Buğdanın qiyməti qarşıdakı aylarda bir qədər də bahalaşa bilər

0
303
Dövlət Taxıl Fondu yapışqanlıq keyfiyyəti 23% -dən çox olan 3-cü sinif buğdanın 1 tonunu fermerlərdən 240 manata qəbul edəcək. Qeyd edək ki, hazırda iki aparıcı buğda istehsalçısı – Rusiya və Qazaxıstan bazarlarında buğdanın qiyməti Azərbaycanla müqayisədə daha ucuzdur. Belə ki, Rusiyada yapışqanlıq keyfiyyəti 23% -dən çox olan 3-cü sinif buğdanın 1 tonu təxminən 9 min rubl (205 manat) təşkil edir. Qazaxıstanın ən böyük ticarət birjası olan “Avrasiya Ticarət Sistemi”ndə isə dünən buğdanın 1 tonunun qiyməti 50 min təngəyə (215 manat) bərabər olub.
Dövlət Taxıl Fondu dünəndən etibarən yerli buğda istehsalçılarından buğda qəbuluna başlayıb. Taxıl Fondu yapışqanlıq keyfiyyəti 23%-dən çox olan 3-cü sinif buğdanın 1 tonunu fermerlərdən 240 manata qəbul edəcəyini bildirib. Verilən məlumatda qeyd olunur ki, buğda Fövqəladə Hallar Nazirliyinin “Səngəçal” və “Gəncə” Taxıl elevatorları, həmçinin “Abşeron Taxıl” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “FATOĞLU” MMC, N. Quliyev adına “Bakı-Taxıl” ASC, “Araz ASC” və “Aveta” MMC müəssisələri vasitəsilə qəbul edilir. Məlumat üçün qeyd edək ki, Dövlət Taxıl Fondu ölkə daxilində buğdanın ən böyük alıcısı hesab olunur. Elə bu səbəbdən də daxili bazarda buğdanın topdansatış qiymətini Taxıl Fondu müəyyən edir.

Fondun bu il üçün müəyyən etdiyi qiymətlər ötənilki səviyyədən bir qədər yüksəkdir. Belə ki, ötən ilin iyul ayında fond buğdanın 1 tonunu fermerlərdən 230 manata satın alıb. Ötən illərin təcrübəsi göstərir ki, növbəti aylarda fond buğdanın alış qiymətini bir qədər də yüksəldə bilər. Məsələn, 2012-ci ilin yay aylarında Taxıl Fondu 3-cü sinif yerli buğdanın 1 tonunu istehsalçılarından 250 manata aldığı halda, payız aylarında buğdanın 1 tonu üçün 320 manat ödəyib. Ötən ilin iyul ayında buğdanın 1 tonunu 230 manatdan satın alıb, lakin avqust ayında qiyməti 250 manata yüksəldib. Taxıl Fondunun qiymətləri yüksəltməsində idxal buğdanın qiymətindəki artım da həlledici olur. Bildiyimiz kimi, ölkəmizə buğdanın idxal edildiyi iki əsas ölkədə – Rusiya və Qazaxıstanda buğdanın qiyməti yay ayları ilə müqayisədə payızda bir qədər bahalanır. Ötən ilin iyul-avqust aylarında Rusiyada 3-cü sinif buğdanın 1 tonunun qiyməti 8 – 8,5 min rubl (178-190 manat) arasında dəyişdiyi halda, payızda – oktyabr-noyabr aylarında 1 ton buğdanın qiyməti 10 min rubldan  (230 manat) yüksək olub.

Məlumat üçün onu da bildirək ki, hazırda Rusiyada yapışqanlıq keyfiyyəti 23%-dən çox olan 3-cü sinif buğdanın 1 tonu təxminən 9 min rubl (205 manat) təşkil edir. Qazaxıstanın ən böyük ticarət birjası olan “Avrasiya Ticarət Sistemi”ndə isə dünən buğdanın 1 tonunun qiyməti 50 min təngəyə (215 manat) bərabər olub. Onu da qeyd edək ki, bu il Azərbaycanda ötənilkindən az buğda istehsal olunacağı gözlənilir. Bir qədər əvvəl kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev mətbuata verdiyi açıqlamada bildirib ki, bu il ölkədə 2-2,5 milyon ton civarında taxıl istehsalı gözlənilir. Qeyd edək ki, ötən il 2,96 milyon ton taxıl istehsal olunub. Əgər nazir müavininin qeyd etdiyi həcmdə taxıl istehsal olunarsa, buğda qiymətlərinin artacağı qaçılmaz olacaq. Xatırladaq ki, ölkəmizdə yerli istehsal buğdaya olan tələbatı ödəmir və bu səbəbdən xarici ölkələrdən, əsasən də Rusiya və Qazaxıstandan buğda idxal etməli oluruq. Gömrük Komitəsinin məlumatında bildirilir ki, cari ilin ilk 5 ayı ərzində ölkəyə 123,7 milyon dollar dəyərində buğda idxal olunub. Mövcud bazar qiymətləri ilə hesabladığımız zaman məlum olur ki, ölkəyə təxminən 550 min tondan çox buğda idxal olunub. Bu isə buğdaya olan illik təlabatın 35-40%-nə bərabərdir.

Allahverdi Cəfərov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here