Şeyx Şamilə görə cəzalandırılmış alim (3)

0
252

 

Sara xanım 1950-ci ilin fevral ayında atasının Mircəfər Bağırovun yanına çağırılması barədə belə deyir: “Fevralın 14-dən 15-nə keçən gecə atamın Bağırovun yanına çağırıldığını bildirdilər. Atam dərhal onun qəbuluna getdi.
   Bağırov atamla söhbətində ondan tələb edib ki, o, Şeyx Şamili türk və ingilis casusu adlandırsın. Ancaq atam bundan imtina edərək deyib ki, onun vicdanı belə şeylərə yol verə bilməz. O, Bağırovun yanından qayıtdıqdan sonra artıq onun taleyi həll edilmişdi. Atam faktiki olaraq ev dustağına çevrilmişdi. Evimizin yanında gecə-gündüz xüsusi xidmət orqanlarının əməkdaşları növbə çəkirdilər”.Mircəfər Bağırovla Heydər Hüseynov arasındakı söhbət sonuncuya baha başa gəldi. Belə ki, Mircəfər Bağırov və onun ətrafındakıların tələbi ilə Heydər Hüseynov 1950-ci ilin fevral ayında partiya sıralarından xaric edildi. Buna paralel olaraq, onu Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti və digər vəzifələrdən azad etdilər. Bu isə ən azından Heydər Hüseynov üçün sürgün hazırlığı anlamına gəlirdi. Eyni zamanda Heydər Hüseynovun guya son kitabının dövlətə xəyanət olması barədə “qəzəblənmiş” zəhmətkeşlərin adından Moskvaya şikayət məktubları göndərildi. Həmin insanların çoxu, ümumiyyətlə, Heydər Hüseynovu tanımırdı. 1950-ci ilin mart ayında Bağırovun təşəbbüsü ilə keçirilən xüsusi toplantıda Heydər Hüseynova verilən Stalin mükafatının ləğv edilməsi barədə qərar qəbul edildi. Buna əsas kimi “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” kitabında Şeyx Şamil və müridizm hərəkatına aid yazılan fikirlər oldu.1950-ci ilin may ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin büro iclası çağırıldı. İclasda “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” kitabı kəskin şəkildə tənqid edildi. Bununla əlaqədar Heydər Hüseynovun ünvanına söylənilən tənqidlərdə deyilirdi ki, onun əsərində Qafqaz fəlsəfi fikri tədqiq edilmiş və səhv nəticələr çıxarılmışdır. “Heydər Hüseynov kitabda İmam Şamili mütərəqqi və demokratik lider, həmçinin azadlıq fenomeni kimi göstərib. Bu da marksist ideyasına ziddir. Şamil millətçi hərəkatının nümayəndəsi və türk sultanı və ingilis maraqlarına xidmət edən şəxs olub”. Eyni zamanda qeyd edilir ki, kitabda müridizmin təbliği yer alıb və sufizm təqdir edilib. Bunun ardınca SSRİ ədəbiyyat və incəsənət sahəsində Stalin Mükafatları Komitəsi qarşısında Heydər Hüseynovun kitabının mükafatdan məhrum edilməsi barədə məsələ qaldırırılır. Yenə də buna səbəb kimi filosof alimin “ingilis və türk casusu” Şeyx Şamili xalq qəhrəmanı kimi qələmə verməsi və müridizmi təqdir etməsi göstərilir. O, pantürkizmdə, millətçilikdə və sosializm ideologiyasına düşmən mövqe tutmaqda günahlandırılır.

əslində alimə qarşı irəli sürülən bu ittihamlar SSRİ-nin tanınmış filosoflarının iştirakı ilə araşdırılmalı və bundan sonra müvafiq qurumlara yekun rəy təqdim edilməli idi. Amma Stalin xofu Moskvada da çoxunun həqiqəti söyləməsinə imkan vermirdi. Ona görə də SSRİ Nazirlər Komitəsi Heydər Hüseynovun Stalin mükafatından məhrum edilməsi barədə Bakının müraciətinə müsbət cavab verdi.

1950-ci il iyul ayının 14-də Bakı Partiya Komitəsinin iclasında Heydər Hüseynovun ünvanına daha kəskin və sərt tənqidlər və təhqirlər səsləndirildi. O, xalq düşməni elan olundu, millətçilikdə, burjuaziyaya xidmət göstərməkdə, pantürkist və panislamist ideyaları təbliğ etməkdə günahlandırıldı. Ona qarşı Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham irəli sürülmüşdü. Bu maddələrin hər birində 20 il həbs cəzası nəzərdə tutulmuşdu. Bu isə ən azından akademikə ümumilikdə 60 il iş verilməsi demək idi. Bütün bunlar Heydər Hüseynovda ağır izlər buraxmışdı. O, işdən çıxarıldıqdan sonra özünə qapılmışdı və uzun müddət iş otağından kənara çıxmırdı. O, baş verən hadisələri ailəsindən gizlətməyə cəhd edir və onları narahat etmək istəmirdi. Digər tərəfdən də, ən yaxın dostları belə  Heydər Hüseynovdan kənar qaçır, onunla görüşməkdən qorxurdular. Filosof alimin qızı Sara xanım bununla əlaqədar: “Atamın yaxın dostları çox idi, ancaq onlardan yalnız 4 nəfəri özündə cəsarət taparaq baş verən hadisələrlə bağlı ailəmizə təsəlli verməyə gəlmişdi. Buna görə də onlar – Rəşid Nurullayev, Hüseyn Bakıxanov, Elşad əliyev və İmran Seyidov təzyiqlərə və təhqirlərə məruz qaldılar”, -deyir.

Həmin dövrdə Heydər Hüseynova daha bir gözlənilməz yardım əli uzadıldı. Belə ki, Hüseynov tutduğu vəzifəsindən azad olunandan sonra Rusiya Elmlər Akademiyasının Dağıstan filialının direktoru, SSRİ Elmlər Akademiyasının müxbir üzvü Həbibulla əmirxanov alimi öz yanında işə dəvət etdi. Lakin Heydər Hüseynov onun bu təklifini qəbul etmədi. Çünki o bilirdi ki, rejim onu dünyanın o biri başında olsa belə, axtarıb taparaq cəzalandıracaq. Burada bir haşiyə çıxaraq onu da deyək ki, Heydər Hüseynovun Şamili milli azadlıq mücadiləsinin qəhrəmanı kimi qələmə verməsi və onun azadlıq mücadiləsini təqdir etməsi Dağıstanda və bütün Qafqazda alimə qarşı böyük rəğbət və sevgi doğurmuşdu. Hətta Dağıstanda və ona qonşu olan muxtar qurumlarda Hüseynovun açıq müdafiəsinə qalxan tanınmış alimlər və ictimai xadimlər belə olmuşdu. Amma totalitar rejimdə həmin alimlərin haqq səslərini eşidən olmadı. əksinə, onları sovet düşmənləri kimi addımbaaddım izləməyə başladılar.

Buna baxmayaraq, bu günün özündə belə Şeyx Şamilllə bağlı söylədiyi fikirlərə görə Heydər Hüseynov Dağıstanda məhəbbətlə xatırlanmaqdadır. Bunu 1997-ci ildə Bakıda keçirilən beynəlxalq konfransda Dağıstanın o dövrdəki rəhbəri Muxu əliyevin dedikləri də sübut edir. Muxu əliyev konfransdakı çıxışında: “Heydər Hüseynov o qəhrəmanlardandır ki, milli azadlıq mücadiləsinə gedən yol onların sümükləri üzərindən keçir”,- demişdi.

Zənnimizcə, onun bu sözləri Heydər Hüseynovun vətənpərvərliyinə verilən ən böyük qiymət, onun çəkdiyi zəhmətin hədər getməməsi deməkdir.

Heydər Hüseynovu həmin dövrdə daha çox iki fikir ciddi şəkildə narahat edirdi. Bu da özünün həbsi zamanı işgəncələrlə yoldaşları əleyhinə hansısa ifadələr almaq, bir də ailəsinin sürgünə göndərilməsi idi. Bütün bunlara yol verməmək üçün o özünə sui-qəsd etmək fikrinə düşmüşdü. Yenə də Sara xanımın xatirələrindən məlum olur ki, filosofun anası oğlunun özünü öldürməsinə  yol verməmək üçün  onun hər addımını nəzarətdə saxlayır, gözündən kənara qoymurmuş. Buna baxmayaraq, Heydər Hüseynov 1950-ci il, avqust ayının 15-də fürsət  taparaq damarlarını doğrayır və çoxlu qan itirmədən dünyasını dəyişir.  Heydər Hüseynovun dəfnində bir sürücüsü, bir də ata qohumlarından bir kişi iştirak edib. Digərləri onun dəfnində iştirak etməyə cəsarət edə bilməyiblər. Dəfndən sonra  həyat yoldaşı  3 qızı ilə tək qalıb və çox çətinliklə ailəsini saxlaya bilib. Çünki onara heç kimin kömək eləməyə cəsarəti çatmayıb. Yalnız alimin keçmiş tələbələrindən biri ailəyə yardım əlini uzadıb, onu da dərhal buna görə işdən azad ediblər. Stalin vəfat edəndən sonra Heydər Hüseynova bəraət veriblər. 1958-ci ildə alimi layiq olduğu yerdə –  Fəxri xiyabanda dəfn ediblər.

Sonrakı illərdə isə akademikin adı həmişə xoş xatirələrlə anılıb. Prezident İlham əliyevin imzaladığı xüsusi sərəncamla görkəmli filosof alim, SSRİ Dövlət Mükafatı laureatı, akademik Heydər Hüseynovun anadan olmasının 100 illiyi 2008-ci ildə təntənəli şəkildə qeyd edilib. Əziz Mustafa

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here