“Nə yaxşı ki, bu sənəti öyrənmişəm”

Hər hansı bir peşə müəyyən qabiliyyət tələb edir. Həyatda qabiliyyətsiz insan yoxdur. Hər insan müəyyən qabiliyyətə malikdir. Amma gərək elə peşə seçəsən ki, gələcəkdə seçdiyin peşəyə görə peşimançılıq çəkməyəsən. Bu günlərdə öz peşəsini sevən bir dərzi xanımla görüşüb həmsöhbət olduq.

Gülər Manaflı Mingəçevirdə qadın paltarı tikən tanınmış dərzilərdən biridir. Onun, belə demək mümkünsə, əlindən çıxan hər hansı bir geyim göz oxşayır. Onu da qeyd edək ki, Gülər xanım həm də qızlar üçün müxtəlif çehizlər də hazırlayır. O, bizimlə söhbətində bildrdi ki, əvvəlcə bu sənətə necə meyil salmasından söz açdı: “Hələ 4-cü sinifdə oxuyanda anamın, nənəmin əlinə baxıb bu peşənin sirlərini öyrənmişəm. Belə bir el məsəli var, kimisi səsi ilə, kimisi də barmaqları ilə el-obada tanınar. Mənim nənəm o vaxtı tikdiyi paltarlarla tanınıb. Elə mənə də həvəs onlardan keçib. Orta məktəbdə  bizə həftədə iki dəfə istehsalat dərsi tədris olunurdu. Həmin dərslərdə oğlanlara avtomobil istismarı, qızlara da dərziliyin sirlərini öyrədirdilər. Elə burada da çox şeylər öyrəndim. Artıq mən də bu sənəti qızlarıma öyrətmişəm. Mənim aləmimdə  kimliyindən, hansı sənətin sahib olmasından asılı olmayaraq, hər bir qadın tikiş işini – dərziliyi bacarmalıdır”.

Gülər xanımla söhbətimizi bu suallarla davam etdirdik.

– Deyirlər ki, dərzilik özü bir zövqdür, tikdiyiniz paltarlar müştərilərin ürəyincə olurmu?

– Əlbəttə, gərək elə paltar tikəsən ki müştərinin xoşuna gəlsin. Soruşan olanda ki, bu paltarı haradan almısan, məsələn, desinlər, filan ustaya tikdirmişəm. Yeri gəlmişkən, mən müştərilərimə məsləhətlər də verirəm. Müştəri var ki, elə parça növü seçir ki, ondan o istədiyi paltarı almaq mümkün olmur. Mən həmin müştəriyə izah edirəm ki, belə parçadan ançaq bu cür forma alına bilər. Belə olanda müştəri də razı qalır. Dərzi eyni zamanda öz zövqü ilə sifarişçinin zövqünü də oxşamağı bacarmalıdır.

– Bir paltarın ərsəyə gəlməsi üçün çox vaxt sərf edirsiniz?

– Paltarı başdansovudu tikib pulumu tez alım söhbəti yoxdur məndə. Həmişə tikdiyim paltarın keyfiyyətini düşünürəm. Elə bu kimi səbəblərdən bir paltarı iki həftəyə hazırlayıram. Bir də mən müxtəlif saplardan şallar, sərflər, koftalar, donlar da toxuyuram. Elə vaxtımın çoxunu da həmin toxuma işləri aparır.

– Sizə gəlinlik paltarı da sifariş olunur?

– O vaxtlar anam da gəlinlik geyimləri tikərdi. Amma onda müxtəlif çeşidlər çox olmazdı. İndi, maşallah, müasir gəlinlik paltarlarını o qədər çeşidləri var ki… Qızlar üçün müxtəlif cehizlər hazırlayıram. Tül mağazasında dərzi işləyəndə orada bu kimi sifarişlərim çox olurdu. Amma indi yorğan, döşək üzləri tikirəm. Ümumiyyətlə, dərziliyə nə aiddirsə, əgər belə demək mümkünsə, hamısı əlimdən gəlir. Elin bir sözü var, sənətkar günortaya qədər ac qalar. Allaha çox şükür edirəm ki, nə yaxşı ki, bu sənəti öyrənmişəm. Onu da deyim ki, sənətə həvəsin olmasa, onu öyrənmək mümkün deyil. Sənəti pul xətirinə öyrənsən, bu alınmayacaq.

– Mağazalarda paltar bolluğudur. Bu gün dərziyə ehtiyac duyulurmu?

– Deməzdim, müştərimiz boldur. İndi insanların durumu əvvəlki kimi deyil ki, hər həftə paltar tikdirsin. Olur da eləsi var ki, hər toydan-toya yeni paltar tikdirir. Daha çox “peredelka” işləri olur. Müşahidələrimə əsasən onu da deyim ki, son vaxtlar orta nəslin nümayəndələri bizə daha çox müraciət edirlər.

– Bu işlə gündəlik tələbatınızı ödəyə bilirsinizmi?

– Mən yuxarıda da qeyd etdim ki, əsas sənətdir. Həvəsin varsa, sənətə yiyələnə bilərsən. Mən gənclik illərimi bu sənətə bağladım. Şükür, dolanışıq var bu sənətdə, ailəmi bu işimlə dolandırıram.

Esmira Hidayətova, Mingəçevir.

Recommend to friends
  • gplus
  • pinterest

About the Author