Gürcüstandan gətirilən avtomobillərin orta qiyməti11,4 min dollara yüksəlib

0
279
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, bu ilin ilk 5 ayı ərzində qonşu ölkədən Azərbaycana 240,42 milyon dollar dəyərində məhsul ixrac edilib və nəticədə Azərbaycan Gürcüstanın ən çox məhsul satdığı ölkə olub. Azərbaycan Gömrük Komitəsi isə cari ilin ilk 5 ayı ərzində Gürcüstandan cəmi 37,6 milyon dollar dəyərində məhsul idxal olunduğunu bildirir ki, nəticədə iki ölkənin açıqladığı statistik göstəricilər arasında 202,8 milyon dollarlıq fərq yaranır.
Cari ilin ilk 5 ayı ərzində qonşu Gürcüstandan ölkəmizə 121,7 milyon dollar dəyərində 10 min 927 ədəd avtomobil gətirilib. Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Xidmətin yaydığı statistik məlumata istinadən apardığımız hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı 31% və ya 4 min 932 ədəd azdır. Ölkəyə gətirilən avtomobillər üçün ödənilən vəsait isə ötən illə müqayisədə daha az azalıb. Belə ki, 2013-cü ilin ilk 5 ayında 15 min 859 avtomobil üçün 152,4 milyon dollar ödənilibsə, bu ilin ilk 5 ayında bu vəsait 20,4% və ya 30,7 milyon dollar azalıb. Bu isə o deməkdir ki, ötən il Gürcüstandan gətirilən bir ədəd avtomobilin orta qiyməti 9 min 610 dollar olduğu halda, bu il 11 min 137 dollar təşkil edib. Nəticədə ötən ilin yanvar-may ayları ilə müqayisədə bu ilin ilk 5 ayında Gürcüstandan gətirilən avtomobillərin qiymətində 16% artım baş verib. Ümumiyyətlə, Gürcüstandan gətirilən avtomobillər ölkəyə idxal edilən avtomobillərin 1/3-ni təşkil edir. Qeyd edək ki, Azərbaycan Gömrük Komitəsi bu ilin ilk 5 ayı ərzində ölkəyə 30 mindən çox avtomobil gətirildiyini bildirib.

Gürcüstanın ümumi ixracının 1/5-i Azərbaycanın payına düşüb

Məlumat üçün onu da bildirək ki, Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 240,42 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixracat 10,4% və ya 27,8 milyon dollar azalıb. Qeyd edək ki, Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkədir. Cari ilin ilk 5 ayında Gürcüstanın ümumi ixracının 1/5-i Azərbaycanın payına düşüb. Onu da bildirək ki, Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında növbəti yerlərdə Ermənistan (ilk 5 ay ərzində 129,7 milyon dollar), Rusiya (108,4 milyon dollar), ABŞ (89,3 milyon dollar) və Türkiyə (88,2 milyon dollar) gəlirlər. Avtomobildən başqa, Gürcüstandan Azərbaycana əsasən qara metallar və onlardan hazırlanan məhsullar (ilk 5 ay ərzində 29,8 milyon dollar), iribuynuzlu heyvanlar (15,7 milyon dollar) və dərman (10,8 milyon dollar) ixrac olunub.

Açıqlanan rəqəmlər arasında ciddi fərqlər var

Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı statistik göstəricidə maraqlı məqamlardan biri də odur ki, burada Azərbaycana ixrac olunan məhsulların ümumi dəyəri 240,4 milyon dollar göstərilsə də (bax-http://geostat.ge/cms/site_images/_files/english/bop/FTrade_January_May_2014_ENG.pdf), Azərbaycan Gömrük Komitəsi 2014-cü ilin ilk 5 ayı ərzində Gürcüstandan cəmi 37,6 milyon dollar dəyərində məhsul idxal olunduğunu bildirir (bax-http://customs.gov.az/files/201405.pdf.). İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk 5 ayında Azərbaycandan 249 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Bu məhsulların 133,8 milyon dolları neft və təbii qazın, 80,1 milyon dolları neft və neft məhsullarının payına düşüb. Onu da bildirək ki, ixracla bağlı açıqlanan rəqəmlərdən fərqli olaraq, idxal göstəriciləri Azərbaycan Gömrük Komitəsinin açıqladığı göstərici ilə təxminən eyni səviyyədədir. Belə ki, Azərbaycan Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 5 ayı ərzində Azərbaycan Gürcüstana 239 milyon dollar dəyərində məhsul ixrac edib. Rəqəmlərdən də göründüyü kimi, iki ölkənin açıqladığı ixrac (Gürcüstandan Azərbaycana ixrac-red.) göstəricilərində 202,8 milyon dollar, idxal (Gürcüstanın Azərbaycandan idxalı-red.) göstəricilərində isə 10 milyon dollar fərq var. ALLAHVERDI CƏFƏROV

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here