Beynəlxalq qurumlar Ermənistanı, deyəsən, “sudyanın oğlu” bilirlər

0
239

Deyirlər ki, guya hər sualın üç cavabı varmış: sənin cavabın, mənim cavabım və doğru cavab. Qəribədir, elə deyilmi? Əslində, burada qəribə bir şey yoxdur. Hər birimiz səhv edə bilərik, hər hansı birimizin cavabı doğru olmaya bilər. Bu o demək deyil ki, sualın doğru cavabı yoxdur.

Sultanməcid kişinin uşaqları kiçik ikən onlardan birinə müəllimindən soruşmaq üçün yazıb bir sual verir. Sual deyəndə ki, belə bir cümlə: – “Yük düz, taraz olarsa, daş qəribliyə düşməz” nə deməkdir? Ata üstəlik uşağı vasitəsi ilə müəllimdən məktubu sinifdə oxumamağı da xahiş edir.

Gənc müəllim dərs bitən kimi, məktubu oxuyur, ha düşünür, ha fikirləşir bir şey anlamır. Çarəsiz qalıb məktubu müəllimlər otağında oxuyub kömək istəyir. Sultanməcidi tanıyanlar deyirlər ki, o da Molla Nəsrəddin kimi ağlına nə gəldi düzüb-qoşur, hər şeyə don geyindirir. Daş da qəribliyə düşər. Daş nə biılir qəriblik nədir, vətən nədir? Söhbəti diqqətlə dinləyən yaşlı müəllimlərdən biri deyir: – Sultanməcid təhsilli olmasa da, həyatı qəlb aynasında seyr edib, ağıl gözü ilə görməyə çaılşan bir adamdır. O, adi bir sual deyil. Siz görməmisiniz, yaxın keçmişə qədər kəndlərdə əsas nəqliyyat vasitəsi at, uzunqulaq idi. Ot-ələf, taxıl, odun onların belində daşınırdı. Qoşqu heyvanlarının belinə qoyulan yük iki hissəyə ayrılıb, sağ və sol yanından asılardı. Gözəyarı, çəkmədən və ya ölçmədən bölünən yük bəzən ağır tərəfə basır, ya yük aşar, ya da heyvana əziyyət verərdi. Yükü tarazlamaq üçün insanlar çox vaxt yüngül tərəfə müəyyən ağırlıqlı daş qoyurmuşlar. Bazara, dəyirmana və ya evə daşınan müxtəlif yüklərlə daş da aparılardı. Yerini dəyişən daş, şübhəsisz, qəribliyə düşər, ya hasarın dibində düşüb qalar, ya da lazımsız olduğu üçün diyirlədərdilər bir kənara. Sultanməcid kişi görülən işdə düzlüyün, bərabərliyin vacibliyini vurğulamaq istəyir. Hər insan elə işləsin gərək ki, işinin nəticəsindən cansız dediyimiz daş da əzab çəkməsin. Ona görə də işi görməzdən əvvəl yaxşıca götür-qoy eləmək lazımdır.

Adi bir kəndlinin həyati misalla ifadə etdiyi məntiq bu gün nəfəsi daralmış dünyamızın xilası üçün çox vacibdir. Dünyanın boğazına ilan kimi sarılmış haqsızılq və bu haqsızlığa biganəlik dünyanın tarazlığını kəskin şəkildə pozmuşdur.  Görəsən, duru suyu bulandırıb balıq tutmaq istəyən siyasətçilər bu sualın cavabını tapa bilərlər? Tapa bilsələr də tutduqları işdən utanıb usanarlarmı? Bax, bu suala cavab vermək çox çətindir. Dinc şəraitdə, “az aşım, ağrımaz başım” deyib rahat yaşayan ölkələrin aşına su qatıb, yediyini burnundan gətirənlər öz mənafeləri üçün istədikləri vaxt çox məharətlə saxtalaşdıra bildikəlri tarixə, mənsub olduqları dinə, əxlaqa nəzər salmağa heç vaxt tapmırlarmı? Özlərini uzaqgörən hesab edən bu adamlar dünyanı öz məhvərindən çıxarmaq üzrə olduqlarından xəbərsizdirlər? Lap sadə dillə desək, onların kəndli Sultanməcid qədər düşüncələri yoxdur? Daşın qəribliyə düşəcyindən əndişələnən insan dünyasını dəyişsə də, bu dünya hələ də korafəhm siyasət qurbanları olan qaçqın və köçkünlərin dərdinə sızıldamaqda, tökülən göz yaşları, axan qanları udmaqdadır. .

“ZAMAN” qəzetini gözdən keçirib, yarımçıq qalmış yazımı davam etdirmək istəyirdim ki, qəzetdə gözəl materillarla üzləşdim, Sultanməcidin sualından daha ciddi,  günümüzdə bütün dünyaya ünvanlanan və təsdiq cavab verilməsi qeyri-mümkün bir sual oxudum.

NATO Parlament Assambleyasının (PA) Bakıda keçirilən “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Roth” Seminarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun sərt çıxışı ürəyimdən tikan çıxardı: – T. Poqasyan burada dedi ki, “hansı qətnamədə yazılıb ki, erməni qoşunları işğal olunmuş ərazilərdən çıxarılsın?”. Ziyafət Əsgərov BMT-nin müvafiq qərarlarından sitat gətirərək, ”Sizə erməni xalq mahnısı lazımdır?”- deyib, erməni deputatın, savadsızlığı və  maymaqlığını bozarmış sifətinə məharətlə çırpdı və çıxışının sonunda da: – Bu ikili standartlara son qoyun! Ayıbdır axı! Bu qədər vicdansızlıq olar?!”. (17 iyun, ZAMAN) – deyərək Qarabağ problemini həll etmək üçün guya çalışan beynəlxalq qurumların qulağını o ki var dartdı.

Seminarın ikinci günü də Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov Ermənistan nümayəndə heyətinin üzvü, deputat Tevan Poqasyanın atası ilə bağlı sübutları da: – Amma sənin atan Qarabağda azərbaycanlılara qarşı öz yurdlarında qanlı cinayət törədənlərdən biridir. Tezliklə o qatil atan İnterpolun xətti ilə tapılıb gətirilərək cəzasını alacaq. Sən tezliklə bunu görəcəksən”, (18 iyun, ZAMAN) – deyərək onu yerində oturtdu.

Dünya siyasətinin bizə qarşı ikili standartı bir zaman öz iyrənc simasını yırtıb erməniləri kimsəziz də qoya bilər. Həmkarım Aydəmir müəllimin söylədiyi bir əhvalatda olduğu kimi:

Sovet dövründə Quba şəhərində bir karusel vardı. Uşaqların ən çox maraq göstərdikləri, lakin hər kəsin istifadə edə bilmədiyi bir yer idi o karusel. Uşaqlar gözətçinin olmamasından istifadə edib, hərdən onu özləri hərəkət etdirərək əylənərdilər. Bir gün gözətçi uşaqları iş başında tutub, cəzalandırır. Onlardan birinin də qulağını dartarkən ondan kimin oğlu olduğunu soruşur. Uşaq ağlamsınaraq sudyanın oğlu olduğunu deyir. Gözətçinin əlləri yanına düşür, dərhal siyasətini dəyişir: – Sən gəl, min, oğlum, səni özüm əyləndirəcəyəm. Bir azdan gözətçi uşağın könlünü aımaq üçün soruşur: – Atan hansı məhkəmənin sudyasıdır, bala? Saf uşaq yalan danışa bilməyib deyir: – Zibil maşınında işləyən Sudyanın oğluyam, dayı, – deyir. Gözətçi uşağı karuseldən çəkib yerə düşürür, bir-iki təpiklə cəzalandırıb yola salır.

Ermənipərəst beynəlxalq qurumlar və bəzi güclər Ermənistanı, deyəsən, “sudyanın oğlu” bilirlər. Bir gün onun da kim olduğunu bilib təpikləyəcəklər.  Buna ümid edirik. Ümid demişkən naməlum müəllifin “Dörd Şam” adlı maraqlı bir hekayəsi düşdü yadıma:

Bir otaqda dörd şam yanırdı. O qədər gözəl bir mühit  hakim idi ki, onların söhbəti açıq-aydın eşidilirdi.

Birinci şam dedi: – Mən SÜLH olsam da, heç kəs mənim yanmağımla maraqlanmır.  Ona görə də mən sönəcəyəm. O, tezliklə öləziyib sönür.

İkinci şam deyir: – Mən İNAM olsam da, əksər insanlara gərək deyiləm.  Mən yansam da, sönsəm də fərqi yoxdur. O, sözünü bitirən kimi, xəfif bir yel əsdi və onu söndürdü.

Üçüncü şam da öz növbəsində qəmgin-qəmgin danışmağa başladı: – SEVGİ olsam da, yanmağa daha taqətim qalmayıb. İnsanlar məni bir kənara atıb, əhəmiyyətimi başa düşmürlər. Onlar ən yaxınlarını belə sevməyi unudurlar. Bu sözlərlə o da söndü.

Bu zaman otağa bir uşaq daxil oldu və üç şamın sönmüş olduqlarını görüb dedi: – Siz niyə yanmırsınız? Axı, siz axıracan yanmalı idiniz. Uşaq kövrəlib ağlamağa başladı. Bu zaman dördüncü şam dedi: – Qroxma, nə qədər ki mən yanıram, o biri şamları da yenidən yandıra bilərik. Mənim adım ÜMİDD -dir.  Sevincdən gözləri parlayan uşaq ÜMİD şamını götürüb sönmüş şamları yandırdı.

ÜMİD şamının nuru həyatımızdan heç vaxt əskik olmamalı, ÜMİD, İNAM, SÜLH və SEVGİ-ni hər birimiz qorumalıyıq. (İngiliscədən cevirmə müəllifindir R.S)

Allah ədaəltsizləri, zalımları  bildiyi kimi islah edib, düzgün yola qaytarsın, yaratdığı gözəl dünyamızı onların şərindən qorusun, hər şeyimizi tükətsə də, ümidimizi tükətməsin, inamımızı sarsıtmasın. Amin!

 

Rahib Alpanlı

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here