“Özün məcbur olub sosial şəbəkəyə üz tutursan”

0
292

Redaksiyamızın budəfəki qonağı tanınmış jurnalist Elçin Şıxlı oldu. E. Şıxlı “Ayna”, “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 2006-cı ildən isə Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

– Elçin müəllim, siz hazırda “Ayna.az” saytında yazılar yazırsınız, başqa nə işlə məşğul olursunuz?

– Hə, ancaq “Ayna”da yazıram. Çünki, mənim yazdıqlarımı bir çox yerlərdə verə bilməyəcəklər. Özüm yazıram, özüm verirəm, özüm də oxuyuram (gülür).


“Bizdə müstəqil jurnalistlər var. Amma onların istədikləri kimi tam keyfiyyətli jurnalistika ilə məşğul olma imkanları çox məhduddur”.


– Hal-hazırda Azərbaycanda jurnalistikanın vəziyyətini necə dəyərləndirərdiniz?

– Bəyənmirəm. Təxminən 17 il bundan əvvəl Polşanın hansısa şəhərində beynəlxalq bir forumda iştirak edirdim. Orada Moskva Beynəlxalq Münasibətlər İnstitutunun jurnalistika fakültəsinin dekanına sual verdim ki, Rusiyada müstəqil media varmı? O mənə cavab verdi ki, müstəqil media yoxdur, amma müstəqil jurnalistlər hələ var. Yəni, bizdə də təxminən eyni vəziyyətdir.

Bizdə müstəqil jurnalistlər var. Amma onların istədikləri kimi tam keyfiyyətli jurnalistika ilə məşğul olma imkanları çox məhduddur. Çərçivələr dardı. Məsələn, bizdə demək olar ki, qəzet qalmayıb. Mən özüm 24 il qəzetdə çalışmışam, bu illərin son iki il, il yarımını nəzərə almasaq, həmişə qəzet özü özünü doğruldub. Normal jurnalistikaya aid qəzet iqtisadi cəhətdən özünü doğruldub. Çünki, həm satış, həm də reklam var idi. İndi bizdə satış şəbəkəsi yoxdu, çökdürülüb. Gözəl köşklərin olmağına baxmayın, özünüz bilirsiniz ki, qəzetdən başqa orda hər nə desən satılır. Çünki, həmin o köşkün sahibi bir adamdı, içində işləyənlər başqalarına tabedir, qəzetləri gətirənlərin də onlara heç bir aidiyyəti yoxdur. Yəni orada çalışan adamların qəzet satmaq marağı yoxdur. Bunlar subyektiv tərəfdir. Digər mətbuat yayım şirkətləri var idi, onlar demək olar ki, hamısı sıradan çıxdı.

Reklam bazarına gəldikdə isə, iqtisadiyyatımızda güclü şəkildə inhisarlaşma gedib. Ümumiyyətlə kapitalizmdə belə bir şey var, əvvəlcə xırda və orta müəssisələr inkişaf edir. Sonra bunlar bir-bir birləşirlər, daha sonra güclülülər zəifləri udur. Bunun adına bizim vaxtımızda təmərküzləşmə deyirdilər. Bu normal və təbii proses idi. Biz bilirik ki, ABŞ-da belə inhisara qarşı qanunlar var. Əgər hər hansı şəkildə bir şirkət digərlərini rəqabətdə udub, onları yox edirsə, ona bir hədd qoyurlar ki, dayansın. Nəyə görə? Çünki, rəqabət itən yerdə keyfiyyət də aşağı düşməyə başlayır. Sən heç kimlə rəqabətə girmirsənsə, sənə elə gəlir ki, səndən yaxşısı yoxdur. Amma əslində bu belə olmamalıdır. Rəqibinin nəfəsini, hənirtisini duyanda sən özünü yığışdırırsan və çalışırsan ki, səni ötməsinlər.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan elə də böyük ölkə deyil. Bununla yanaşı 9-10 milyon əhalisi olan bir ölkədə yəqin ki, kifayət qədər reklam bazarı ola bilərdi və olmalıdır. Azərbaycanda qeydiyyatdan keçən qəzetlərin sayı 4 mindən artıqdı. Deyilənlərə görə 30 gündəlik qəzet qalıb. Sözün doğrusu mən gündəlik 30 qəzet tanımıram. Ümumiyyətlə o qəzetlərdə oxunulası da bir şey görmürəm. Sonuncu dəfə əlinə nə vaxt qəzet almısınız soruşsanız, unutmuşam deyərəm. Türkiyədən dostlar gələndə ordan qəzet gətirirlər, baxıram.

– Qəzetçiliyin, publisistikanın durğun vəziyyətdə olmasında bəzi məmurların xəbərlərə, tənqidlərə qarşı dözümsüzlüyü rol oynayırmı?

– Təbii ki, rol oynayır. Bu təkcə Azərbaycanda belə deyil. Dünyanın hər yerində belədir. Demokratiyanın simvolu olan ABŞ-da Tramp “CCN” kimi dünya səviyyəli televiziya kanalını öz görüşünə buraxmır. Bu biabırçılıqdır. Trampın ancaq “Fox TV”dən xoşu gəlir, çünki özü orada şou-proqram aparıb.


“Publisistikaya yer olmayanda, qəzet çıxmayanda, yaxud səni televiziyaya buraxmayanda, özün istədiyin yazını heç kim çap etməyəndə sən özün məcbur olub sosial şəbəkəyə üz tutursan”.


– Sosial şəbəkələrin getdikcə publisitikanın yerini tutur deyə bilərikmi?

– Sosial şəbəkədəki xəbərin keyfiyyətinə, səhihliyinə heç kim zəmanət verə bilməz. İndi demək olar ki, bütün KİV-in “facebook” səhifəsi var. Bu yenə də informasiyanın yuxarıdan aşağıya enməsi deməkdir. Burada publisistikaya yer olmayanda, qəzet çıxmayanda, yaxud səni televiziyaya buraxmayanda, özün istədiyin yazını heç kim çap etməyəndə sən özün məcbur olub sosial şəbəkəyə üz tutursan. Orada müəyyən mənada demokratiklik və sərbəstlik var. Azadlıq demək olar ya yox bilmirəm, amma Siyavuş Novruzov onun da əleyhinədir. Amma bu mümkün olan şey deyil. Məsələn, Çində “facebook”u bağlayıblar, ancaq çıxış var. Gərək tutub güllələyib harasa atasan ki, səsi çıxmaya. Yox, əgər mən dirənmişəmsə, yazıb başqa vasitələrlə ötürəcəyəm. Siyavuş Novruzov məndən pasport istədi-istəmədi mən yazacağam.

– Bu yaxınlarda millət vəkili Arif Rəhimzadə rus saytına müsahibəsində bizim türk olmadığımızı bildirdi və bu mövzu gündəm oldu. İddialara görə bu tipli açıqlamalar gündəmi dəyişməyə hesablanır. Siz necə düşünürsüz?

– İndi o özünü türk saymır özü bilər. Onun deməyi ilə mən türklükdən çıxmıram. Arif Rəhimzadə o müsahibəni ruslara verib. Rusların istədiyini səsləndirib. Ola bilər ki, onun dediyi cümləni əsas məğzindən ayıra bilərlər. Sovet vaxtında rəhmətlik atam deyərdi ki, sual veriləndə ya cavab vermə, ya da elə cavab ver ki, bunu ya versinlər, ya da verə bilməsinlər. Məsələn, “türksünüzmü? – bəli!”, bitdi.

O ki, qaldı belə açıqlamaların gündəmi dəyişmək üçün deyilməsinə, bununla razıyam. Sosial şəbəkələrin özlərini də idarə etmək olur. Xüsusi qruplar, dəstələr var, otururlar tapşırıqla, yaxşı maaş qarşılığında müəyyən qrupları izləyirlər. Hərənin bir maraq dairəsi var, hər maraq dairəsinə görə insanlar yığışıb söhbət eləyirlər. Ağlı olan insan nə baş verdiyini başa düşür. Böyük əksəriyyət heç də həmişə bunu tuta bilmir.

– Həmin bu məsələ pensiya yaşı ilə bağlı qanun layihəsi müzakirə olunan vaxta təsadüf etdi. Siz necə düşünürsüz Azərbaycanda insan ömrü uzanıbmı?

– Normal ölkələrdə, acından ölən ərəb ölkələrini nəzərdə tutmuram, orada tutaq ki, 60-62 maksimum 65 yaşda insanlar özləri pensiyaya çıxmağa çalışırlar. Bizdəki kimi deyil orada, hərənin öz pensiya vərəqəsi var. Əslində bizdə də var o vərəqə amma çox əcaib formadadı. Xarici ölkələrdə belədir, sənin üçün orada yığılan pulu gedib birdəfəlik götürə də bilərsən.

Dəqiq hədd deyə bilmərəm, pensiya yaşı neçə olmalıdır. Hər şey normal olsaydı, məsələn, mən vaxtında təqaüdə çıxsaydım o cavan işsiz qalmazdı, mənim yerimə gələrdi. Deyək ki, mən işlədim böyük məvacib qazandım, mənim hesabıma o pullar köçürülür, amma mən sonra ondan istifadə edə bilmirəm. Tutalım mən 100 min ödəmişəm, kimsə 5 min ödəyib amma bizim pensiyalarımızı bərabərləşdirirlər. Sual olunur nəyə görə? Bəs mən niyə 100 minlik işləmişdim?! Onsuz da, o 100 min illər ərzində həmin strukturlar ondan qazanc əldə ediblər. Amma o faizlər də itib batır. O 100 mini olanın pulunu ondan sonra övladları da ala bilmir heç.

Məncə normal ölkələrdə 65 yaş pensiya yaşı bir o qədər də çox deyil. Məsələn, Almaniyada 60 yaşdan pensiyaya çıxmaq normal olardı, ona görə ki o təqaüdçü özü özünü təmin edib. Onun üçün işləməmək problem deyil, çünki, onun artıq təminatı var. Ona görə valideyn övladının boyunundan asılıb qalmır, övlad da valideynə yük olmur.

– Elə bir mövzu olubmu ki, yazmaq istəsənizdə yaza bilməmisiniz?

– Olub, təbii ki, belə şeylər olur. Yəni, bu qadağa məsələsi deyil. Özüm özümü aşa bilməmişəm. Cəmiyyətdə müəyyən şeylər var ki, qəbul edə bilmirəm. Bir şeyi nəzərə alıram ki, mən təkəm, cəmiyyət çoxdu. Mən öz-özümə düşünürəm ki, bəlkə mən səhvəm. Cəmiyyətin səhv olduğu qənaətinə gəlsəm də, bunu aşa bilmirəm. Qoçaqlıqmı, cəsarətmi bilmirəm nədirsə onu tapmamışam.

Çünki, məsələn, Əkrəm Əylisli bir əsər yazdı, onu daş-qalaq elədik. Nə üçün? Yazıb yazıb da. Mənim xoşuma gəlmədi. Nə olsun?! O əsəri hay-küy düşəndən 4-5 il əvvəl yazmışdı. Nə oldu 4 il yatdıq, birdən 5-ci il oyandıq? Əslində Ə.Əylislinin o fikirləri 80-ci illərdən məlum idi. O vaxtki mətbuatda da çap olunmuşdu. Heçnəyi də gizlətmirdi, bu adamın fikri budur. Amma cəmiyyət onun kitablarını yandırdı, elə bil 33-cü il nasist Almaniyasıdır, dəhşətdir.

Biz bunu yazdıq. Rauf Mirqədirov yazdı, biz də çap elədik, yəni özümüz də o cəsarəti tapdıq. Eyni zamanda yazmışdım ki, onun orada yazdıqlarının hamısı heç də ürəyimcə deyil.


“Cəbhədə hər hansı bir hadisə baş verəndə, çox təəssüf ki, birinci erməni mənbələrindən bilirik”.


– Cəbhə xəttində atışma olanda vətəndaşlar operativ xəbərlər almaq istəyirlər. Amma çox vaxt rəsmi xəbərlər çıxmadan, müxtəlif mənbələrdən məlumatlar yayılır. Belə vəziyyətlərdə insanlar jurnalistləri günahlandırır. Siz necə düşünürsüz?

– Bir misal var, onu rus dilində eşitmişəm. Bu hamıya aiddir. Deyir, əgər gizlənmək istəyirsənsə gəlib düz işığın altında dayanmalısan. Yəni, bizimkilər hansısa informasiyanı gizlətmək istəyəndə də bacarmırlar. Bizdə hökumət strukturlarında sovetdən qalma bir şey var, bunlar hansısa informasiyanın özləri istədiyi kimi getməsi üçün informasiya ilə deyil, informasiya ötürücüləri ilə işləyirlər. Günahı jurnalistdə görürlər. Jurnalistə deyirlər, yum ağzını, danışma. İnformasiyanı gizlədirlər. Heçnə yoxdur deyirlər, amma sonradan ortaya çıxır ki, xeyli şəhidimiz var.

Söhbət ondan gedir ki, bu adamların özlərinin ümumiyyətlə jurnalistikadan xəbərləri yoxdur. İnformasiya nə olan şeydi bunu bilmirlər. Çünki, orada heç bir peşəkar jurnalist oturmur, fərqi yoxdur Müdafiə Nazirliyi olsun və yaxud başqa yer. Başqa yerlərdə də elədir, bizdə mətbuat katiblərini informasiyanı gizlətmək üçün işlədirlər. Çox təəssüf ki, bizdə mətbuat xidmətləri informasiyanı gizlətmək üçün yaradılıb, informasiya ilə işləmək üçün deyil.

Məsələn, cəbhədə hər hansı bir hadisə baş verəndə, çox təəssüf ki, birinci erməni mənbələrindən bilirik. Əşşi, ay insanlar, bunu birinci özünüz verməlisiniz. Amma buna beyin lazımdı. Bunu necə təqdim eləmək lazımdır, nə olub, həqiqəti demək olarmı, olmazmı bunu yaxşı bilmək lazımdır. Amma əslində isə həqiqəti deməlisən. Elə şeylər var ki, onları birdən-birə demək olmur. Bunun üçün bir əsas hazırlanmalıdır. İnsanları psixoloji cəhətdən hazırlayırsan, ondan sonra xəbəri təqdim edirsən.

Sosial şəbəkədə dostluğumda Ağdamda yaşayan bir müəllimə var. Gözünün qabağında olan şeyləri yazır ki, ay camaat, burada gecələr evdə oturmaq olmur. Camaat qaçmır, sadəcə olaraq evlərdən çıxırlar. Çünki, evlər atəş altındadır. Təzə qanunla belə xəbərləri yazanları məsuliyyətə cəlb edəcəklər. Hərçənd bu adam nə deyir? Deyir ki, vəziyyət gərgindi, gəlin lazımi sturukturları silkələyək, ölçü götürsünlər. Yəni, bunu ölkə bilməlidir ki, biz ya müharibə eləyirik, ya eləmirik. Ya elan edək ki, Qarabağı unudaq, ya da ki, biz bilməliyik ki, müharibə vəziyyətində deyilik, gəlin müharibə elan edək. Bilək ki, bizdə hərbi vəziyyətdi. Neçə illərdi biz bunun heç birini eləmirik.

Ağdam işğal olunanda ordan zənnimcə ən sonuncu çıxan jurnalist mən olmuşam. Mövcud vəziyyəti göstərmək üçün amerikalı jurnalistləri ora aparmışdım. Bərdə ilə Ağdam arası yol 18, kəsə isə 12 km-dir. Bərdədə biri kabab çəkir, soruşuram Ağdamda nə var nə yox? Deyir, əşşi nəbilim. Bu münasibətlə biz heç nə eləyə bilmərik. Bəlkə də o adi bir hadisə idi. Amma mən orda olanda özümü güclə saxlayırdım. Heç kim yox, heç nə yox. İcra başçısı qaçıb gedib, bütün struktur qaçıb gedib. qalan bir şöbə müdiri idi, dedim sən niyə qalmısan bəs? Dedi, mən ağdamlıyam, hara qaçım?! İndi düzdü ordumuz yaxşıdı, hər şey əvvəlkindən çox yaxşıdı. Söhbət bundan getmir. Sadəcə olaraq informasiyadan danışırıqsa, informasiya ilə işləməyi hələ də öyrənməmişik. Çünki, informasiyanın üstündə oturan adamların çoxu diletantdı, peşələrindən xəbəri yoxdur. Problemlər çoxdu, amma bunları həll eləmək olar.

– Bəlkə diletant deyil, işləmə şəkli belədir?

– Onda praporşikdi. Əfqanıstanda belə bir lətifə var idi. Əgər əfqanlar sovet orudusunun praporşiki öldürürdülərsə onları cərimə edirdilər. Çünki, sovet ordusunun belini qıranların ən birincisi praporşiklər idi. İndi informasiya ilə məşğul olanlar praporşikdirsə, mən nə deyim axı?!

Ardı var…

Rasim Məmmədli