Əsrarəngiz təbiət hadisələri

0
463
Dünyada bəzən elə şeylər baş verir ki, onların heç bir izahı olmur. Bu hadisələr qarşısında elm adamları da çarəsiz qalır. Dünyanın müxtəlif yerlərində baş verən, lakin indiyə qədər hələ də öz izahını tapmayan həmin təbiət hadisələrini sizə təqdim edirik.
Sakitləşməyən fırtına: “Katatumbo şimşəkləri” adlanan bu hadisə Venesuelada baş verir. Katatumbo çayı ilə Marakaibo gölünün qovuşduğu yerdə buludların toqquşması nəticəsində şimşək fırtınası meydana gəlir. 5 km yüksəklikdə baş verən güclü gərginlik nəticəsində 140-160 gün ərzində hər gecə 10 saat fasiləsiz şimşək çaxır. Şimşəklər bəzən saatda 280 dəfə təkrarlanır ki, bu da 400 min amperə bərabərdir. Sözügedən ərazi dünyada ozon əmələ gələn yeganə yer kimi tanınır. Şimşək fırtınasını 400 km məsafədən izləmək mümkündür. Hətta gəmilər də istiqamət təyin edərkən şimşəklərdən faydalanırlar.

Qırmızı yağışlar: 2001-ci ildə iyulun 25-dən sentyabrın 23-nə qədər Hindistanın Kerala adlanan bölgəsinə qırmızı rəngdə yağış yağmağa başlayıb. Elə həmin vaxtdan bölgədə yaşayan xalq da ağ rəngli paltarını qırmızı rənglə əvəz edib. Hindistan hökuməti hadisənin səbəbini araşdırmağa başlayıb. Alimlər güman edirlər ki, buna səbəb Hind okeanında əmələ gələn mikroskopik qızıl yosunlardır. Lakin 2006-cı ildə Mahatma Qandi Universitetinin alimləri Qodfrey Luis və Sansoş Kumar hadisə ilə bağlı olduqca fərqli fikir səsləndiriblər. Onların iddialarına görə, yağışın qırmızı rəngdə olmasına səbəb dünyadan kənar hüceyrələrin atmosferdə izotop (kimyəvi elementlərin müxtəlif atomları) reaksiyalara yol açması nəticəsində baş verir.

Penitentes: Bəzi dağ ərazilərində nazik buz qayalıqlarına rast gəlmək mümkündür. Bir qrup alimin fikrinə görə, bu tip qayalıqlar Günəş şüalarının buzların üzərinə əks olunması nəticəsində yaranır. Ancaq bu fikirlə razılaşmayan digər elm adamları bu hadisənin niyə başqa ərazilərdə baş vermədiyi sualını ortaya qoyurlar.

Mavi Günəş: 2006-cı ildə Misirin paytaxtı Qahirədə qeyri-adi hadisə yaşanıb. Dekabrın 14-ü saat 16:47-dən etibarən ehramların yaxınlığındakı təhlükəsizlik kameralarının yaddaşına maraqlı bir görüntü həkk olunub. Belə ki, 15 dəqiqə ərzində Günəşin rəngi maviyə bürünüb. Daha sonra videoyazılar üzərində araşdırma aparan fiziklər indiyə qədər belə bir hadisənin 5 dəfə baş verdiyini bildiriblər. Onlardan ən sonuncusu 1950-ci ildə Şotlandiyanın Edinburq şəhərində olub. Bəzi alimlər bunun yaranma səbəbini havanın çirkli olması ilə əlaqələndirib. Bu fikir də hər kəs tərəfindən birmənalı qarşılanmayıb.

Buzdan dairələr: Əsasən Sibir kimi soyuq bölgələrdə su gölməçələrinin üzərində yaranır. Nadir hallarda axar sularda da rast gəlmək mümkündür. Elm adamları hələ də bu buz dairələrinin necə yarandığını araşdırırlar.

“Mammatus” buludları: Meteorologiyada “mammatokumulus” buludları adlanan bu təbiət hadisəsi olduqca geniş bir ərazini əhatə edə bilir. Hərəkətsiz görünən zolaqlı buludların niyə bu formada olduğunu isə alimlər hələ də müəyyənləşdirə bilməyiblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here