Özünə qəbir hazırlatmaq düzgündürmü?

0
212

Bu mövzuda hər hansı yasaq yoxdur. Ancaq bir məsələ də var ki, insan özünə qəbir hazırlamaqdan daha çox özünü qəbirə hazırlamalıdır. Ola bilsin ki, bugünkü şəhər həyatında kimsə özündən sonrakılara problem saxlamamaq üçün bu məsələni öz sağlığında həll edir. Əgər doğrudan da bir yerdə bir qəbirin qiyməti yüksək məbləğlə həll olunursa, onda insanın bu məsələ ətrafında düşünməsi normal hesab oluna bilər. Amma qismət deyilən bir anlayış da var ki, nəyin nə olacağı onunla məlum olur. Bir də ölümün nə zaman gələcəyini ancaq Allah bilir. Başqa bir məsələni də xatırlatmaq istəyirik ki, bu cür təşəbbüslər qəbir yeri al-verini daha rəvac hala gətirir. Yəni bu işə meyllənmək, dinimizə uyğun olmayan bir təşəbbüsün, daha doğrusu bir bidətin oyanmasına qapı açmaq anlamına da gələ bilər. Hələ bu işə girişən adam cəmiyyət arasında hörmət-izzət sahibidirsə, pis örnək rolunu oynamış olur.

İnsan ictimai varlıq olduğu üçün özündən sonrakı insanlar üzərində müəyyən haqları var. Yəni bir insan dünyasını dəyişəndə ailə üzvləri, yaxınları, qonşuları, tanıyanları onun son əziyyətini çəkməli, dinimizin qanunlarına uyğun dəfn işlərini yerinə yetirməlidirlər. Bir məsələ də var ki, işin mənəvi yönü həmişə öndə olmalıdır. Belə ki, yüksək ruh sahibləri dəfn oluncağı yeri deyil, öləndən sonra gedəcəkləri ünvanı düşünmüş və hər işlərini bu yöndə tənzimləmişlər. Bir dərədə basdırılmaq və ya şəhərin ən bahalı yerində dəfn olunmaqdan daha önəmli olan məsələlər var. İnsanlar axirətdə qəbir qonşuluğuna görə yaxın olmurlar, əməllərinə, niyyətlərinə, Allah sevgisinə, Allah qorxusuna görə yaxın olurlar. Ona görə də irəlicədən özünə qəbir hazırlamaq və ya “məni mütləq filankəsin yanında basdırın” kimi tapşırıqlar vermək, vəsiyyətlər etmək yasaq sayılmasa belə çox da dəyərli iş sayılmamalıdır. Çünki insanın son nəfəsinə qədər yerinə yetirməli və yetirdikcə da qazanc əldə etdiyi o qədər işlər var ki, bu cür vəsiyyətlər onlarla müqayisədə çox bəsit, çox mənasız görünür.