“İslam Həmrəylik ili”nin bəşəriyyət üçün böyük önəmi var

0
298

2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi ötən ilki “Multikulturalizm ili”nin məntiqi davamıdır. 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi Azərbaycanın islam dünyası ilə münasibətlərinin strateji əhəmiyyətini göstərir. Bu həm də ölkəmizin islam dünyasının vəhdətinə verdiyi önəmin nümayişidir. Bu, islam dünyasında baş verən proseslərə nizam gətirəcək”. Bu fikirlər Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin, Mingəçevir şəhər İcra Hakimiyyətinin, Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda keçirilən regional konfransda səsləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilməsi münasibətilə təşkil olunan tədbirdə dini icmaların sədrləri, din xadimləri, imam və axundlar, gənc dindarlar, eləcə də universitetin müəllim və tələbələri iştirak ediblər.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, islam dininin maddi və qeyri-maddi irsimizin formalaşmasındakı rolu, dünyada həmrəyliyin təmin olunmasındakı əhəmiyyəti, ölkəmizin birgəyaşayış siyasətinin daha dərindən mənimsənilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi regionlarda “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfranslar təşkil edir. Gündüz İsmayılov bu tədbirlərin keçirilməsində əsas məqsədin dini radikalizmlə mübarizə, dindarlar, xüsusilə gənclər arasında Azərbaycanda mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqi olduğunu diqqətə çatdırıb. O, bildirib ki, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi ölkəmizin islam dünyasının birliyinə böyük önəminin göstəricisidir: “İndiyədək müsəlman ölkələrini din ətrafında birləşməyə çağıran müəyyən təşəbbüslər göstərilib. Lakin, dövlətimizin başçısı İlham Əliyev tarixdə ilk dəfə olaraq, islam dünyasına siyasi mesaj ünvanlayaraq vahid mövqedən çıxış etməyin və birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarə edib”.
O vurğulayıb ki, ölkəmizdə elan olunan “İslam Həmrəylik ili”nin təkcə Azərbaycan və islam dünyası üçün deyil, bütövlükdə, bəşəriyyət üçün böyük önəmi var. Çünki dinlərarası qarşıdurma heç kəsə xoşbəxtlik gətirmir: “Günahsız insan ölümlərinə səbəb dünyada hökm sürən ziddiyyətlərdir. Yaxın Şərqdə baş verən hadisələr də bunu açıq şəkildə sübuta yetirir. İslamın əsl mahiyyətini Azərbaycan öz təqdimatında bütün dünyaya çatdırmağa cəhd göstərir. Təəssüflər olsun ki, bu gün maraqlı dairələr islamı terroru dəstəkləyən din kimi qələmə verirlər. Halbuki islamda dinc və günahsız insanın ölümü bəşəriyyətin ölümü kimi qiymətləndirilir”.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov “İslam həmrəyliyi: müasir çağırışlar”, Mingəçevir Dövlət Universitetinin müəllimi İlhamə İsmayılova “İslam ideologiyasının psixoloji aspektləri”, müəllim Üzeyir Zeynalov “Sivilizasiyaların inteqrativ münasibətləri və dialoqunda islam dininin yeri və rolu”, Tələbə Gənclər Təşkilatının sədri Qurbanov Rəşad “Azərbaycanda gənc nəsil mütərəqqi islam mədəniyyətinin daşıyıcısıdır” mövzusunda məruzə edib.
Çıxışlarda bildirilib ki, Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması, bütövlükdə, islam dünyasına, eləcə də dünyaya mesaj xarakteri daşıyır. Məqsədyönlü şəkildə dünyada, artıq uzun illərdi ki, islamofobiya hökm sürür, islam ölkələrinin əleyhinə kampaniya aparılır. Ayrı-ayrı güclər müsəlman dövlətlərinin enerji resurslarına yiyələnmək üçün fəaliyyətlərini islamofobiya faktoru üzərində qururlar. Belə amillərə qarşı mübarizə aparmaq və bunun üçün də həmrəylik nümayiş etdirmək lazımdır.


Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev çıxış edərək qeyd edib ki, Azərbaycan hər zaman islam həmrəylik prinsipindən çıxış edib. İslam insanları terrora, zülmə, əsarətə deyil, azadlığa və insan haqlarının qorunmasına, günahsız insanlara qarşı mərhəmət nümayiş etdirməsinə dəvət edir. O, qeyd edib ki, bu il Azərbaycanda 4-cü İslam Həmrəylik Oyunları keçiriləcək və 2018-ci ildə Naxçıvan islam mədəniyyəti paytaxtı elan edilib, 2016-cı il ərzində isə ölkəmizə axın edən turistlərin əksəriyyəti məhz müsəlman ölkələrinin vətəndaşlarıdır. 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi Azərbaycanın müsəlman dünyasında nümunəvi ölkə olduğunu bir daha sübut edir.
Esmira Hidayətova, Mingəçevir.