Jurnalist-publisist Qvami Məhəbbətoğlunun “Bu mənim alın yazımdır” kitabı isıq üzü gördü

0
218

Azərbaycan mətbuatının tanınmış simalarından biri olan və satirik ruhda yazdığı yazıları ilə çoxsaylı oxucuların rəğbətini qazanan jurnalist-publisist Qvami Məhəbbətoğlunun Ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimovdan bəhs edən “Bu mənim alın yazımdır” kitabı işıq üzü görüb. Azərbaycanı dünya idmanı tarixində tanıdan və dəfələrlə beynəlxalq oyunları ən yüksək səviyyədə idarə edən ittifaq dərəcəli məşhur hakim Rüstəm Rəhimovun həyatına həsr edilən bu kitab oxucuları ilk dəqiqələrdən maqnit kimi özünə cəlb edir. Yeri gəlmişkən onu da deyək ki, bu, Qvami Məhəbbətoğlunun oxucularla ikinci görüşüdür. Bundan əvvəl isə Qvami Məhəbbətoğlu böyük satirk şairimiz Mişrzə Ələkbər Sabir ruhunda yazdığı “Hərdən gülməyim gəlir” kitabı ilə oxucuların görüşünə gəlmişdi. “Bu mənim alın yazımdır” kitabında təcrübəli jurnalist mahir psixoloq kimi Rüstəm Rəhimovun həyat yolunu məharətlə, yüksək peşəkarlıqla, olduqca incə şəkildə oxucuya çatdırır. Rüstəm Rəhimovun dilindən verilən hər kəlmə, onun özünün keçdiyi həyat yolu haqqında danışdığı ən incə nüans belə müəllif tərəfindən oxucuya böyük ustalıqla çatdırılır. Əslində müəllif oxucunu qələminin dili ilə Rüstəm Rəhimovun gizli dünyasına, onun hələ çoxlarına məlum olmayan daxili aləminə aparır, onun sevincini, qəmini onunla birlikdə yenidən yaşayır, sevincinə sevinir, qəminə şərik olur. Qvami Məhəbbətoğlu qələminin gücü ilə mahir bir rəssam kimi oxucularda Rüstəm Rəhimovun futbola həsr olunan ömrü haqqında şirin bir təsəvvür oyadır. “Bu mənim alın yazımdır” kitabını oxuduqca adama elə gəlir ki, məşhur bir filmi izləyirsən. Rüstəm Rəhimov danışdıqca oxucunun gözlərinin önündən sanki kino lenti kimi onun həyatı gəlib keçir. Əslində bu kitab Rüstəm Rəhimov haqqında çəkilə biləcək bir sənədli film üçün hazır ssenaridir. Zənnimcə bu ssenari əsasında çəkiləcək sənədli film Rüstəm Rəhimovun həyat yoluna salınacaq daha bir işıq ola bilər. Bütün hallarda kitabın hər sətirində, hər cümləsində Qvami Məhəbbətoğlunun mövzunu özünəməxsus şəkildə təsvir etməsinin şahidi oluruq. Belə bir kitabı ərsəyə gətirdiyi üçün hörmətli həmkarımıza ürəkdən təşəkkür edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

Əziz Mustafa