“İnhisarçılar çox asanlıqla ətin qiymətini artıra bilirlər”

0
390

Mingəçevirdə bayramqabağı bazarlarda alan da narazıdır, satan da. Belə ki, qiymətlərin qalxması müştərilərin cibinə ziyan edir, satıcılar isə alıcı qıtlığından şikayətlənirlər. Əvvəlcə mal və qoyun ətinin qiyməti ilə maraqlandıq. Şəhərin müxtəlif yerlərində, bazarlarda, iri marketlərdə mal ətinin 10-11, qoyun ətinin isə 11-12 manatdan satıldığının şahidi olduq. Qəssab Nəsibov Amil bildirdi ki, artıq bir neçə vaxtdır qiymətlər qalxıb: “Mal ətini 10 manata, quzu ətini isə 11 manata satıram. Heyvanı hər dəfə müxtəlif qiymətlərə alırıq. Ona görə də qiymətlərdə artım müşahidə olunur. Heyvan tapmaq çətindir. Heyvan satanlar otun, kəpəyin baha olmasından gileylənirlər. Ona görə də artım baş verir”.

Alıcı Nəsibov Yavər isə deyir ki, ayda bir dəfə 1 kiloqram ət almağa gücüm çatır: “Çünki aldığım pensiya çox azdır. Bu pensiya ilə həm 6 nəfərlik ailəni dolanırıram, həm də evin kommunal xərcləri. Mal əti alırıq, amma qiymətin belə olması bizi çox çətin duruma salıb”.

Qəssab Abbasov Ətra öz təsərrüfatının mal qoyununu satdığını dedi: “Öz təsərrüfatımın mal-qarasını kəsib satıram. Quzu ətini 8 manata, mal ətini isə 9-10 manata satıram. Gərək satan bir az müştərini də düşünsün. Çünki indi işsizlikdir. İnsanların imkanı yoxdur ki, bir qarın çörəyi doyunca yesin”.

Qəssablar hamısı bildirdilər ki, qiymətlərin qalxması alıcılıq qüvvəsinə təsir edib.

Mingəçevir bazarında meyvələrin, ərzaqların qiymətlərində də artım müşahidə olunur. Satıcılar bildirdilər ki, bayramda daha çox bahaçılıq olacaq.

İqtisadçı Günəş Şəfaqətov deyir ki, əgər bazarda tələb artıbsa, qiymət də artmalıdır: “İstehsal az, istehlak isə böyükdür. Bu səbəbdən də məhsulun qiyməti, ətin qiyməti artır. Bundan başqa, 2014-cü ildən ətin ucuzlaşması prossesi baş verdi və bu da çox güman ki, istehsalın çoxluğu ilə yox, inhisarlarla əlaqədar idi. Çünki inhisarçıların imkanı var idi ki, ətin qiymətini ucuzlaşdırsın. Bu isə xırda təsərrüfatçıların sıradan çıxması demək idi. Xırda təsərrüfatçılar sıradan çıxandan sonra həmin inhisarçılar – böyük istehsalçılar çox asanlıqla ətin qiymətini artıra bilirlər. Düzdür, qəssablar, ət kəsib satanlar əlaqələndirirlər ki, mal ala bilmirik, kəndlərdə heyvan yoxdur. Çünki bir vaxtlar ucuz qiymətə öz heyvanlarını satan insanlar, artıq o sahədə fəaliyyət göstərməyi məqsədəuyğun hesab etmədilər. Çünki gəlir əldə edə bilmirdilər. Əllərində olan pulu malın yeminə və digər xərclərə sərf etdikləri üçün vəsait qalmadı. Bu gün respublikada haradasa 27 böyük maldarlıq təsərrüfatı var, hansı ki, onların hər biri gündə 200 ton süd istehsal etmək imkanına malikdir. Onlar bazara nəzarət edirlər. Bazara nəzarətin bu forması isə istər-istəməz süni qiymət artımına səbəb olmalıdır və olur da. Onu da bildirim ki, iqtisadi baxımdan ətin qiymətinin qalxmasına otun, kəpəyin qiymətinin baha olmasına bu qədər təsir edə bilməz. Burada digər səbəblər də var ki, onların araşdırılması dövlət orqanları səviyyəsində həyata keçirilməlidir ki, xırda istehsalçılar üçün, istehsalçıların geniş təbəqəsi üçün münbir şərait yaransın”.

Esmira Hidayətova, Mingəçevir