Novruzda papaqlarımızın qulaqları niyə kəsildi

0
144

Kimi deyir, Novruzda papaq atmaq ənənəsinə son qoymaq lazımdır, çünki papaq ayaq altına atılmaz, o, qeyrət rəmzidir, vaxtilə də qurşaq atılıb, papaq yox. Kimi də deyir ki, yox, bəs bu, bayramın bir ənənəsidir. Xalqın içindən gələn adət-ənənələri xalqa heç kim unutdura bilməz. Bu adət-ənənələr dünən də olub, bu gün də var, sabah da olacaq. Bu xalqın genindən gələn bir şeydir və belə də qalacaq. Adət-ənənəni mütləq şəkildə gələcək nəsillərə ötürmək lazımdır. Üstəlik deyirlər ki, papaq atmağın qeyrətlə heç bir əlaqəsi yoxdur. Əksinə, xoş əhval-ruhiyyə yaratmaq üçün edirlər. Bu rəmzi xarakter daşıyır. Özü də belə mübahisələri əksəriyyət son illərin məhsulu kimi qələmə verir. Amma mənim müşahidələrimə görə, belə mübahisələr əvvəllər də olub…
Uşaqlar məhəllə-məhəllə gəzərək evlərə papaq atar, aldıqları sovqatlardan xoşhallanardılar. O zamanlar ev sahibləri heç bir papağı boş qoymazdı. Yəni hərə öz imkanı daxilində papağın içinə bir şey qoyardı: kimi qənd, kimi konfet, kimi qoz-fındıq, kimi şəkərbura, kimi paxlava… Bəziləri ilə çağrılmamış qonaqları yumurta ilə yola salardı. Nədənsə bu sovqatların içində yumurta ən hörmətlisi sayılardı. Hə, onu da deyim ki, o zamanlar papaqlar cürbəcür olardı: qulaqlı papaq, qulaqsız papaq və sairə…
Nə isə… Ötən əsrin altımışıncı illərinin bir Novruz günü idi. Qonşu kənddəki uşaqlıq dostum Nüsrətlə papaq atırdıq. Bu dəfə Bəybala kişinin qapısını bayram əhval-ruhiyyəsində döyüb qulaqlı papaqlarımızı atdıq və evin yaxınlığındakı qocaman ağacın dalında gizləndik. Və oradan ev sahibini izləməyə çalışdıq. Handan-hana 80 yaşlı Bəybala kişi qapıya çıxıb diqqətlə papaqlara baxdı. Və evinə girdi, az sonra geri qayıdıb papaqları əlinə aldı. Biz elə zənn etdik ki, yəqin, kişi papağımızın içinə yaxşı bir sovqat qoyacaq. Dostumla ağacın dalında öz aramızda sevincdən qurduğumuz xəyal aləmindən ayılanda Bəybala kişinin evinə daxil olduğunu gördük. Biz də sevinə-sevinə ağacın dalından çıxıb papaqlarımıza tərəf yüyürdük. Papaqlarımızı əlimizə alanda gözlərimizə inanmadıq: Bəybala kişi papaqlarımızın qulaqlarını kəsib papaqlarımızın içinə qoymuşdu.
Çox pərt olduq. İynə-sap tapıb valideynlərimizin qorxusundan papaqlarımızın qulaqlarını birtəhər yerinə tikdik. Bu sirri bir kimsəyə açmadıq. Amma sonradan hər dəfə Bəybala kişinin yanından keçəndə mən əllərimi istər-istəməz qulaqlarıma aparardım.
… O gündən nə dostum, nə də mən daha heç bir qapıya papaq atmadıq. Amma illər sonra dərk elədim ki, sən demə, Bəybala kişi papağın qapılara atılmasını heç cür həzm edə bilmirmiş.

Qvami Məhəbbətoğlu