“Qəbələ”, bu nə idi belə?

0
476

ELGİZ ABBASOV
“İnter” Avropa Liqasının ilk oyununu səfərdə keçirdiyindən bütün diqqətlər “Qəbələ”nin ev oyununda idi. Evdə “Şiroki Briyeq”i qəbul edən “Qəbələ”nin çətinliklə üzləşəcəyi əvvəlcədən təxmin edilirdi. Futbol mütəxəssisləri öz açıqlamalarında, biz isə yazılarımızda qeyd etmişdik ki, bu “Qəbələ” yarışa hazır deyil. Çətinlik mütləq idi və yaşandı da.
Futbolun kollektiv oyun olduğunu nəzərə alsaq, burada fərdlərin xüsusi önəm daşıdığı da danılmazdır. Kollektiv fərdlərdən təşkil olunur. Futbolda əvəzolunmazlar olmasa da, təkrarolunmazlar var. Bəli, fakt odur ki, “Qəbələ” İbrahima Niasse, Daniel Subotiç, Lorenzo Ebesilyo, Marat İzmaylov kimi oyunçuları əvəzləyə bilmədi. Amma yenə də gözləyirdik ki, “Qəbələ” öz azarkeşləri önündə “döyüşəcək”, mübarizə aparacaq, nəticə qazanacaq. Lakin nəinki azarkeşlərin, hətta Kəmaləddin Heydərov, Rövnəq Abdullayev, Elxan Məmmədov, Ramin Musayev kimi şəxslərin də stadiona gəlişi futbolçuların oyuna köklənmələrini təmin edə bilmədi. Elə ilk dəqiqələrdən görünən o idi ki, “Qəbələ” bu oyuna hazır deyil. Futbolçular arasında anlaşma, xətlər arasında əlaqə, demək olar ki, yox idi. Azərbaycan futbolunun ümidi Kamran Ağayev də həmin gün özünə bənzəmirdi. “Qəbələ”nin hansı oyuna üstünlük verdiyini ilk baxışdan təxmin etmək olardı. Topu at Mendiyə, o da qaçsın, görək nə olacaq… Sözsüz ki, qarşındakı rəqib bunu dərhal anlayacaq və bir tədbir görəcək. Belə də oldu. Mendi və Dodo tamamilə bağlandıqdan sonra Nizami Hacıyevin də faydalı iş əmsalı heçə endi. Kamran Ağayevin buraxdığı qollar, azarkeşlərin sadəcə, tamaşaçı qismində stadionda olmaları “Qəbələ”nin Avrokubokda debütünü korladı desək, yumuşaq olaraq, arzuların üstündən tamamilə xətt çəkdi. Mənə görə, “Qəbələ”nin bu oyunla (oyun?) gedib Şiroki Briyeqdə 2 və ya 3 qol vurması Dorinel Muntyanunun dediyi kimi, möcüzə olar, bəlkə də, ondan artıq…
Bəli, “Qəbələ” böyük dəyişikliklərə məruz qalıb. Yuri Syomin qurduğu komandanı gedişi ilə özü dağıtdı. Bu gün isə “Qəbələ”nin sadəcə, adı qalıb. Və əminəm ki, “Qəbələ” rəqibini düzgün analiz edə bilməmişdi. Rəqibimiz bilindikdən sonra hər kəs bar-bar bağırırdı ki, “Şiroki Briyeq” müasir futbol oynayır, topla yaxşı davranır və Vaqnerə güvənir. Bəli, bosniyalı qardaşlarımız bütün bu sadalananları Qəbələdə çox rahatlıqla həyata keçirdilər. Ägər bu gün 35 yaşlı Vaqner müdafiəni təkbaşına yarırsa, deməli, “Qəbələ”nin düşünməli olduğu məqamlar olduqca çoxdur. Amma indi düşünmək zamanı deyil.
Mənim yıxılına balta vurmaq kimi bir xüsusiyyətim olmasa da, şimal təmsilçisinin yeni baş məşqçisi Dorinel Muntyanu ilə bağlı da bir neçə kəlmə yazmalıyam. “Şiroki Briyeq”lə matçdan sonra onun mətbuat konfransında ilk dəfə iştirak etdim. Hiss olunur ki, futbolda böyük təcrübəsi var. Sözə “mən sizin qarşınızda başı dik danışa bilmirəm, bütün məsuliyyət mənimdir və mən günahkaram”, – deyən Muntyanu əslində əksər sualların qarşısını almış oldu. Günahını boynuna alan şəxsə deyiləcək hər hansı bir başqa söz yoxdur. Yaxşı, bunu başa düşdük. Bəs Avropa Liqasına vəsiqədən sonra əsas “silahların” gedişinə göz yuman rəhbərliyə, meydançada heç bir iş görməyən futbolçulara biz nə deyək və ya onlar azarkeşlərə nə deyəcəklər?
Mənə elə gəlir ki, bir komanda Avropa Liqasına ən pis halda “Qəbələ” kimi çıxa bilər. Yaraşmadı, “Qəbələ”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here