Hökm verəndə tələsməyin

0
333
“Hər şeydə bir xeyir var”, “Xeyirlisi”, “Sizin şər bildiyiniz şeylərdə xeyir, xeyir bildiyiniz şeylərdə də şər var” və s. kimi fikirlər tez-tez eşidirik. Bu mövzu ilə bağlı bir rəvayəti oxucularımıza təqdim edirik.
– Bir kənddə qoca bir kişi var imiş. Bu qoca çox kasıb yaşayırmış. Ancaq çox gözəl bir atı var imiş. Bu ata görə kral da onu qısqanırmış. Hətta kral bu at üçün xəzinəsinin hamısını verməyə də hazır imiş. Qoca isə həmişə: “Bu at mənim üçün təkcə at deyil, həm də dostdur. Adam öz dostunu necə sata bilər?” – deyərmiş.

Bir gün at yoxa çıxır. Kənd camaatı qocanın başına yığışıb: “Axı biz sənə demişdik, bu atın heyfini səndə qoymayacaqlar. Əgər vaxtında bu atı krala satsaydın, indi dünyanın ən varlı adamı olardın. Ancaq indi nə atın var, nə də var-dövlətin”. Qoca: “Hökm vermək üçün tələsməyin. Hələlik, bir həqiqət var ki, at yoxa çıxıb. Atımın itməyi bədbəxtlikdir, yoxsa xoşbəxtlik, onu Allah bilir”. Kəndlilər qocaya gülürlər. Ancaq aradan 15 gün keçməmiş at qayıdır. Yanında da bir ilxı at. Sən demə, at dağa gedibmiş. Kəndlilər qocanın yanına gəlib üzr istəyirlər: “Sən haqlı çıxdın. Atının itməyi heç də bədbəxtlik deyilmiş. Əvvəl bir atın var idi, indi bir ilxı atın var”. Qoca yenə etiraz edir: “Siz yenə də hökm vermək üçün tələsirsiniz. Siz yalnız atın qayıtdığını deyin. Çünki həqiqət budur. Qalanları isə sizin təxəyyülünüzdür. Bundan sonra nə olacaq məlum deyil. Bir-iki cümləsini oxumamış bir kitab haqqında necə hökm vermək olar?” Kəndlilər bu dəfə də qocaya gülürlər. Bir həftə keçməmiş qocanın oğlu atların birindən yıxılıb ayağını sındırır. Kəndlilər yenə qocanın başına yığışırlar: “Sən bu dəfə də haqlı çıxdın. Bu atların ucbatından oğlunun ayağı sındı”. Qoca: “Siz deyəsən, “vaxtından əvvəl hökm vermək” xəstəliyinə tutulmusunuz. Yaxşı olar ki, tələsməyəsiniz. Təkcə bir həqiqət var ki, oğlum ayağını sındırdı. Ancaq bundan sonra nə olacaq, onu Allah bilir”. Bir neçə həftə sonra düşmənlər böyük bir ordu ilə ölkəyə hücum edirlər. Kral əli silah tutanların hamısını döyüşə çağırır. Qocanın oğlundan başqa, kənddə əli silah tutan kim varsa, döyüşə gedir. Kənddə hamı yas tutur. Çünki bu döyüş adi bir döyüş deyildi. Bu döyüşdə qalib gəlmək çətin idi. Kəndlilər yenə qocanın başına yığışırlar: “Sən bu dəfə də haqlı çıxdın. Ayağı sınıq olduğu üçün oğlunu döyüşə aparmadılar. Bizimkilər ölümə getdilər. Ancaq səninki ayağı sınıq da olsa, yanındadır”. Qoca: “Siz yenə də tələsirsiniz. Mənim oğlum yanımdadır, sizinkilər isə döyüşdə. Ancaq bunun hansının bədbəxtlik, hansının xoşbəxtlik olduğunu Allah bilir”. Rəvayətin mahiyyəti belədir: “Heç vaxt tələsik hökm verməyə çalışmayın. O zaman sizin də başqalarından fərqiniz qalmaz. Ağıl insanı hökm verməyə məcbur etsə də, siz təmkinli olun. Çünki “səfər” davam edir. Bir yol qurtaranda, başqa bir yol başlayır. Bir qapı bağlananda, başqa bir qapı açılır.

Xoş xəbərlər diləyi ilə!..

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here