Təklif

0
176

O gün çayxanada dostum yenə işsizlikdən gileylənməyə başladı:

– Daha döymədiyim qapı qalmadı. Amma hərə bir bəhanə ilə məni başından edir. Odur e… bir ilə yaxındır ki, filan müəssisəyə cv göndərmişəm, filan yerə göndərdiyim cv-nin dalınca filan dəfə getmişəm, di gəl, hələ bir nəticə yoxdur. Elə bu səbəbdən evdə arvad-uşağın üzünə belə baxa bilmirəm. Daha borc üçün qapısını döyə biləcəyim bir tanış da belə qalmayıb. Heç bilmirəm, nə edim, haranın külünü başıma töküm? Vallah, daha havalanmışam e… Nə gizlədim, daha həyatdan bezmişəm e… Bir gün eşidəcəksən, bəs filankəs özünü öldürdü… Axı nə vaxta qədər iş axtaracağam?

Baməzəliyi ilə tanınan dostumun bu yanıqlı monoloqunu diqqətlə dinlədikdən sonra dərdinə şərik olmaq istəyirdim ki, qonşu stolun başında oturanlardan biri dilləndi:

– Bacıoğlu, bağışla a… söhbətinizə müdaxilə edirəm. Amma sənin qaldırdığın məsələyə biganə qala bilmədim. Allah kəssin məndəki bu xasiyyəti. Sənə bir sual verim: axı sən bunu özünə niyə dərd etmisən? İndiki zəmanədə baş işlətmək lazımdır e… baş. Yoxsa elə bu şəkildə qalacaqsan.

Dostum çevrilib nəsə demək istəyəndə həmin adam özünü “İdeyalı Kamal” kimi təqdim edərək sözünə davam etdi

– Bacıoğlu, bilmirəm, fikir vermisən, ya yox. Son illər məmləkətimizdə cırıq şalvar yaman dəbə minib. İndi cavanlar cırıq şalvarları ilə öyünürlər. İş o yerə çatıb ki, hətta cırıq şalvarlılar ekranlarımıza da yol tapıblar. Deyirlər, bu, Avropadan gəlmə bir dəbdir – müasirlik əlamətidir. Bizdə ki Avropaya bürünüb Asiyada sürünməkdən ləzzət alanlarıq… Bir vaxtlar cırıq şalvar geyinənlər kasıb təbəqənin adamları olardı. İndi isə imkanlılar da cırıq şalvarlara meyl salıblar. Bəli, dünən fağırlıq, kasıblıq göstəricisi olan cırıq şalvar indi moda kimi təqdim olunur. Bütün bunlara rəğmən sənə nə məsləhət görürəm? Məndə olan məlumata görə ölkəmizdə bir dənə də olsun cırıq şalvar istehsal edən müəssisə yoxdur. Odur ki, bu modanın həvəskarları onu tapmaqda çətinlik çəkirlər. Yəni bu sahədə bir boşluq var. Nədənsə bu məsələ də bir kimsəni maraqlandırmır. Mənə belə gəlir ki, indiyədək bu kimsənin ağlına gəlməyib. Belə fikirlər yalnız mən İdeya Kamalın ağlına gələ bilir. Yoxsa bu sahəni də çoxdan öz monopoliyalarına alardılar. Gör sənə nə deyirəm, giriş onun istehsalına, vallah-billah, qısa zamanda qaz vurub qazan doldurarsan… Buna görə borca-xərcə düşməyə də dəyər.

Dostum həmin adamın söhbətini tamamlamağa imkan vermədi. Yerindən qalxıb ona tərəf getdi. Bilmirəm, sevincindənmi, yoxsa hirsindənmi kişinin şapkasını çıxarıb onun başından öpmək istədi. Amma onun keçəl olduğunu görüb fikrindən daşındı və dedi:

– Bacıoğlu, atalar yaxşı deyib e… keçəl dərman bilsə, öz başına sürtər…

İdeyalı Kamalın səsi çıxmadı. Amma ətrafdakıların gülüşü çayxananı başına götürdü.

Qvami Məhəbbətoğlu