Dağlıq Qarabağ münaqişəsini körükləyənlər…

Son günlər cəbhə xəttində böyük gərginlik hiss edilməkdədir. Bu baxımdan Ermənistanın hər vasitə ilə qoşunların təmas xəttində vəziyyəti gərginləşdirməyə çalışması və baş verən toqquşmalarda hər iki tərəfin itkilər verməsi siyasi müşahidəçilər tərəfindən bölgədə aprel döyüşlərinin yenidən təkrarlanması təhlükəsi kimi dəyərləndirilir. Bununla belə Ermənistan tərəfi cəbhədə vəziyyətin gərginləşməsini Azərbaycanın üzərinə atmağa can ataraq ölkəmizə qarşı beynəlxalq səviyyədə faşizm sayağı çirkin təbliğat aparmaqdadır. Bu məqsədlə Ermənistanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri üçün mətbuat konfransı təşkil edərək onlara cəbhədə baş verənlər barədə yanlış məlumat verilir. Bundan məqsəd cəbhədə vəziyyətin gərginləşdirilməsinin günahını Azərbaycanın üzərinə ataraq məsuliyyətdən özlərini sığortalamaqdır. Əslində zənnimcə cəbhədə baş verən son hadisələrin arxasında 3 ehtimal dayanır. Bunlardan biri Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində cəbhədə hansısa uğurlu hücum əməliyyatı təşkil edərək Sarkisyan komandasının qələbəsini təmin etməkdir . Təsadüfi deyil ki, Ermənistanda parlament seçkiləri məhz aprelin 2-nə, ötən ilin aprel döyüşləri gününə təyin edilib. Münaqişə zonasında vəziyyətin gərginləşməsinin digər səbəbi isə çox güman ki, qondarma qurum tərəfindən keçirilən “referendum”da Avopa parlamentinin erməni lobbisinin təsiri altında olan və onların çaldıqlarına oynayan deputatlarının iştirakı və onların Azərbaycan əlehinə verdikləri açıqlamalarla bağlıdır. Məsələn, onlardan biri, Avropa parlamentinin Çexiyadan olan deputatı Yaromir Ştettin Azərbaycan sərhədlərini qeyri-qanuni keçməsini və özünün ölkəmiz tərəfindən qara siyahıya salınmasına haqq qazandırmaq üçün Aktualne nəşrinə verdiyi açıqlamasında belə deyib: “Azərbaycanın Qarabağa iddiası Stalin siyasətinə əsaslanır. Stalin erməni anklavını Azərbaycana birləşdirib”.

Əslində çex deputat şübhəsiz ki, tarixi yaxşı öyrənsəydi, ən azından Qarabağ adının ermənilərə hər hansı aidiyyatı olmadığının fərqinə varardı. Digər tərəfdən də Ştettinin açıqlaması göstərir ki, Avropa parlamentinin deputat beynəlxalq hüquq normalarına əsasən digər ölkənin sərhədinin qanunsuz keçməyə görə cəza nəzərdə tutulduğunu yaddan çıxarır və ya savadı bunu dərk etməyə imkan vermir… Bunu başqa cür başa düşmək mümkün deyil. Eyni sözləri qondarma referendumda “müşahidəçi” qismində iştirak edən Avropa parlamentinin digər iki deputatı Fransk Engel (Lüksemburq) və Eleni Teoxarius (Kipr) haqqında da demək olar. Engel də “müşahidəçi” qismində “referendum”da iştirakına görə özünə haqq qazandırmaq üçün Azərbaycan qanunlarının digər yerdə işləmədiyini iddia edir. Əslində Engel də unudur ki, beynəlxalq hüquq normalarına görə, eləcə də Engelin deputatı olduğu Avroparlament tərəfindən də istənilən vətəndaşın digər ölkənin sərhədini qanunsuz keçməsi cinayət hesab edilir. Amma erməni lobbisinin təsiri altına düşən və onların muzdlu nökəri kimi çıxış edən Engel də həmkarı Ştettin kimi bu sadə həqiqəti anlaya bilmir və ya sadəcə olaraq anlamaq istəmir. Təbii ki, Avropa parlamentinin 3 deputatının qondarma referendumda iştirak etməsi və onları dəstəkləyən açıqlamalar verməsinin erməniləri cəsarətləndirərək bölgədə vəziyyəti gərginləşdirməyə gətirib çıxardığı istisna edilmir. Ermənipərəst konqresmen Adam Şiffin Azərbaycan əleyhinə sayıqlamaları da münaqişənin körüklənməsində az rol oynamır. Məsələn, Adam Şiff “Amerikanın səs”inə verdiyi açıqlamasında bölgədə vəziyyətin gərginləşməsinə görə Azərbaycanı günahlandıraraq beynəlxalq ictimaiyyəti ölkəmizə təzyiq göstərməyə çağırır. Bu isə şübhəsiz ki, Şiff tərəfindən erməni faşizminə dəstək verərək bölgədə münaqişəni yenidən körükləmə cəhdindən başqa bir şey deyil. Nəhayət 3-cü və ən önəmli məsələdən biri də aprel döyüşlərindən sonra Rusiyanın Ermənistana “İsgəndər” balistik raketləri verərək bölgədə vəziyyəti gərginləşdirməsidir. Ermənistan “İsgəndər”ə arxayın olaraq özünün cəzasız qalacağını düşünür və ötən ilki məğlubiyyətin əvəzini çıxmaq üçğün münaqişə zonasında təxribatlara ara vermir. Halbuki bir vaxtlar Ermənistan rəhbərliyi təmas xəttində yarılmaz müdafiə sədləri təşkil etdiklərini və Azərbaycanın onu yara bilməyəcəyini iddia edirdi. Ancaq aprel döyüşləri göstərdi ki, ermənilərin bu ümidləri üllüziya olub. İndi də Ermənistanda unududlar ki “İsgəndər”lərə arxayın olmaq onlar üçün yenə də illiziyadan başqa bir şey olmayacaq…

Əziz Mustafa

Recommend to friends
  • gplus
  • pinterest

About the Author