Təşkilat fəaliyyətini bərpa edir

0
369

2011-ci ildə bir qrup gənc tərəfindən təsis edilmiş İDEAL Gənclər İctimai Birliyinin əsas məqsədi uşaq, yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması, təhsil, mədəni, intellektual, yaradıcılıq və idman sahəsində gənclərin inkişafına dəstək, tələbə və gənclərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarət olmuşdur.
Fəaliyyəti dövründə İDEAL Gənclər İB-nin təşkil etdiyi “Sağlam həyat yaşa”, “Əlil gənclərə qayğı”, “Mən azərbaycanlıyam” , “24 ilin yarası”, “İnternetdən faydalanaq” , “Ucqar kənd şagirdlərinin təhsildə uğurları” və s. layihələri ictimaiyyət tərəfindən müsbət qaşılanıb.
İDEAL Gənclər İB-nın sədri Teymur Əzizovun sözlərinə görə, keçirilən tədbirlərin yalnız biri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib qalan bütün tədbirlər birliyin şəxsi hesabına təşkil olunurdu.
Xatırlatmaq istərdik ki, birlik 2014-cü ildə maddi problemlərlə əlaqədar olaraq fəaliyyətini dayandırmışdı. Redaksiyamıza daxil olan məlumata görə İDEAL Gənclər İctimai Birliyi 2017-ci ildən yenidən fəaliyyətə başlamağı nəzərdə tutub. Birliyin təsisçilərindən Əbdül Babayevin dediyinə görə İB-in nizamnaməsinə dəyişikliklər olunub və yaxın zamanda təşkilatın yeni sənədləri Ədliyyə Nazirliyinə göndəriləcək.
Təşkilatın rəsmisi 2017-ci ildən etibarən İB-nın əsas fəaliyyətləri Gənclər Siyasəti haqqında Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin gənclər siyasətinə dəstək olmaqdan ibarət olacağını deyib.
Ə.Babayev təşkilatın idarə heyətində dəyişikliyin olacağını, birliyin nəzdində mətbuat şöbəsinin və yeni komissiyaların yaradılacağını da vurğulayıb.

Esmira Hidayətova