanı dünyanın diqqəti Azərbaycan paytaxtına çevriləcəkdir. Ölkəmizdə Olimpiya hərəkatının inkişaf etdiyini diqqətə çatdıran natiq atletlərimizin Olimpiya Oyunlarındakı uğurlu çıxışından danışmışdır.
Festival çərçivəsində idmançıların nümunəvi çıxışlarına baxış keçirildikdən sonra kütləvi qaçışa start verilmişdir. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda veteranlar arasında Novruzəli Murtuzov, qızların qaçışında Nigar Nağıyeva, oğlanların mübarizəsində isə Hüseyn Cəfərov birinci olmuşlar.
Qaliblərə sertifikatlar və xatirə hədiyyələri təqdim olunmuşdur.
Tədbir konsert proqramı ilə davam etmişdir.
İştirakçılar kütləvi qaçışla yanaşı, şən oyunlarda, o cümlədən idmanın müxtəlif növlərində güclərini sınamışlar. 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here