“Münaqişəli ailələrin sayında nəzərəçarpacaq artım var”

0
124
Azərbaycanda münaqişəli ailələrin sayı əvvəlki illərlə müqayisədə artıb. Trend-in xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi tərəfindən təkcə 2016-cı il ərzində respublika üzrə 4114 münaqişəli ailə qeydiyyata götürülüb.
Həmin ailələrlə profilaktik iş aparıldığını deyən komitə rəsmisi əlavə edib ki, münaqişəli ailələr ölkənin bütün regionlarında olsa da, onlar Bakıda daha çox üstünlük təşkil edir. Ötən il Bakıda 711 münaqişəli ailə qeydiyyata götürülüb:
“Münaqişəli ailələrin sayında nəzərəçarpacaq artım var. Komitə bunun azaldılması istiqamətində iş aparır”.
R.Süleymanzadə deyib ki, münaqişəli ailələr boşanmış, zorakılıq faktları qeydə alınan, problemli ailələr hesab edilir:
“Ailələrdə münaqişələrin yaranmasının müxtəlif səbəbləri olur. Ailələrə kənar müdaxilələrin edilməsi, ailə üzvlərinin bir-birini başa düşməməsi, kişinin başqa qadınla, qadının başqa kişi ilə münasibətdə olması, əmlak mübahisələri, uşaqların xarici ölkələrə icazəsiz aparılması və s. səbəblər sonda ailələrdə münaqişələrin yaranmasına gətirib çıxarır. Bununla bağlı da həmin ailələr DİN tərəfindən münaqişəli ailələr kimi qeydiyyata götürülür və onlarla profilaktik iş aparılır”.