Firdovsi Umudov: “Kaş elə bir texnika olaydı, ona baxıb 6 dəqiqədə nələr çəkdiyimi görəydilər”

O, məşqçilikdən əlavə idmançı kimi də bir çox uğurlara sahibdir. Dəfələrlə Azərbaycan çempionu, gənclərin Avropa Birinciliyinin bürünc, tələbələrin dünya çempionatının gümüş mükafatçısı və dünya kubokunun qalibi olub. 2005-ci ildən isə Azərbaycanın sərbəst güləş üzrə milli komandasında çalışır. 2009, 2012, 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə isə dünyanın “Ən yaxşı məşqçi”si adına layiq görülüb. “Şöhrət” ordenli, “Tərəqqi” medallıdır. 2016-cı ilin noyabrından sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisidir. Beləliklə, həmsöhbətimiz Firdovsi Umudovdur.

– İran İslam Respublikasının Kirmanşah şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarından bürünc medalla qayıtdınız. Bu münasibətlə biz də sizi təbrik edirik. Firdovsi müəllim, bu yarışın sizin üçün yaddaqalan anları barədə nə deyə bilərsiniz?

– Bildiyiniz kimi, A qrupunda biz çox güclü güləş ölkələri ilə – heyətlərində dünya və olimpiya çempionları olan Rusiya, ABŞ və Gürcüstan komandaları ilə mübarizə apardıq. Rusiya və Gürcüstan komandalarını məğlub etdikdən sonra ABŞ idmançıları ilə qarşılaşdıq. Yarışdan öncə ilk üçlükdə qərarlaşmağı planlaşdırmışdıq. Görüşləri keçdikcə isə qızıl medalları qazanmağa daha ümidli idik. Ancaq ABŞ komandası ilə görüşdə 74 kq çəki dərəcəsində hakim haqzıslığı ilə üzləşdik. Görüşün sonuna 1 dəqiqə qalmış (hesab o ana qədər 5:1 güləşçimizin xeyirinə idi) ardıcıl 3 xəbərdarlıqla Murad Süleymanova texniki məğlubiyyət verilməsi görüşün nəticəsinə ciddi təsir etdi.

Onu da deyim ki, bu yarış baş məşqçi təyin olunduğum (10 ildən artıqdır ki, yığmada çalışıram. Yeniyetmələrdə baş məşqçi olmuşam. 2008-dən böyük məşqçi kimi fəaliyyət göstərmişəm. 2016-cı ilin noyabrından sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisiyəm) məşqçilər korpusunun 2017-ci ildə ilk ciddi yarışı idi. Təbii ki, bu mənim üçün həm də bir sınaq oldu. Şükürlər olsun ki, bu sınaqdan da üzüağ çıxdım. Bir də… bu dəfə mən heyətdə gənclərə üstünlük verdim və onlar özlərini doğrultdular. Əldə olunan bu uğurda, şübhəsiz ki, Azərbaycan Güləş Federasiyası rəhbərliyinin, federasiyamızın prezidenti cənab Fazil Məmmədovun, I vitse-prezident Namiq Əliyevin də xüsusi xidmətləri oldu.

– Hakim səhvləri olmasaydı, daha yüksək nəticə əldə etmək olardı, eləmi?

– Əlbəttə… Mən qarşıma məqsəd qoymuşdum ki, o kuboku bir də Azərbaycana gətirək (Məlumat üçün bildirim ki, Azərbaycan sərbəst güləşçiləri 2 dəfə (2004 və 2009) Dünya Kubokunun sahibi olub). İnşallah, qarşıdakı illərdə buna nail olarıq. Yeri gəlmişkən, 10 milyonluq Azərbaycanın əhalisinin sayına görə çoxluq təşkil edən İran, Rusiya, Türkiyə kimi tanınmış güləş ölkələri ilə mübarizə aparması və belə uğurlar qazanması böyük fəxrdir. Bu bir daha Azərbaycanın həm də bir idman ölkəsi olmasının göstəricisidir. Bu göstəricilər isə hər şeydən əvvəl, ölkəmizdə idmana göstərilən qayğının, ölkə başçımız cənab İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Bu yerdə idman aləmindəki daha bir neçə uğurumuzdan da söz açmaq istərdim. 2015-ci ildə ölkəmizdə keçirilən Avropa Oyunlarında idmançılarımız qazandığı uğurlarla sözün əsl mənasında tarix yazdılar. Bu uğurlar sayəsində belə bir mötəbər turniri 56 medalla – 21 qızıl, 15 gümüş, 20 bürünc – başa vurduq. Təbii ki, bu uğurlarda ən çox pay sahibi güləşçilərimiz oldu. Pəhləvanlarımız İlk Avropa Oyunlarında ümumilikdə 6-sı qızıl, 2-si gümüş, 7-si bürünc olmaqla 15 medal qazandılar. Braziliyanın Rio-de-Janeyro şəhərində – XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz ölkəmizin idman şərəfini ləyaqətlə qoruyublar. Belə ki, həmin yarışda 18 medal qazanıldı və onlardan da 9-unu (3 gümüş və 6 bürünc) güləşçilərimiz əldə etdilər. Bununla da güləş tarixində yeni bir səhifə yazdılar. Onu da deyim ki, həmin yarışda sərbəst güləşçilərimiz 6 çəki dərəcəsi üzrə 5 medal qazanaraq medal sayına görə bütün komandaları qabaqladı, yəni birinci oldu. Yeri gəlmişkən, Rio-de-Janeyrodakı olimpiadada iştirak etmiş ölkələrin nümayəndələri bizimlə söhbətlərində Bakıda keçirilmiş Avropa Oyunları haqqında o qədər xos sözlər dedilər ki… Təbii ki, Avropa Oyunlarının yüksək səviyyədə təşkili, hər şeydən əvvəl, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, bu günlərdə Azərbaycanın birinci vitse-prezidenti təyin olunmuş Mehriban xanım Əliyevanın (Ona bu yeni vəzifəsində uğurlar diləyirəm) yüksək təşkilatçılığının bəhrəsi idi.

– Söhbətimiz Xocalı faciəsinin 25-ci ildönümünə təsadüf edir. Ümumiyyətlə, yarışlar çərçivəsində həmkarlarınıza ermənilər tərəfindən başımıza gətirilmiş müsibətlərdən söz açırsınız?

– Belə söhbətlər olur… Belə söhbətlərdən söz açmaq bizim mənəvi borcumuzdur. Doğrudur, deyirlər, idmanı siyasətə qarışdırmaq olmaz. Amma İranda keçirilən Dünya Kubokunun açılış mərasimində meydan sahibləri şəhid ailələrini də təqdim etdilər. Onların vətənpərvərliyini bir daha yada saldılar. Güman edirəm ki, biz də onların təcrübəsindən yararlanmalıyıq. Elə bu kimi tədbirlər çərçivəsində də bütün dünyaya ermənilərin necə riyakar, soyqırım ustadları olduğunu çatdırmalıyıq.

– Qarşıda sizi IV İslam Həmrəyliyi Oyunları, Avropa çempionatı kimi mötəbər yarışlar gözləyir. Nə gözləyirsiniz?

– Çalışacağıq ki, dövlətimizin, Federasiya rəhbərliyinin etimadını, güləş azarkeşlərinin ümidlərini doğruldaq və daha yaxşı nəticələr qazanaq. Bir sözlə, qarşımızda böyük hədəflər var ki, onlara da gənc və peşəkar komandamızla birlikdə nail olacağıq. Adlarını çəkdiyiniz yarışlardan isə təbii ki, uğur gözləyirik. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilib. Bu ilə töhfə verməməkmi olar? Yeri gəlmişkən, martda Türkiyədə, apreldə isə Bolqarıstanda keçirilən turnirlərdə heyəti yoxlayacağıq.

Kim qazansa…

– Təmsilçilərimiz tatami üzərinə çıxıb güləşdikdə adama elə gəlir ki, sanki Firdovsi müəllim də onlarla bərabər güləşir. Belə anlarda sizin çığırmağınızı aydın eşitməmək, qan-tər içində olmağınızı görməmək, bir sözlə, emosiya və həyəcanınızı duymamaq mümkün deyil. Sizcə, məşqçi elə belə olmalıdır?

– Bu barədə mənə dostlar da, tanışlar da, evdəkilər də deyirlər. İnandırım sizi, sonradan həmin epizodları mən özüm seyr edəndə özümü tanımıram. O anlarda özümdə olmuram. Hətta hərdən deyirəm: “Bu mənəm, yoxsa mən deyiləm?” Amma müşahidələrimə əsasən deyə bilərəm ki, belə çılğınlığım tatami üzərində yarışan təmsilçilərimizə sanki əlavə güc verir.

Bir də… mənə elə gəlir ki, vətənpərvərlik hissi olan hər bir insanda belə yarışlarda həyəcan və emosiya olmalıdır. Görünür, bu mənim vətənpərvərliyimdən irəli gəlir. Hər yarışda istəmişəm ki, Azərbaycanımızın bayrağı həmişə yüksəklərdə dalğalansın, himnimiz səslənsin. Mən hər zaman vətənpərvər olduğumu fəxrlə demişəm və idmançılarımıza da bu hissləri aşılamağa çalışıram.

– Başqalarını deyə bilmərəm, mən sizi hər dəfə belə görəndə, öz sənətinin vurğunu olan muğam ustamız Alim Qasımov yadıma düşür… O, həmişə gözlərini yummaqla sanki öz iç dünyasını ortaya qoymağa çalışır.

– Müqayisəyə görə sağ olun. Amma yenə deyirəm, mən o anlarda özümdə olmuram. O anlarda bütövlükdə yarışlara köklənirəm. Elə yarışlar öncəsi də gərgin oluram. Bu yerdə London Yay Olimpiadasındakı (2012) bir epizod yadıma düşdü. O yarışlarda mən, demək olar ki, iki sutka yatmadım. Güzgüyə baxanda saçımın ağardığını gördüm. Üstəlik, gərginlikdən qolumda ləkələr peyda olmuşdu. Məlumat üçün bildirim ki, London olimpiya oyunlarında güləşçilərimizin göstərdikləri əzmkarlığı xüsusi qeyd etmək istəyirəm. Həmin möhtəşəm idman tədbirindən 2 qızıl, 2 gümüş, 3 bürünc medalla dönən güləşçilərimiz respublikamızda bu idman növü üzrə tarixi ənənələri olan sanballı məktəbin olduğunu bir daha nümayiş etdirdilər.

– Və bir də… Yüksək qələbə qazananları çiyinləriniz üzərində gəzdirmək də sizdə adət halını alıb… Bu sevincdən qaynaqlanır? Bayrağımızdan öncə onları qaldırırsınız… İlk dəfə hansı güləşçi bu şərəfə nail olub?

– 2011-cu ildə keçirilən dünya çempionatında Şərif Şərifov… Mən London Olimpiya Oyunlarında iştirak edən güləşçilərimizə də demişdim: “Çəkinizdən asılı olmayaraq, kim qızıl qazansa, onu və onun da başının üstündə üçrəngli şanlı bayrağımızı qaldırıb, tatamidə dövrə vuracağam”. Və mən sözümün üstündə durdum. Ağır çəkili güləşçimiz Xetaq Qazyumovu qaldırıb dövrə vuranda hamı heyrətə gəldi ki, mən bu işin öhdəsindən necə gəldim? Bilirsinizmi, qələbə anında mənə əlavə güc gəlir, inandırım sizi, gözümə heç nə görünmür. Elə bilirəm ki, dünyanın ən qiymətli hədiyyəsi ilə mükafatlandırılmışam. Bir sözlə, qələbə anlarımızda dünyanın ən güclü insanına çevrilirəm. Bir də… hər qızıl medal qazanılanda elə bilirəm ki, yenidən dünyaya gəlirəm. Təki qələbələr olsun… mən də onları bu şəkildə çiyinlərimə qaldırım.

– İndiyədək neçə dəfə Azərbaycan bayrağını qaldırmısınız?

– Sözün düzü, bu suala dəqiq cavab verə bilməyəcəyəm. Amma onu deyə bilərəm ki, hər yarışda öz bayrağımızı dalğalandırmaqdan şərəf duyuram. Bayrağımız bizim canımızdır, qanımızdır. Bu bayraq ata-babalarımızın, şəhidlərimizin qanı bahasına qorunub saxlanıb.

“Şükürlər olsun Allaha ki, mən qayıda bildim”

– Elə isə Firdovsi müəllimə belə anlar yaşadan olub?

– Sözsüz ki, müəyyən uğurlarım olub. Sevincli anlarım olub. Amma elə anlar yaşamamışam. O zamanlar, yəni ötən əsrin doxsanıncı illərinin əvvəllərində bizdə belə idman ab-havası yox idi. Şəraitimiz də o qədər yaxşı deyildi. Məsələn, biz Qazaxda qaranlıq bir zalda məşq edərdik. Amma içimizdəki vətənpərvərlik hissi o qədər güclü idi ki… O zaman heç mükafat, hədiyyə barədə də düşünməzdik. Sözsüz ki, biz də olimpiya çempionu olmaq arzusunda idik. Amma o şərait buna imkan vermirdi. Təlim-məşq toplanışların keçirə bilmirdik. Yarışlar müxtəlif məkanlarda keçirilirdi. Amma bu gün, demək olar ki, bütün bölgələrimizdə müasir Olimpiya İdman Kompleksləri var. Bu gün xarici ölkələrin idmançıları bizim ölkəmizdə təlim-məşq toplanışları keçirirlər. Bu kimi faktlar 26 yaşlı ölkə üçün böyük uğurdur.

– Deyəsən, bu sual keçmişi vərəqləmək üçün bir vasitə oldu. Deyirəm, bəlkə bir az geriyə qayıdaq?

– Mən dəfələrlə ölkə çempionu titulunu qazanmışam. Avropa birinciliyinin mükafatçısı olmuşam, gənclər arasında dünya çempionatının gümüş medalını qazanmışam. 2004-cü ildə komandamızın dünya kubokuna yiyələnməsində pay sahibi olmuşam. Olimpiya çempionu arzusunda olmuşam, lakin bayaq sadaladığım səbəblər ucbatından bu, qismətim olmayıb. Yeri gəlmişkən, onu da deyim ki, Qazaxda məşqçim Əməkdar məşqçi Ramiz Tağıyev olub. Onun mənim üzərimdə əməyi çoxdur. Sumqayıta, yığma komandaya gəldikdən sonra isə atamın dostu, adını daşıdığım Firdovsi Ömərovun rəhbərliyi altında məşqlərimi davam etdirmişəm.

– Eşitdiyimə görə, bir müddət idmandan uzaq olmusunuz?

– Onda 22 yaşım var idi. Bakıdan Qazaxa gedəndə avtomobil qəzasına düşdüm və zədə aldım. Hətta bir neçə gün komada oldum (Amma bundan valideynlərimin xəbəri belə olmadı). Buna görə iki dəfə əməliyyat olundum. Ağ ciyərimə qan yığılmışdı, qabırğalarım qırılmışdı. Bundan sonra yarışlarda uğur qazanmaq çox çətin idi. Buna rəğmən, məşqçilərimin, mənə sadiq olan insanların sayəsində yenidən idmana qayıtdım. Ondan sonra dəfələrlə ölkə çempionu, beynəlxalq yarışların qalibi oldum.

– Həmin ağır günlərinizdə, yəqin ki, çoxlarını ələkdən keçirdiniz?

– Bəli, o hadisə məni çox şeylərdən agah etdi. Məhz o günlərimdə, dəqiqələrimdə kimin kim olduğunu bildim. Əbəs yerə deməyiblər ki, dost dar gündə tanınar. Hətta bəziləri elə düşünürdülər ki, Umudov bir daha idmana qayıda bilməz. Amma şükürlər olsun Allaha ki, mən qayıda bildim. 2004-cü ildə də məni yığma komandaya məşqçi kimi dəvət etdilər. Bir məlumatı da qeyd edim: mən məşqçiliyə “Aqrarkerdit” Səhmdar Təşkilatının İdarə Heyətinin sədri, əslən Qazaxdan olan, güləşin sirlərini bilən Məmməd Musayevin təşəbbüsü ilə təşkil edilmiş “Göyəzən” İdman Klubunda başlamışam. Ondan sonra yığmaya cəlb olunmuşam. Yeri gəlmişkən onu da deyim ki, bu klubun uğurları çoxdur. Onun yetirmələrinin sorağı dünyanın mötəbər yarışlarından gəlir. Elə indi də klub fəaliyyətini günün tələbləri səviyyəsində davam etdirir.

– Firdovsi müəllim, sualıma cavabınızda dəqiqlər sözünü işlətdiniz. Məndə belə bir sual yarandı: bir məşqçi, baş məşqçi kimi 6 dəqiqə sizin üçün nə deməkdir?

– 6 dəqiqə 60 dəfə ölüb-dirilmək deməkdir. Güləşçilərimiz tatami üzərində olarkən hər 6 dəqiqə mənim üçün uzun bir zamana çevrilir. Məşhur bir ifadə var: əsrə bərabər gün. Mən deyərdim ki, həmin 6 dəqiqələr o anlarda elə bu anlama gəlir. Hər 6 dəqiqənin son saniyələri barədə isə söz deməkdə çətinlik çəkirəm. Hərdən o anları yada salanda tüklərim biz-biz olur. Deyirəm, kaş elə bir texniki qurğu olaydı, onda baxıb görəydilər ki, o 6 dəqiqədə insan nələr çəkir. O anları yaşamayan məni başa düşə bilməz.

– Əgər rejissor olsaydınız haqqınızda yazılan əsərdəki baş qəhrəmanı canlandırmağı kimə həvalə edərdiniz?

– Ya Nurəddin Mehdixanlıya, ya Rasim Balayevə, ya da Fəxrəddin Manafova…

“Məşqçilik elə hərbçilik kimidir”

– “Şöhrət” ordenli, “Tərəqqi” medallısınız. Bütün bunlar sizin əməyinizə verilən yüksək qiymətdir. Bunlar həm də Azərbaycan güləşinin şöhrətindən, tərəqqisindən xəbər verir. Bu kimi uğurlarınızda ən çox kimə minnətdarsınız?

– Allahıma, valideynlərimə, ailəmə… İlqar (Məmmədov) adlı dostuma… Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev mənə çox dəstək olub. Məşqçi kimi yetişməyimdə də Firdovsi müəllimin əməyi çox olub. Məhz onun tövsiyəsi ilə yığmaya cəlb olundum. Yığmanın baş məşqçisi Yaqub Məmmədovun da adını çəkmək istərdim.

– Məşqçiliyi daha çox sevirsiniz, yoxsa Sərhəd Qoşunlarındakı işinizi?

– Sərhədçi Olimpiya İdman Mərkəzinin rəis müaviniyəm. Gizirlikdən polkovnik-leytenant rütbəsinə qədər (məşqçilikdən öncə Dövlət Sərhəd Qoşunlarında çalışmağa başlamışam, 2005-dən məşqçilikdəyəm. Onu da deyim ki, Naxçıvan Universitetinin hüquq fakültəsini (Hüquqşünas olmaq mənim arzum olub) bitirmişəm. Həm də Bədən Tərbiyəsi və İdman Akademiyasının məşqçi-müəllim fakültəsini başa vurmuşam) yol gəlmişəm. Konkret sualınıza gəldikdə, mənim aləmimdə məşqçilik elə hərbçilik kimidir. Yəni hərbidə olan nizam-intizamı məşqçilikdə də yaşatmağa çalışıram. Təbii ki, nizam-intizam hər qələbənin əsasını təşkil edir. Bu mənada onları bir-birindən ayırmaq istəməzdim. Hətta komandada mənim belə bir şüarım da var: kimliyindən asılı olmayaraq, müəyyən edilmiş nizam-intizamı pozan idmançı millinin heyətində ola bilməz. İdmançı nümunəvi olmalıdır. Unutmayaq ki, biz ötən əsrin 90-cı illərində nizam-intizamsızlıq ucbatından çox idmançı itirmişik.

– Hacı Əliyev, Toğrul Əsgərov, Cəbrayıl Həsənov… Mötəbər bir yarışa onlardan hansı ilə qatılmağa üstünlük verərdinız?

– Mən onları 2007-ci ildə yığmaya cəlb etmişəm. Onların hər biri olduqca nizamlıdır, üstəlik, bacarıqlı güləşçidir. Bu mənada onların hər biri mənim üçün qiymətlidir. Onları bir-birindən ayırmazdım (artıq Cəbrayıl milli yığma komandaya kapitan təyin olunub). Onların 3-də komandanın aparıcı üzvləridir. Təəssüf ki, Toğrulun boyun nahiyəsində ciddi zədəsi var. Rio Olimpiadasında da bu özünü göstərdi. O bu yaxınlarda əməliyyat olunmalıdır.

– Eşitdiyimə görə, o basqa çəkidə çıxış edəcək? Ümumiyyətlə, çəki dərəcəsi idmançı üçün nə kimi rol oynayır?

– Güləşçi üçün bunun fərqi yoxdur.

“Bir amalım var…”

– Firdovsi Umudov Qazax rayonunun Aslanbəyli kəndində dünyaya göz açıb. Bu bölgə şairləri ilə daha çox məşhurdur. Bəs Firdovsi müəllimin şeirə, poeziyaya münasibəti necədir?

– Mən şeirə, saza, üstəlik, muğama da vurğunam. O mühitdə doğulub şeirə, saza meyl salmamaq mümkün deyil… Xüsusilə “Azərbaycan” şeiri ilə dünyaya səs salmış Səməd Vurğuna… Yeri gəlmişkən, Qazax həm də öz qəhrəmanları ilə tanınır. Bu yurdun ilkləri çox olub: artilleriya generalı, “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” ilə hərbi dərsliklərə düşmüş (Cümhuriyyət dövründə hərbi nazirin müavini olub) Əliağa Şıxlinskinin, ilk azərbaycanlı hərbi pilot Fərrux Qayıbovun adlarını çəkmək, məncə, kifayətdir. Qarabağ döyüşlərində də bu bölgə öz qəhrəmanlığı ilə seçildi. Ümumilli liderimiz Heydər Əliyev qazaxlılarla görüşdə demişdi ki, əziz qazaxlılar, siz burada həm öz torpaqlarınızı qoruyursunuz, həm də bütün Azərbaycanı… Siz Azərbaycanın dayağısınız. Qazax həm də öz güləş məktəbi ilə fərqlənib. Bu gün də bu ənənə davam edir. Yeri gəlmişkən, bu il yaşlılar arasında Mahir Əmiraslanov ölkə çempionu oldu. 2015-də isə o, gənclər arasında dünya çempionu titulunu qazanıb. Ötən il Əfqan Xaşalov dünya çempionu kimi qızıl medalı boynundan asdı. Mən bu suala cavab verərkən, hansısa bölgənin uğurlarını ön plana çəkmək istəmirəm. Belə şeylər mənim təbiətimə ziddir. Sadəcə, sualınıza cavab verməyə çalışdım. Mənim bir amalım var: o da Azərbaycan… Mən bütövlükdə öz vətənimin vurğunuyam.

– Nə vaxtsa ürəyinizdən keçənləri vərəqə köçürmüsünüz? Yaxud da şair demişkən, yeri gələndə uydurmusunuz?

– Şairlər demişkən, təb gəlib, amma qələmə almamışam. Hərdən də demişəm ki, kaş bir musiqi alətini əməlli-başlı dilləndirə biləydim və o həyəcanlı anlarımı ifa edə biləydim.

– Məgər saz çala bilmirsiniz?

– Mənim nənəmin dayısı Aşıq Avdı Qaymaqlı (O, Qazaxın Qaymaqlı kəndindəndir) olub. Əmilərim, atam da saz ifa edən olublar. Mən də saz çala bilirəm, amma o qədər də mükəmməl yox.

“Hər sahədə əzmkarlıq vacibdir”

– Eşitdiyimə görə, futboldan güləşə gəlmisinz. Yaşıl meydandan tatamiyə qədərki yol çətin olmayıb ki?

– Yox, mən kənd uşağı olmuşam. Kürün sahillərində böyümüşəm. “Göyəzən”in kiçik yaşlılarının qapıçısı idim. Səkkizinci sinifdə isə güləşlə özümü müdafiə məqsədi ilə məşğul olmağa başladım. Amma az sonra güləşə olan həvəs futbolu üstələdi. 5-6 aydan sonra rayon birinciliyində fərqləndim. Sonradan atam dedi ki, daha bundan geri çəkilmək yoxdur. Özüm də uğurlarımdan sevindim. Beləcə, beynəlxalq yarışlara çıxmağa başladım.

– Belə çıxır ki, Azərbaycan futbolu Firdovsi Umudovun simasında bir futbolçusunu itirib?

– Deyə bilmərəm. Ola bilsin ki, futbolda belə nəticələrə imza ata bilməzdim. Kim bilir, bəlkə də bilərdim. Amma mənə elə gəlir ki, hər sahədə əzmkarlıq vacibdir.

– Uşaq vaxtı davakar olmusunuz?

– Bəli, davakar olmuşam. Amma həmişə çalışmışam ki, mənə görə valideynlərimə söz gəlməsin.

– Bəlkə valideynləriniz barədə danışasınız?

– Ailəmiz imkanlı olmayıb. Atam adi sürücü, anam tibb bacısı olub. Ailədə bir qardaş, bir bacı olmuşuq. Bacım Tibb Universitetini bitirib.

– Ata ocağı ilə bağlı hansı xatirələrinizi yada salmaq istərdiniz?

– Atamın elə savadı yoxdur. Gəlib otururdu mənim dərslərimdə… Ya da evdə məndən dərslərimi soruşurdu. Yəni atam dərslərimlə çox maraqlanırdı. Hə, hərdən də maşının qabağına salıb məni qaçırırdı. Məni fəhlələrlə birgə işlədərdi. Deyirdi, bu da idmandır, zəhmətə qatlaşma idmanı… (Mən onda güləşirdim, respublika çempionu olmuşdum). Ağstafa çayının üzərində körpü var. Oradan suya tullanırdım. Deyirdi, baxım görüm qorxursan, yoxsa qorxmursan? Çayda icazəsiz çiməndə isə anam narahat olurdu. Mən uşaq vaxtı yel xəstəliyindən əziyyət çəkmişəm. Müalicə olunurdum. Buna görə narahat olurdu. Buna görə danlanardım, döyülürdüm. Daha demirdilər ki, bu ailənin tək oğul övladıdır.

“Mənim də bir sirrim var”

– Firdovsi müəllim, indi verəcəyim suallar çaparaq olacaq… Siz də elə çaparaq cavab verməyə çalışın…

– Nə deyirəm ki…

– Üzüntüləriniz çox olub?

– Olub…

– Bəs o anlarda özünüzə necə təskinlik verirsiniz?

– Atamla-anamla, evdəkilərlə, özümə daha yaxın bildiklərimlə danışmaqla.

– Hansı şairi mütailə edirsiniz?

– Bayaq dedim: Səməd Vurğunu…

– Hansı futbol komandasına azarkeşlik edirsiniz?

– “Qarabağ”a. Qurban Qurbanova bir məşqçi kimi xüsusi hörmətim var. Onunla fəxr edirəm. O da əzmkardır, nizam-intizamı da çox sevəndir. Bibim nəvəsi Elvin Yunuszadə də bu komandanın heyətində çıxış edir.

– Ulduz xəstəliyinə münasibətiniz…

– Heç bir sahədə başgicəllənmə olmamalıdır.

– Sizi istəməyənlər çoxdumu?

– Çoxmu, azmı deyə bilmərəm. Amma onu deyə bilərəm ki, mənim də uğurlarıma qısqanclıqla yanaşanlar var. Hətta haqqımda mənfi rəylər yaratmağa çalışırlar. Amma mən belə şeylərə əsla fikir vermirəm.

– Sıxılanda hara üz tutursunuz?

– Dənizə, meşəyə… təbiəti çox sevirəm.

– Adətən ustadlar 40-cı fəndi şagirdlərinə öyrətmirlər… Bəs siz necə? Bildiklərinizin hamısını şagirdlərinizə başa salmısınız?

– Dədə Aşıq Ələsgərin belə bir hikmətli, ibrətamiz kəlamı var: “Bir şəyird ki, ustadına kəm baxa, onun gözlərindən qan damar-damar”. Buna rəğmən, dünyanın işini bilmək olmaz. Odur ki, 40-cı fəndi deməzdim, mənim də bir sirrim var ki, onu saxlayıram.

– Həyatda nələri yıxmaq istərdiniz?

– Pis niyyətliləri…

– Həyatda ən böyük təsəlliniz?

– Qələbələr…

– Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?

– Xoşlamadığım mövzu yoxdur.

– Ən çox nədən qorxursunuz?

– Dedi-qodulardan… şərdən-böhtandan… arxadan vurulan zərbələrdən…

– Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?

– Azərbaycanımızı sevək və həmişə bir yerdə olaq.

– Sizi daha çox nə narahat edir?

– Qarabağın hələ də düşmən tapdağında olması…

– Hansı məşqçinin qarşısında baş əyərdiniz?

– Öz məşqçilərimin… Ramiz müəllimin, Firdovsi müəllimin…

– Tatami sizin üçün nədir?

– Həyat..

– Ən çox sevdiyiniz mahnı?

– Şopenə qulaq asıram. Bir də Vaqif Mustafazadəyə…

– Sevdiyiniz müğənni?

– Şövkət xanım Ələkbərova…

– Hansı mahnını zümzümə edirsiniz?

– “Gecələr” mahnısına…

– Hansı markalı maşında özünüzü rahat hiss edirsiniz?

– Elə bir fərqi yoxdur. İlk dəfə atamın o zamanlar sürdüyü “Zil”inin sükanı arxasında əyləşmişəm.

– Nədən müdafiə olunursunuz?

– Pis insanlardan…

– Bəs nə zaman hücuma keçirsiniz?

– Elə ilk anlardan..

– Sizə elə gəlmirmi bir qədər aqressivsiniz?

– Bir qədər yox, çox…

– İdman aləmində tanışlıq keçir?

– Mən öz sahəmə görə deyirəm: bu mümkün olan bir iş deyil.

– Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?

– Ova çıxmağı sevirəm. Bir də gözəl silahlar xoşlayanam.

– Sazda kimə qulaq asırsınız?

– Aşıq Ədalətə…

– Kolleksiyanız var? Orada sizə görə ən qiymətli nədir?

– “Şöhrət” ordeni və “Tərəqqi” medalı… Bir də Prezidentin verdiyi fəxri diplom…

– Yoldaşınız bu sahənin adamıdır?

– Yox…

– Övladlarınız barədə nə deyə bilərsiniz?

– 3 qızım var… İkisi orta məktəbdə oxuyur, biri isə bağcaya gedir. Akrobatika, üzgüçülüklə məşğuldurlar. Amma peşəkar idmanla məşğul olmalarını istəməzdim.

Qvami Məhəbbətoğlu

Recommend to friends
  • gplus
  • pinterest

About the Author