Üzeyir bəy Novruzu çox sevərdi

0
531

Xalqımızın dahi oğlu, cahanşümul Üzeyir bəy Hacıbəyli min illərin sınağından çıxmış Novruz bayramına xüsusi rəğbətlə, məhəbbətlə yanaşardı. Hər il bənövşə ətirli, bahar təravətli Novruzu çox təmtəraqla qarşılayardı. Üzeyir bəy deyərdi ki, Novruz – bayramların tacıdır, təbiətin oyanışıdır. Novruzda təzə həyat başlanır. Qış yuxusundan ayılan təbiət cana gəlir. Novruzun tərcüməsi də elə “yeni həyat” deməkdir. Bu barədə saytımıza üzeyirbəyşünas Səadət xanım Qarabağlı məlumat verib. O daha sonra deyib: “Üzeyir bəygilin bayram süfrəsi həmişə çoxlu adamlarla – qonaqlarla əhatə olunardı. Bu əziz günlərdə dahi sənətkarın ocağına xalqımızın görkəmli şəxsiyyətləri – M. Ə. Rəsulzadə, C. Cabbarlı, Y. V. Çəmənzəminli, Ə. Haqverdiyev, A. Şaiq və başqaları gələr, Novruzu Üzeyir bəylə birgə qeyd edərdilər”.

Səadət xanımın sözlərinə görə, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli bayram ilə əlaqədar bütün adət-ənənələrə riayət edərdi. O, yaşca özündən böyüklərin hüzuruna gedər, bayramlaşardı. Bu müqəddəs günlərdə o, uşaqlara, qocalara hədiyyə verər, onları sevindirməkdən böyük zövq alardı. Üzeyir bəyin hədiyyəsi əsasən puldan ibarət olardı”.

“Üzeyir bəy bir çoxlarına əl tutub”, – sözləri ilə söhbətini davam etdiən bu yerdə bir maraqlı bir fakta da toxundu: “Bir dəfə Üzeyir bəy təsadüfən küçədə dilənən bakılı bir qarıya rast gəlir. Bu mənzərə onu çox sarsıdır və qarıya yaxınlaşıb deyir ki, ayda sənə 300 manat verəcəm, bir şərtlə, bir də küçədə oturub, pul yığmaqla məşğul olmayacaqsan. Türk xanımına dilənmək yaramaz. Həssas qəlbli sənətkar küləkli, çovğunlu Bakı küçələlərində dilənməklə pul qazanmağı Azərbaycan qadınına rəva bilmir. Qarı hər ay gəlib Üzeyir bəyin həyat yoldaşı Məleykə xanımdan 300 manatı alırdı. Ü. Haçıbəylini yaxından tanıyanlar danışırdılar ki, məvacib alan gün Üzeyir bəy konservatoriyanın qapısından çıxana qədər maaşının demək olar ki, hamısını paylayırdı. Konservatoriyadakı kasıb tələbələrinə, xadimələrə, qapıçıya, aşağı maaşlı işçilərə, sürücüsünə pul verirdi. Hər həftənin cümə axşamları isə Hacıbəylilər ailəsində plov bişirilərdi. Həmin gün böyük sənətkarın tələbələrinin dediklərinə görə, uzaq rayonlardan gəlib, konservatoriyada təhsil alan uşaqları və eləcə də kasıb tələbələrini yığıb evlərinə gətirər, onları plova qonaq edərdi. Bunlar onun insanpərvərliyindən xəbər verən cüzi nümunələrdir”.

Səadət xanım bildirib ki, Novruz bayramı günlərində də Üzeyir bəy öz səxavət kisəsini daha geniş açardı. Kasıbları, kimsəsizləri, əlilləri, yetimləri, uşaqları sevindirməyi bu müdrik el Atası özünə borc bilərdi: “Üzeyir bəyin yaşadığı evin qarşı tərəfində uşaq evi (yetimxana) yerləşirdi. Hər bayramda Ü. Hacıbəyli oraya, uşaqlar üçün rəngbərəng paltarlar, çoxlu konfet, peçenye, cürbəcür şirniyyatlar, müxtəlif bayram hədiyyələri göndərər, atasız-anasız uşaqları hədsiz dərəcədə sevindirərdi. Uşaq evinin müdirinə isə pul verərdi ki, uşaqlar üçün ləzzətli xörəklər bişirtdirsin.

Uşaqlar da dahi sənətkara hörmətlə yanaşardılar. Özgə vaxt səs-küyləri küçəni götürən bu uşaqlar Üzeyir bəy evdə olarkən, işləyərkən cınqırlarını belə çıxarmazdılar ki, bəstəkarı narahat etməsinlər, ona mane olmasınlar.

Üzeyir bəy Hacıbəylinin baldızı oğlu, onunla uzun müddət bir yerdə çalışmış, bəstəkarın şəxsi katibi olmuş, mərhum professor Ramazan Xəlilov o illəri belə xatırlayırdı: “Bayram günlərində Üzeyir bəyin üzü həmişə gülərdü. Sevincinin həddi-hüdudu olmazdı. Onun görüşünə gələn qonaqlarla, qohumlarla, tanış-bilişlə çox mehriban şadyanalıqla davranar, söhbət edər, bayramlaşardı. Uşaqlara xüsusi məhəbbət göstərərdi. Onları bağrına basıb öpər, özü royal arxasına keçib oyun havaları çalar və uşaqları oynadardı. Bayram münasibətilə onlara pul paylayardı”.

Qvami