“Biz hələ də bu ağrı-acı ilə yaşıyırıq”

0
515

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Mingəçevir şəhərində idarə, müəssisə və təhsil ocaqlarında silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də şəhid Rəşad Mirabov adına 7 saylı tam orta məktəbdə təşkil olunub. “Xocalı-qan yaddaşımızdır” adlı tədbirdə 5-9-cu sinif şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.

Tədbirdə məktəbin direktoru Anar İsmayılov ermənilərin torpaqlarımızda zaman-zaman törətdikləri vəhşiliklərdən söz açıb. Daha sonra Xocalı soyqırımından daha ətraflı danışan Anar müəllim deyib: “1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri blokada şəraitində olan köməksiz bir şəhərə – Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdilər və yüzlərlə insanı qətlə yetirdilər”. O, Xocalı soyqırımının XX əsrin sonlarında yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi tarixə düşdüyünü bildirib. Hər il məktəbimizdə keçirilən tədbirlərdə o müdhiş anları bir daha şagirdlərin ifasında kiçik tamaşalar şəkilində biz də anırıq. Bu kimi tədbirlər Xocalıda baş verən qətilamın unudulmadığını bildirir”.

Anar müəllim həmçini qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib, sənəddə hadisənin başvermə səbəbləri təfsilatı ilə açıqlanıb. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifə kimi qarşıya qoyulub. 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət!” adı altında genişmiqyaslı beynəlxalq informasiya kampaniyası aparılır.

Tədbirdə şagirdlər Xocalı faciəsinə aid şeirlər söyləyib, faciə ilə bağlı videogörüntülər nümayiş etdirilib. IXa sinif şagirdi Gülsəfa Ağayeva “Xocalı soyqırımı -bitməyən iztirabın 25 ili” mövzusunda çıxışında həmin qanlı gecənin şahidi Nərgiz Musayevanın dilindən onun başına gətirilənlərdən danışıb: “Nərgiz xanım deyir ki, üstündən 25 il keçməsinə baxmayaraq elə bilirəm ki, hadisə bu gün olub. Bu müharibə deyildi, qudurmuş bir kütlənin əliyalın insanların üzərinə hücumu idi. Həmin vaxt Bakıda Tibb universitetində oxuyan iki qızım da Xocalıya gəlmişdi. Qızlarımdan biri ailəli idi. 2 aylıq körpəsi vardı. Oğlum isə 7 yaşında idi. Həmin gün biz uşaqlı, böyüklü qarın üstü ilə  qaçırdıq. Həmin geçə sanki qar yox, göydən qan yağırdı. Həmin gecə həyat yoldaşım da Xocalı qadınlarının namusunu qorumaq üçün canından keçdi. Sonradan onu da eşitdim ki, yaxınlarım, əzizlərim – hamısı ermənilərin işgəncələrinə məruz qalıblar. İndi qalan yaxınlarım isə xəstədir, əlildirlər. Biz hələ də bu ağrı-acı ilə yaşıyırıq. Bircə təsəllimiz torpaqlarımızın geri qaytarılması olacaq”.

Məktəbin şagirdlərinin iştirakı ilə o müdhiş gecəni əks etdirən kiçik bir tamaşa da nümayiş olunub. Şagirdlər həmin tamaşada sanki o anları yaşadılar və böyük ustalıqla Xocalı faciəsi zamanı baş verən anları iştirakçılara çatdırmağı bacardılar. Tədbirin sonunda “Xocalı soyqırımı – 25 il yaddaşımızda” mövzusunda inşa və rəsm müsabiqəsinin qaliblərini məktəbin direktoru Anar İsmayılov mükafatlandırıb.

Sonda direktor tədbirin ərsəyə gəlməsində böyük əməyi olmuş dil-ədəbiyyat müəlliməsi VII sinif müəlliməsi  Ləman Qasımovaya təşəkkürünü bildirib.

Esmira Hidayətova