Fəxrəntac xanım: “Həmişə bu sualın qarşısında aciz qalıram”

0
248

Hər dəfə Mingəçevirdəki Uşaq Nevroloji Sanatoriyasına yolum düşəndə orada valideyn məsuliyyətsizliyinin qurbanı olan günahsız, atılmış uşaqlarla rastlaşırıq. Bu dəfə də orada sənədsiz-ünvansız iki azyaşlı körpə gördük. Həmin körpələrdən birini iki yaşı var. O birinin isə bir yaşı belə yoxdur. Onlar burada dayələrin ümidinə qalıblar. Körpələr ilə bağlı Mingəçevir Uşaq Nevroloji Sanatoriyasının baş həkimi Fəxrəntac xanım Hüseynovaya müraciət etdik. O dedi: “Bu uşaqları bizə Mingəçevir Polis Şöbəsi və şəhər İcra Hakimiyyətinin nümayəndələri gətiriblər”. Fəxrəntac xanımla söhbətdən məlum oldu ki, hələ ki həmin uşaqların heç bir sənədi onlara təqdim olunmayıb: “Elə bu və digər səbəblərdən də bu azyaşlı körpələri burada saxlamaq ixtiyarımız yoxdur. Buna baxmayaraq biz uşaqlara günün tələbləri səviyyəsində qulluq etməyə çalışırıq”.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumliq və Himayəçilik vəzifəsini icra edən Tofik Əsgərovun sözlərinə görə, səhər sakinləri azyaşlı uşaqları H. Əliyev məscidinin qarşısında görüblər və bununla bağlı şəhər polis şöbəsinə məlumat veriblər: “Həmin atılmış uşaqlar Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı ilə şəhərimizdəki Uşaq Nevroloji Sanatoriyasına yerləşdirdik (3 yaşına qədər uşaq atılarsa, müvəqqəti olaraq səhiyyə mərkəzlərində yerləşdirilir). Daha sonra polis şöbəsi tərəfindən uşaqların valideynləri araşdırıldı. Aydın oldu ki, uşaqların valideynləri imkansiz, səhhətlərində problemlər olan evsiz-eşiksiz adamlardır. Yeri gəlmişkən, onu da deyim ki, valideynlərin uşaqlardan imtina ərizələri də var. Mingəçevir şəhər İcra Hakimiyyətinin sərəncamı ilə uşaqlar Gəncə uşaq evinə göndəriləcək”.

Bu məsələyə bu şəkildə aydınlıq gətirəndən sonra Fəxrəntac xanımla söhbətimizi davam etdirdik: “Son zamanlar bura elə uşaqlar gətirirlər ki, adam lap dəhşətə gəlir. Axı bu qədər də məsuliyyətsizlik olmaz? Düzdür, biz burada uşaqlara hər cür qayğı göstəririk. Amma valideyn, xüsusilə ana qayğısı başqadır. Atılmış uşaqlar həddi-buluğa çatanda bizdən valideynlərini soruşurlar. İnanırsınız, mən həmişə bu sualın qarşısında aciz qalıram. Bax, bu atılmış  iki qız uşağının nə günahı var? Heş bir xəstəlikləri də yoxdur, sağlam uşaqlardır”.

Fəxrəntac xanım daha sonra bir vacib məsələyə də toxundu: “Valideyn məsuliyyətsizliyinin qurbanı olan uşaqlar 2 yaşından 16 yaşa qədər bizim sanatoriyada qalırlar. Lakin sonradan da həmin uşaqlara sahib çıxan olmur. Yəni onların sonrakı taleyi daha acınacaqlı olur. Misal üçün, bizim sanatoriyanı məlum yaşdan sonra tərk etmiş Namiq Məmmədov hazırda səfil həyat tərzi keçirir. Sizi inandırım, o uşaq gecələməyə yer tapmır. Çox vaxt biz onu gətirib burada yedizdirir, əyin-başına əl gəzdiririk. Mən gənclərimizə demək istəyirəm ki, ailə qurmaq məsələsinə ötəri hiss kimi baxmasınlar. Ailə qurmamışdan öncə yüz ölçüb bir biçsinlar. Əks halda atılmış uşaqların sayı daha da çox ola bilər”.

… Uşaqların atası ilə görüşdük. Ondan niyə bu azyaşlı qızları atdığının səbəbini soruşduq. O: “İmkanımız yoxdur, baxa bilmirik, – deyərək bizdən uzaqlaşdı.

Esmira Hidayətova, Mingəçevir