“Çayxanalarda saz çalan… aşıqların adları çıxıb e…”

0
695

Ta qədim zamanlardan aşıqlar el-obanın ağsaqqalı, məsləhətçisi, dostu sayılmışlar. Bəs bu gün həmin sahədə vəziyyət necədir? Bu və digər suallarla Mingəçevir aşıqlardan birinə – Aşıq Nizami Səyyada (Nəbiyev) müraciət etdik. Ömrünün 35 ilini bu sənətə həsr edən Aşıq Səyyad: “XX yüzilliyin ilk onilliklərinə, daha dəqiq desək, sovetlər dönəminə kimi saz milli mənsubiyyətimizin, milli düşüncəmizin daşıyıcısı olub”, – sözləri ilə söhbətə başlayan həmsöhbətimiz daha sonra öz fəaliyyətindən danışdı: “Bu sənət mənim qanımda, canımda olub. Ustadım aşıq Ziyəddin Yusubovdan sazın sirlərinə vaqif olmuşam”. Onun sözlərinə görə, sazı Qorqud kökləyib, Ələsgər çalıb, Kərəm yandırıb: “Söz ilahidən gələn ilkin və əbədi varlıqdır. Aşıq söhbətlər etməlidir, saz sənəti sırf müsiqi sənəti deyil, saz söz sənətidir, söz yoxdursa, deməli, saz da yoxdur. Nə yazıq ki, əlinə saz alanların bəziləri bunu başa düşmürlər, heç başa düşmək də istəmirlər”.

Bu yerdə fikrini tamamlayan Aşıq Nizamiyə belə bir sual verdik:

– Son vaxtlar, əgər belə demək mümkünsə, çayxana aşıqlarının sayı çoxalıb. Bir sənət adamı kimi bununla bağlı nə deyə bilərsiniz?

– Mənim fikrimcə, aşığın insanların toplaşdıqları məkanlarda olması təbiidir. Məsələn, Aşıq Qurbanı ilə Dədə Yediyarın deyişməsi Gəncədə çayxanada olub. Bu, elə bir problem deyil. Amma məsələnin digər bir tərəfi var: əgər aşıq çayxanaya yalnız dolanışığını təmin etmək məqsədi ilə girirsə, bax, onda bu alayı məsələ… Hə, qızım, bir də son illər o qədər əyləncə mərkəzləri, cürbəcür musiqi alətləri o qədər çoxalıb ki… Odur ki elə bu səbəbdən də aşığa qulaq asanların sayı kəskin azalıb. Bu gün sanki sözün də qiyməti düşüb e… Bayaq ərz etdiyim kimi, sözə qiymət yoxdursa, deməli, saza da qiymət yoxdur. İş o yerə çatıb ki, indi əsil aşıqlar toylardan da uzaqlaşdırılıblar. Amma toylarda sazı mikrofona qoşub onun başına olmazın oyunlar açan yalançı aşıqlar meydan sulayırlar. Mən hələ bəzi telekanalları demirəm. Balam, biz sazı həmişə sinədə görmüşük, amma indikilər onu haralarında gəzdirmirlər? Məgər bu saz çalmaqdır? Sazla da şou göstərərlər? Məncə, bu saza qarşı bir hörmətsizlikdir? Nə demək istəyirəm? Amma çayxanada bir aşıq görən kimi başlayırlar deyinməyə… Çayxanalarda saz çalıb, balasına 5-10 manat çörək pulu qazanan aşıqların adları çıxıb e…Mənim fikrimcə, onlar özlərini ekrana çıxan aşıqlardan daha mərifətli aparırlar.

– Siz necə, elə məclislərində bir aşıq kimi iştirak edirsiniz?

– Aşıq tarixən toy-büsatların yaraşığı olub. Elə tarixən aşıqlar öz gündəlik tələbatlarını toydan əldə etdikləri ilə qarşılayıblar. Bu sözləri Aşıq Qurbanıyə də, Aşıq Abbas Tufarqanlıya da, Aşıq Ələsgərə də, Aşıq Şəmşirə də şamil etmək olar… Yenə deyirəm, aşıq elin içində olmalıdır və elin ruzisi ilə dolanmalıdır (Əbəs yerə deyilmir ki, sənətkarı el saxlar). Amma aşıq sənətinə hörmət də saxlanılmalıdır. O ki qaldı mənə… Nə gizlədim, mən hər toya getmirəm. Yalnız aşıq müsiqisinə ehtiyac duyulan toylara gedirəm.

– Şagirdləriniz varmı?

– Hələ sovet dönəmində Mingəçevirdəki mədəniyyət evində saz kursu təşkil etmişdim. Xeyli tələbəm də var idi. “Havacaq” aşıqlar qrupu ilə el şənliklərində, şəhər tədbirlərində şagirdlərimlə (10 nəfərə yaxın şagirdim var idi) birgə çıxışlarımız olurdu. Hətta 1988-ci ilin may ayında Batumidə keçirilən Dünya Xalqlarının Folklor Festivalında ölkəmizi də təmsil etmişdik. Çox təəssüflər olsun ki, Qarabağ hadisələri ilə bağlı ötən əsrin 90-cı illərində bu qrup dağıldı. Bu yerdə haşiyəyə çıxıb bir məsələni də vurğulamaq istəyirəm.

– Buyurun…

– Qızım, mən məclislər görmüş bir aşığam. Bir çox festivallarda, müsabiqələrdə iştirak etmişəm, “Elin aşığı”müsabiqəsinin qalibi olmuşam. Sovetlər dönəmində aşığın bircə günü boş keçməzdi. Vallah, məclislərə getməkdən yorulardıq. Yəni bizi daim axtarırdılar, arayırdılar. İndi isə… aşıq özü axtarır ki, kimsə onu tədbirə, el şənliyinə dəvət etsin. Bu belə olmalı deyil.

– Bəs övladlarınızdan bu sənəti davam etdirən var?

– Oğlum da, qızım da kiçik yaşlarından sazla maraqlanıblar. Çalmağı da bacarırlar. Amma onlar bu sənətin dalınca getmədilər, başqa sahəni seçdilər. Qızım həkim, oğlum da hərbiçidir. Fikrim var idi, bu sənəti  nəvələrimə öyrədim. Amma belə fikirləşirəm ki, onlar bu sənətlə çox uzağa gedə bilməzlər. Buna rəğmən sazımı nəvəmə bağşlayacağam. Çalmasa da, qoy baba yadigarı kimi saxlasın. Bütün bunlara rəğmən deyirəm: əsl aşıq sənəti heç vaxt yaddaşlardan silinməyəcək. Azərbaycan aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması siyahısına daxil edilməsi folklorumuzun bu qolunun inkişafında yeni mərhələ açıb. Bu məsələdə ölkənin birinci xanımı, birinci vitse-prezidentimiz Mehriban Əliyevanın əməyi danılmazdır.

Esmira Hidayətova, Mingəçevir.