Yalançının…

0
360

Vallah-billah, mən heç vaxt qazlı-qazlı danışmamışam. Amma bu dəfə məcburam. Buna da məni sövq edən elə qazın, daha doğrusu, “Azəriqaz”ın özüdür. Son vaxtlar bu qurum öz yarıtmaz işi ilə lap ağını çıxarıb. Başqalarından misal gətirmək istəmirəm. Elə özümdən – sosial sarsıntılar keçirəndən başlayıram. Nərimanov rayonunda yaşayıram, özü də düz metrostansiyanın yaxınlığında… Amma xeyli vaxtdır ki, yaşadığım mənzildə qaz üzünə həsrətəm. Olanda da, camaat demişkən, elə ölə-ölə gəlir ki… Və bəzən də birdən-birə heç bir xəbərdarlıq-filan olmadan artır… Son günlər isə vəziyyət tamam dəyişib. İndi, ümumiyyətlə, qaz gəlmir. Hərdən düşünürəm, şəhərin mərkəzində vəziyyət belədirsə, digər ərazilərdən danışmağa dəyməz. Halbuki “Azəriqaz” hər gün məlumat verir ki, ay camaat, narahat olmayın, bəs sizin təbii qaza olan tələbatınızı ödəmək üçün hər imkanımız var: “Üstəlik, tələbat artdıqca təbii qazın verilişində də artım olacaq. Hava şəraiti qazın verilişində heç bir problemə səbəb olmayıb”. Bu yerdə adam özünü saxlaya bilmir, istər-istəməz dillənməli olur: yalançının…

Sözün düzü, bu barədə “Azəriqaz”ın qaynar xəttinə dəfələrlə müraciət etməyə cəhd etmişəm. Amma di gəl, hər dəfə eyni sözü eşidirəm: “Xətt məşğuldur”, yaxud da “Xəttə bir qədər gözləyin”… Amma cavab verən olmur ki, heç olmasa, ürəyini boşaldasan. İnandırım sizi, gün ərzində elə bu səbəbdən telefondan asılı qalıram. İnsafən, telefonda səsləndirilən musiqi adamın əsəblərini bir az sakitləşdirir. Bəlkə elə bu səbəbdən 10-15 dəqiqədən sonra telefonun dəstəyini qeyri-ixtiyarı, yaxud da özünün elə o anlarda bəstələdiyin “ariya”nı söyləməklə yerinə qoymalı olursan. Amma “Azəriqaz” yenə məlumat verir ki, bəs qaynar xəttimiz – 185 sizin xidmətinizdədir (Kimə lazımdır axı belə xidmət?) Burada da istər-istəməz dillənməli olursan: yalançının…

Ay “Azəriqaz” rəsmiləri! Bir zaman dediniz ki, bəs əhaliyə göstərdiyimiz xidmətə görə qazhaqqı azdır. Elə bu səbəbdən əhaliyə keyfiyyətli xidmət göstərə bilmirik. Yuxarılar da sizi dəstəklədilər və qazın satış qiymətini qaldırdılar. Amma əksinə oldu. Bu artımlardan sonra əhaliyə heç əvvəlki kimi də xidmət göstərə bilmirsiniz. Necə? Mən yalan deyirəm? Elə isə yenə deyirəm: yalançının… Hər bir də elə ki, payız gəldi, həmin an qazlı-qazlı bildirirsiniz ki, həzarat, bəs bütün tədbirlər görülüb, qışda qazdan, istilikdən əziyyət çəkməyəcəksiniz. Amma hər il qışda məlum olur ki, heç bir hazırlığınız yoxmuş. Görünür, sizin çörək pulunuz yalan məlumatlar verməkdən, yalan danışmaqdan çıxırmış. Necə? Yalan deyirəm, elə isə yalançının… Hər bayramdan-bayrama da gücləndirilmiş iş rejiminə keçdiyinizi bəyan edirsiniz… Amma sonradan məlum olur ki, bu da boş söhbətdir… Yalan deyirəm? Elə isə yenə də yalançının…

Bəli, bir iqtisadçının sözü olmasın, siz ölkənin qaz təsərrüfatını lap futbol meydançasına döndərmisiniz. Amma futbol meydançasında da bir düzən, qayda var da. Qaydalardan kənara çıxanlara heç olmasa sarı, yaxud da qırmızı vərəqə göstərib tənbeh edirlər, qabağını alırlar. Sizin qaz təsərrüfatınızda isə sanki qaydalar da, normalar da yoxa çıxıb. Elə bu səbəbdən də “Azəriqaz”dakı problemlər gündən-günə artaraq, daha geniş vüsət almaqdadır. Media bu kimi məsələləri işıqlandırsa da, heç bir irəliləyiş hiss olunmur. Necə deyərlər köhnə hamam köhnə tas. Necə? Yalan deyirəm? Elə isə yalançının…

Yazını bu yerdə tamamlamaq istəyirdim ki, birdən bayaqdan bəri dəfələrlə işlətdiyim “yalançının” ifadəsi məndə şübhələr oyatdı. O saat barmağımı dişlədim, dedim, birdən bütün yazdıqlarım qalar bir kənarda… “Azəriqaz” rəsmiləri elə bu sözün quyruğundan yapışıb gələrlər üstümə. Odur ki, bir açıqlama vermək qərarına gəldim: başqa şey başa düşünməyin, cənablar, yəni bayaqdan bəri demək istəyirdim ki, yalançının mənzilinə qaz gəlməsin…

Qvami Məhəbbətoğlu