Sabah Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş ənənəvi turnirə start veriləcək

0
235

Fevralın 17-dən 23-dək Bakıda – Mərdəkandakı “Dalğa” stadionunda əfsanəvi futbolçu, “Şöhrət” ordenli Anatoli Banişevskinin (1946-1997) xatirəsinə həsr olunmuş ənənəvi turnir keçiriləcək. Turnirdə 8 komanda (“Neftçi”, “Tufan”, “Sabirabad”, “Qobustan”, “Buzovna Bələdiyyəsi”, “Şıxlar”, “8-ci kilometr”, “AZİNO Nizami”) 2 qrupda mübarizə aparacaq. AFFA-nın dəstəyi və Bakı Kəndlər Futbol Federasiyasının prezidenti, sabiq hakim Vaqif Davudovun gərgin əməyi sayəsində keçirilən yarışlar AFFA-nın hakimləri tərəfindən idarə olunacaq. Turinirin baş hakimi Anar Göyçayskidir.
Bu barədə saytımıza Əməkdar bədən tərbiyəsi və idman xadimi Rüstəm Rəhimov məlumat verib. Onun sözlərinə görə, final matçı ənənəvi olaraq hücumçunun ad gününə – 23 fevrala salınıb: “Finaldan öncə finalın iştirakçıları Anatoli Banişevskinin məzarını ziyarət edəcək, məzarının üstünə gül dəstələri qoyucaqlar”.
Bir daha xatırladaq ki, Anatoli Banişevski 1966-cı il dünya, 1968-ci il Avropa çempionatının yarımfinalçısı, AVRO-1972-nin gümüş, 1966-cı il SSRİ çempionatının bürünc mükafatçısı, Qriqori Fedetov klubunun üzvü, 7 qolla portuqaliyalı Eysebio ilə DÇ-1966-nın Avropa zonası üzrə seçmə mərhələnin bombardiri olub. O, üç dəfə SSRİ-nin 33 ən güclü futbolçusu sırasına düşüb.
Anatoli Banişevski 1964-1978-ci illərdə “Neftçi”nin heyətində çıxış edib. 1966-cı ilin bütünc mükafatçısı karyerasının sonunadək sadiq qaldığı komandada (Onun bu sözləri isə daim yaddaşlarda qalacaq: “Əgər yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım “Neftçi”ni seçərdim”) 318 oyun keçirib, 136 qol vurub. 1965-1972-ci illərdə SSRİ yığma komandasının formasını geyinmiş və 19 qola imza atmış Banişevski 1981-1982-ci illərdə “Neftçi”nin məşqçisi olub. 1996-cı ildə “Şöhrət ordeni” ilə təltif olunub.
Qvami