Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları başa çatdı

0
334

Fevralın 22-də futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub. Portuqaliyanın “Porto” komandası öz meydanında İtaliyanın “Yuventus” klubuna 0:2 hesabı ilə uduzub. Matçın 27-ci dəqiqəsində “Portu”nun müdafiəçisi Aleks Telles qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Bundan istifadə edən turinlilər matçın 72-ci dəqiqəsində Pyaka ilə hesabı açıblar. Bu qoldan 2 dəqiqə sonra isə meydana yenicə daxil olan Dani Alveş komandasının ikinci qolunu vurub.

Günün digər qarşılaşması isə İspaniyada keçirilib. “Sevilya” doğma meydanda “Lester” (İngiltərə) ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da səkkizdəbir final mərhələsinin ilk oyunları başa çatıb. Bu mərhələnin digər matçları aşağıdakı kimi nəticələnib:

“Benfika” (Portuqaliya) – “Borussiya Dordmund” (Almaniya) – 1:0

“PSJ” (Fransa) -“Barselona” (İspaniya) – 4:0

“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) – 5:1

“Real Madrid” (İspaniya) – “Napoli” (İtaliya) – 3:1

“Bayer Leverkuzen” (Almaniya) – “Atletiko Madrid” (İspaniya) – 2:4

“Mançester Siti” (İngiltərə) – “Monako” (Fransa) – 5:3.

Qeyd edək ki, səkkizdəbir final mərhələsinin cavab qarşılaşmaları martın 7-8-i və 14-15-də keçiriləcək.