“Şəhərə gələndən sonra Şokolad olmuşam”

0
541

İnsan həyatında adın əhəmiyyəti böyükdür. Ad insanın şəxsiyyəti, kimliyi cəmiyyətdən seçilib fərdiyyətə çevrilmə fasitəsidir. Bəzən valideynlər övladlarına elə ad verirlər ki, uşaq bütün ömrü boyu o adın əziyyətini çəkir. Elə müsahibimiz də atası tərəfindən ona verilən addan ömrü boyu sıxıntı çəkib. 1988-ci ildən İrəvandan Azərbaycana pənah gətirən soydaşımız Orucova Quşdar Feyzo qızı düz 79 ildir ki, bu adı daşıyır. “Ona adınızı niyə dəyişdirməmisiz?” sualını verənlərə deyib ki, məni indiyə kimi bu adla tanıyıblar.

Q. Orucova “Yeniavaz.com”a açıqlamasında dedi ki, Quşdar adı qohumlarından birinin adı olub: “Atamın bacısının adı olub. Atamın bacısı gənc yaşlarında rəhmətə getdiyinə görə bu adı mənə verdi. Orta məktəbdə oxuyanda uşaqlar arasında sıxıntı keçirirdim. Uşaqlar həmişə mənə deyirdilər ki, “ay Quşdar, nə vaxt uçub gedəcəksən”. Çox pərt olurdum. Amma illər keçəndən sonra heç eynimə də olmadı. Çünki bizim tərəflərdə bunadan da betər adlar Stəkan, Kombayn, Xiyar kimi adlar var idi. Hələ yadımdan çoxusu çıxıb. Mən o adlara baxıb öz adımdan təsəlli tapırdım. Sandıq adlı qonşumuz 126 il bu adı yaşatdı”.

“Bəs siz övladlarınıza, nəvə, nəticələrinizə öz adınızı vermək istəyərsinizmi?” sualına cavabında müsahibimiz bildirdi ki, böyük oğlumun qızına öz adımı verdim: “Mən istəməzdim ki, valideynlər öz övladlarına utancverici adlar qoysunlar. İndi daha müasir adlar var. Bizim dövrümüz başqa idi”.

Digər bir müsahibimiz Konfet xaladır. O, deyir ki, biz də bu şəhərə məcburi köçkün olaraq gəlmişik: “Mənim adım Konfetdir, amma şəhərə gələndən sonra Şokolad olmuşam. İndi mənə məcazi mənada Şokalad deyirlər. Əvvəllər adımı soruşan ikinci dəfə bir də soruşurdu. Elə bilirdilər ki, zarafat edirəm. Amma dədə-baba qoyan addır. Bir də bizim valideynlərimiz nə bilərdi ki, bu adlar bizə gələcəkdə problem yaşadacaq. Bizim dövrümüzdə belə adlara fikir verən yox idi, kim nə xoşuna gəldi, adı övladına verirdi. Bir də o vaxt böyüyün sözünü iki edən olmazdı”.

Mingəçevir Şəhər Qeydiyyat şöbəsinin rəisi Sevin Hüseynova son illər yeni doğulan uşaqlara verilən adlarla bağlı sualımızı cavablandırdı. Sevinc xanım bildirdi ki, övladın gələcəkdə psixoloji baxımdan özünü rahat hiss etməsi üçün adın uğurla seçilməsi çox mühüm amildir: “Valideynlər daha çox öz milli adlarımıza üstünlük verməlidirlər. Şükürlər olsun ki, son bir neçə ildə yeni doğulan uşaqların valideynləri doğum haqqında şəhadətnamənin icrası ilə bağlı müraciət edərkən tam düşünülmüş şəkildə adların qoyulması ilə müraciət edirlər, demək olar ki, köhnəlmiş, səslənməsi çətin olan, milliyətimizə uyğun olmayan, ahəngdarlığı pozan adlara son zamanlar rast gəlməmişik. Daha çox dini adlara müraciət edirlər, son zamanlarda seriallardakı qəhrəmanların adlarını da seçirlər. Elə adlar da olur ki, biz vətəndaşlarla məsləhətləşib onları bu seçimdən daşındırırıq. Bəzi vətəndaşlarımız Nilay adına daha çox üstünlük verirlər. Biz belə valideynlərə dəfələrlə bildiririk ki, gələcəkdə belə adlar uşaqlarınıza problem yarada bilər”.

Esmira Hidayətova, Mingəçevir