“Pəhriz sağlamlığın rəhni və əsas şərtidir”

0
354
Hər kəs sağlam həyat yaşamaq istəyir. Bu, insanların ən təbii istəklərindən biridir. Həyat boyu sağlam yaşamağın ən fundamental dayağı isə sağlam qidalanmaqdır. “Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-publisist Ərşad Əzimzadə ilə söhbətimiz bu barədə oldu.
– Ərşad müəllim, pəhriz deyildikdə nə nəzərdə tutulur?– Məşhur ərəb alimi Haris İbn Kildə qidanın insan taleyində oynadığı müstəsna rolu düzgün qiymətləndirərək deyirdi: “Bütün fəsadların yuvası mədədir, bütün dərdlərin çarəsi pəhrizdir”. O, pəhriz deyərkən, qidadan müvəqqəti imtina etməyi, ac qalmağı deyil, düzgün qidalanmağı nəzərdə tuturdu. Pəhriz özündə bütöv bir elm sahəsini – dietologiyanı cəmləşdirir. Hippokratın bəşəriyyətə miras qoyub getdiyi əsl tibb elmi, yırtıcı biznesin maraqlarını güdən qondarma tibb “elmindən” fərqli olaraq, sırf dietologiya üzərində qurulub. İstər “nə yeyiriksə – oyuq” deyən Hippokratın özü, istər onun yolunu davam etdirən Qalen və İbn Sina, istərsə də Ümumdünya Natural Gigiyena Hərəkatının korifeyləri Herbert Şelton, Pol Breqq, Norman Uoker, Katsudzo Nişi, 2 dəfə Nobel mükafatı laureatı Laynus Polinq, 3 ölkənin (Almaniya, Rusiya, İtaliya) tibb elmləri doktoru Abram Zalmanov öz xəstələrini kimyəvi preparatlarla deyil, məhz təbii qidaların köməyi ilə müalicə edir və gözəl nailiyyətlər qazanırdılar.

– Pəhrizin insan səhhəti üçün əhəmiyyəti nədən ibarətdir?

– Hər bir canlı üçün 4 cür qida növü yaradılıb: Günəş işığı, hava, su və bitki səltənəti. Yalnız tərkibində Günəş enerjisi olan canlı qidalar insan orqanizmini lazım olan 600 inqridiyentlə təmin edə bilir, “ölü” qidalar, yəni bişmiş, duza  və ya şəkərə qoyulmuş, rafinləşdirilmiş (fabrik və zavodlarda təmizlənmiş) qidalar özündə faydalı elementləri daşımır, buna görə də belə qida  sağlam qan yarada bilmir. Sağlam qan yoxdursa, sağlam can da yoxdur. Onları qəbul etmək – təbiətin əbədi, dəyişməz və mükəmməl qanunlarına ziddir. Pəhriz isə məhz sağlam qan yaratmağa xidmət edir. Bu baxımdan  pəhriz sağlamlığın rəhni və əsas şərtidir. Mən 30 il məni zəlil edən 8 “çarəsiz” (müasir tibb “elmi” belə hesab edir) xəstəliyin qanlı caynağından məhz pəhrizin köməyi ilə xilas ola bildim və bu gün bu qüdrətli “loğmanın” köməyi ilə özümü sağlam və gümrah saxlayıram.

– Sağlam qidalanma şərtlərinə əməl etməyən insanın səhhətində hansı problemlər yaranır?

– Sağlam qidalanma şərtlərini pozan adamın bədənində iki dəhşətli material yaranır – şlak (zir-zibil) və toksik material (zəhər). Çürümüş kütlədən yaranan şlak mikrobların və bakteriyaların sevimli qidasıdır. Bu kütlə bol olanda mikroblar yaxşı qidalanır, sürətlə artıb-törəyir, çoxalır və külli miqdarda toksik material (zəhər) ifraz edir. Toksik material yoğun bağırsaqdakı xovlar vasitəsilə qana sorulur və qanı zəhərləyir. Zəhərlənmiş qan bütün bədənə yayılıb, bizi qoruyan və yaşadan hüceyrələri kütləvi şəkildə zəhərləyir, bu çalışqan “əsgərlər” və “fəhlələr” xəstələnir, kütləvi şəkildə qırılır. Bu üzdən də ayr-ayrı orqanlar sıradan çıxır, öz funksiyasını yerinə yetirə bilmir və biz müxtəlif xəstəliklərə mübtəla oluruq, bizə verilən ömrün heç onda birini də yaşaya bilmirik.

– Xüsusilə hansı qidaların qəbulu insan üçün daha çox faydalıdır?

– Bütün canlı qidalar. Günəş işığı, hava, çiy su, çiy meyvə və tərəvəz, tumlar, bir çox yarpaqlar,  çiçəklər, zoğlar, köklər bizə lazım olan faydalı eləmentlərin daşıyıcısıdır və bizi uzun illər sağlam, gümrah yaşatmağa qadirdir.

– Qida ilə konkret hansı xəstələrin sağalmasına yardımçı ola bilərsiniz?

– Yalnız qida ilə aparılan müalicə istənilən nəticəni verə bilir. Elə bir xəstəlik yoxdur ki, onun kökündə qeyri-sağlam həyat tərzi, xüsusilə də “ölü” qida durmasın. Ona görə də tam qətiyyətlə deyə bilərəm: elə bir xəstəlik yoxdur ki, onu sağlam həyat tərzinin, xüsusilə də canlı qidanın köməyi ilə sağaltmaq mümkün olmasın. Belə həyat tərzinin fəqərə sütunu – düzgün qidalanmaqdır.

– Qidalar dadına görə, yoxsa faydasına görə yeyilməlidir?

– Mən bu suala iki misradan ibarət olan şeirimlə cavab vermişəm:

Qulaqda sırğa et Qızıl Qaydanı:

Qidada ləzzət yox, axtar faydanı!

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, son zamanlar çürük qidaların ölkəni basdığı, onların geniş reklam oldunduğu, insanları düz yoldan sapındırdığı bir  mühitdə həmvətənlərim qidada fayda deyil, yalnız və yalnız ləzzət axtarırlar. Bu yanlış seçimin qaçılmaz nəticəsidir ki, insanların maddi-rifahı yüksəldikcə, dünyaya xəstə, şikəst, ölü gələn uşaqların, dünyadan tez köçən gənclərin,  eləcə də ağır xəstələrin sayı kosmik sürətlə artır, hər gün bir təzə “sağalmayan” xəstəlik peyda olur, “qocalıq” xəstəlikləri “cavanlaşır”.

 – Hazırda ilin ən isti yay fəslini yaşayırıq. Bu fəsildə hansı növ qidaların qəbul olunması faydalı olardı?

– Bayaq dedim ki, ən dəyərli qida – günəş işığıdır. Yay mövsümündə bu qida bol olur. Menyu tərtib olunarkən bunu nəzərə almaq lazımdır. Yəni yayda tərkibində yağ və zülal çox olan qidaların həcmini xeyli azaltmaq zəruridir. Üstünlüyü meyvələrə və tərəvəzə, bostan məhsullarına, çiy suya, tumlara vermək lazımdır. Zəngin və pulsuz qida olan günəş işığından istifadə edərkən onu nəzərə alın ki, günəş işığı səhər saat 9-a qədər və axşam saat 6-dan sonra faydalıdır. Həm də həddi aşmaq, gün altında çox qalmaq, dərini yandırmaq fayda əvəzinə, zərər verər. Hər şeyin çoxu da azı kimi pisdir.

 – Hər növ qidanı həmişə yemək faydalıdırmı?

– Canlı qidaları hər vaxt yemək (təbii ki, norma çərçivəsində) olar, “ölü” qidaları yemək isə ilin bütün fəsillərində eyni nəticə verəcək – qan zəhərlənəcək, hüceyrələr qırılacaq, mikroblar və bakteriyalar fəallaşacaq, biz “çarəsiz” dərdlərə mübtəla olacağıq.

– Təbii üsullarla müalicə almaq istəyənlərə nə tövsiyə edərdiniz?

– Vaxtilə Lenini və ailə üzvlərini müalicə edən, 3 ölkənin tibb elmləri doktoru A. Zalmanov deyirdi ki, bütün elmlərin şahı, zirvəsi orqanizmə qulluq etmək elmidir, onu bilməyən nadan və cahildir. Əfsuslar olsun ki, bu gün öz canının qayğısına qalan insanlar çox azdır. Əksər insanlar dünyanın ən şirin və ən qiymətli neməti olan cansağlığını xərcləyib, pul qazanır, o pulu zəhərə verib, öz qanını zəhərləyir, öz əlilə öz hüceyrələrini kütləvi şəkildə qırır və ömrünün gödəlməsinə vəsilə olur. Ona görə ki, bir çox hallarda insanlar nə yeməyi, nə qədər yeməyi və necə yeməyi bilmirlər. Bir çox nadanlar isə ölü qidaların törətdiyi ağır fəsadları bilsələr də, şüurlu surətdə, pinti gödənin diktəsi altında ancaq “dadlı”, “ləzzətli”, “nəşə verən” qidalar qəbul edirlər. Nadanlıq yolunu bilərəkdən seçən cahillərlə işim yoxdur. Sağlamlıq və xoşbəxtlik yoluna qayıtmaq istəyən ağıllı insanlara məsləhətim budur ki, “ölü” qidalardan imtina etsinlər, qidaları qarışdırmasınlar, hər gün 2-3 litr (çəkidən asılı olaraq) çiy suyu ilıq şəkildə və qurtum-qurtum içsinlər, təbii zülalı və yağı qozdan, fındıqdan, badamdan, şabalıddan, püstədən, tumlardan alsınlar. Heyvandarlıq məhsullarından istifadə etmək vacib deyil. Lakin onlardan imtina edə bilməyənlər südü qatıq, duzsuz pendir, şor, süzmə, kəsmik formasında qəbul etsinlər, hərdən 20 qram təzə nehrə yağı yesinlər, mal və qoyun əti əvəzinə, balıqdan, həyət çolpasından, qaraciyər, ürək və böyrəkdən istifadə etsinlər.

 – Ərşad müəllim, son olaraq oxucularımıza nə demək istərdiniz?

– Millətin damarlarında çürük qan axırsa, hüceyrələr normadan artıq qırılırsa, nə qədər klinika və idman sarayı tikirsən tik, səhiyyəyə və idmana ayrılan vəsaitin həcmini nə qədər artırırsan artır, o millət sağlam və xoşbəxt ola bilməz. Belə millət bir qayda olaraq, nəfsin və tamahın, pis vərdişlərin müti quluna çevrilir, müdrik və güclü ola bilmir. Milləti müdrik, mənən və cismən güclü etməyin yeganə düzgün yolu onu pis vərdişlərin caynağından qopartmaqdır. Bu taleyüklü problemin həlli o zaman mümkün olar ki, ölkədə Sağlam Həyat Tərzinin (SHT) hüquqi təməli qoyulsun. Yəni  SHT haqqında qanun qəbul olunsun. Belə qanun zəhərli qidaları, zəhərli dərmanları və zəhərli vərdişləri təbliğ edən qurumların və KİV-in yolunda keçilməz səddə çevrilər, düzgün maarifləndirmə prosesinə start verər, səhiyyə mədəniyyətinin, ilk növbədə, qida mədəniyyətinin yüksəlməsinə gətirib çıxarar. Məlumat üçün deyim ki, belə bir qanun layihəsini hazırlayıb, ölkənin ali təşkilatlarına göndərmişəm və ümid edirəm ki, bu taleyüklü məsələ millətimizin xeyrinə həll olunacaq.

Elvin Əliyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here