İşçilərin ümidi – duyğu leysanı Ülviyyə xanım

0
813

Mingəçevirdə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri (DİİXİ) Mingəçevir Şəhər Komitəsi artıq 30 ilə yaxındır ki, fəaliyyət göstərir. Bu günə qədər komitə öz işinə ciddi yanaşıb, üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını və mənafelərini qoruyub. Bu günlərdə komitənin sədri Ülviyyə Vəliyeva ilə görüşüb həmsöhbət olduq. Bəri başdan qeyd edək ki, Ülviyyə xanım 1997-ci ildə həmkarlar təşkilatında xəzinədar kimi işə başlayıb. 2005-ci ildən isə komətənin baş mühasibi olub. Bir il sonra isə seçki yolu ilə şəhər komitəsinin sədr vəzifəsinə seçilib.

O, işlədiyi müddətdə işinə mükəmməl yiyələnməklə yanaşı, komitənin üzvlərinin sosial yönümlü problemlərinin həllində də çox fəallıq göstərib. Bir fakt: ötən yayda ittifaqın 378 üzvü ölkəmizin istirahət guşələrinə göndərilib. (Məlumat üçün bildirək ki, komitə 9 dövlət təşkilatı, 7 Məhdud Məsuliyyəti Cəmiyyəti özündə birləşdirir. Üzvlərinin sayı isə 736 nəfərdir). Əlamətdar günlərdə isə üzvlərin hər birinə bayram hədiyyələri paylanılır. Ülviyyə xanımın sözlərinə görə, bu kimi işlərin həyata keçirilməsində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanovun diqqət və qayğısı danılmazdır. Ülviyyə xanım həmçinin bildirdi ki, komitə əmək hüquqları ilə yaranmış problemlərin həllində həmişə üzvlərinin yanında olur: “Yeri gəlmişkən, onu da deyim ki, ötən il qanunsuz işdən çıxarılmış 3 işçinin əmək hüquqları tərəfimizdən bərpa olunub.

 

“Bu bizim üçün bir yenilik oldu”

Daha sonra Ülviyyə xanım Ankarada keçirilmiş Uluslararası Beynəlxalq Qurultaydan söz açdı: “Mən də həmin qurultayın iştirakçısı olmuşam. Yeri gəlmişkən, qeyd edim ki,  bu ölkədə təşkil olunmuş 3 mötəbər tədbirə qatılmışam. Fikrimcə, bu mənim üçün böyük fəxrdir. Məlumat üçün bildirim ki, Türkiyədə fabrik, zavod çox olduğu üçün orada çalışan işçilərin sayı çoxdur. Onlarda işçi qadınlar da çoxluq təşkil edir. Qadınlar qurultayı da keçirildi. Bu bizim üçün bir yenilik oldu.

Onu da deyim ki, Türkiyədə həmkarların iş fəaliyyəti, həmçinin işçi qurumlarının qayda-qanunları bizdən fərqlidir. İşçilərin hər biri də öz hüquqlarını yaxşı bilir və hüquqlarını da müdafiə edirlər. Ən maraqlısı… orada bizə bildirdilər ki, böyük fabriklərin birindən 1030 nəfər nümayişdə iştirak etdiklərinə görə onların hamsını işdən çıxarmışlar… Amma həmkarlar ittifaqı onları yenidən işlərinə bərpa edib”.

“Qəlbimin duyğu leysanı”

Sən demə, Ülviyyə xanım həm də şair təbiətli bir qadın imiş. Bunu onunla söhbət zamanı kəşf etdik. Bununla əlaqədər Ülviyyə xanıma ünvanladığımız suala isə o, Səməd Vurğunun “Vaqif” pyesindəki məlum beyti özünəməxsus şəkildə söylədi: “Azəri yurdunun qızıyam mən də, Az-az uydururam yeri gələndə”… Üstəlik, ərz etdi ki, hərdən qəlbindən axan sözləri ram edə bilmir. Odur ki, onları vərəqə köçürməklə rahatlıq tapır: ” Elə hazırlayacağım kitabıma da belə bir ad verəcəyəm: “Qəlbimin duyğu leysanı”. Duyğu leysanınız tükənməsin, Ülviyyə xanım!

Esmira Hidayətova, Mingəçevir.