“Hədəfim rekodu yeniləməkdir”

0
856

 

Son illər ölkəmizdə geniş yayılmış idman növlərindən biri də pauerliftinqdir. Ümumiyyətlə, pauerlifinq nədir? Bu kimi suallara mingəçevirli gənc, 17 dəfə pauerliftinq idman növü üzrə  Azərbaycan çempionu olmuş, Dünya və Avropa çempionu, Azərbaycan rekordçusu Rövşən Xəlilovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

– Rövşən bəy, necə oldu ki, bu çətin idman növünə meyl saldınız?

– Mən, ümumiyyətlə, uşaqlıq və gəncliyimin ilk illərində sərbəst güləş və sambo ilə məşğul olmuşam. Bu idman növlərində də həmişə yoldaşlarımdan fərqlənmişəm. Belə ki, sambo üzrə gənclər arasında 52 kq çəki dərəcəsində respublika üçüncüsü olmuşam. Sonradan zədə üzündən idmandan uzaqlaşdım. Müəyyən müddətdən sonra ağırlıq qaldırma və fitnes üzrə idman klubuna yazıldım. Və bir neçə ayda öz fiziki gücümü bərpa etdim. Elə o günlərdə də orada çalışan Samir adlı bir müəllimdən pauerliftinq kimi bir idman növünün olduğunu və yaxın vaxtlarda yarış olacağı məlumatını aldım. O həmçinin bu idman növü barədə mənə ətraflı danışdı. Məndə bu idman növünə birdən-birə böyük maraq yarandı. Müəyyən məşqlərdən sonra yarışlara qatıldım. İlk addımım uğurlu oldu, yəni mən qələbə qazandım. Daha sonra öz çəki dərəcəmdə Azərbaycan çempionu olmaqla yanaşı, həm də Azərbaycan rekordunu təzələdim. Beləcə, bu idman növü mənim həyat tərzimə çevrildi. Artıq onsuz keçən hər bir gün mənə maraqsız görünür.

“Pauerliftinq güc idman növünə aid ağırlıq qaldırma idman növüdür. Yəni sadə dildə desək, öz gücünə ən ağır çəkini qaldırmağa çalışan bir idman növüdür. Bu idman növü üç əsas hissəyə bölünür: ağırlığı oturub qaldırmaq, uzanaraq ağırlığı sinədən yuxarıya qaldırmaq və ağırlığı yerdən qaldırmaq”, – sözləri ilə söhbətini davam etdirən Rövşən bəy daha sonra dedi:

– Amma digər idman növləri ilə müqayisədə pauerliftinq mənim üçün daha maraqlıdır. Həm də bu idman növü məndə daha yaxşı alınır. Ona görə də 2009-cu ilin axırlarından onunla ciddi məşğul olmağa başladım. Mən bundan əvvəlki  illərdə 56-60-67 kq da çempionluq  qazanmışam. İndi hədəfim Azərbaycan çempionu olaraq, 67 kq yarımda Azərbaycan rekordunu yeniləməklə gələcəkdə dünya rekordu səviyyəsinə qədər yüksəlməkdir. Hələ ki gəncəm, hədəfim daha irəli getməkdir. Onu da deyim ki, təlim-məşq toplantılarımız Bakı şəhərində keçirilir. Amma hazırda Mingəçevir FHN də işlədiyimə görə məşqlərimi Mingəçevir Kür İdman mərkəzində həyata keçirirəm. Fürsətdən istifadə edib yaratdıqları şəraitə görə bu mərkəzin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Şəxsi məşqçim Samir Məmmədova, pauerliftinq yığma komandasının baş məşqçisi Şəmsi Bayramova təşəkkür edirəm.

Daha sonra qazandığı uğurlarından tam təfsilatı ilə söz açan həmsöhbətimiz dedi ki, bu idman növündə ilk mötəbər yarışını 2010-cu ildə respublika çempionatında keçirib. Dediyinə görə, indiyə qədər 17 dəfə  Azərbaycan çempionu olub. 2013-cü ildə Avropa çempionu, 2015-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən açıq Türkiyə çempionatının və “Boğaziçi Kuboku”nun qalibi olub. 2016-cı ildə Qafqaz dövlətləri arasında keçirilən Qafqaz çempionatının qalibidir. Hazırda mart ayının 9-12-də keçiriləcək respublika çempionatına hazırlaşır.

Esmria Hidayətova, Mingəçevir