“Qoca və dəniz”lə Nobel zirvəsinə

0
630
Ötən əsrdə o, Qərbdə ən çox tanınan və sevilən, eyni zamanda əsərləri maraqla oxunan məşhur yazarlardan biri hesab edilirdi. Qələmindən çıxan əsərləri dərhal diqqəti cəlb edir və oxucular arasında əldən-ələ gəzirdi. 
 

 

Bu da əsassız deyildi, onun qəhrəmanları cəmiyyətin içindən çıxan, onların arzularını, dərdlərini və kədərlərini ifadə edən, sonda ya öz ideyaları uğrunda məğlubiyyətə uğrayaraq faciəli şəkildə həyatı tərk edən, ya da ağır mübarizələrdən sonra qələbə çalmağı bacaran insanlar idilər. Mübarizə ruhu, demək olar ki, onun bütün əsərlərindən qırmızı xətt kimi keçir. Bu mübarizə ruhu onun öz daxilindən qaynaqlanırdı. Həyatını qələmi kimi mübarizəyə həsr edən bu böyük insan XX əsr dünya ədəbiyyatının parlaq simalarından biri olan ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Ernest Heminquey idi.

Ernest Heminquey 1899-cu il iyul ayının 21-də Ouk-Park şəhərciyində (ABŞ-ın İllinoys ştatı) anadan olub. Onun atası Klarens Edmont Heminquey həkim, anası Qreys Holl isə evdar qadın idi. Atası uşaq yaşlarından Ernesti təbiətə məhəbbət ruhunda tərbiyə etmişdi. O bununla da oğlunun həkim olmasını və atasının yolunu davam etdirməsini istəyirdi. Ernestin 3 yaşı olanda atası ona tilov alaraq balıq tutmağa aparmışdı. Gələcəyin məşhur yazıçısı 8 yaşı olanda artıq İllinoys ştatında olan bütün ağacların, quşların, balıqların və vəhşi heyvanların adlarını bilirdi. Amma təbiətə böyük məhəbbət bəsləməsinə baxmayaraq, Ernest həm də ədəbiyyat həvəskarı idi. O saatlarla əlinə düşən kitabları oxuyurdu. Hələ 10 yaşı olmamış atasının şəxsi kitabxanasındakı bütün kitabları oxumuşdu. Amma atasından fərqli olaraq, Ernestin anası oğlunun musiqiçi olmasını arzulayırdı. Bu məqsədlə o, Ernesti violonçel sinfinə qoymuşdu və onu tez-tez kilsəyə apararaq, kilsə xorunda oxumağa məcbur edirdi. Üstündən illər ötəndən sonra artıq ahıl yaşlarında Ernest həyatının həmin anları haqqında belə demişdi: “Anam məni musiqi ilə ciddi şəkildə məşğul olum deyə, il ərzində məktəbdə normal halda oxumağa qoymadı. O elə fikirləşirdi ki, məndə musiqi istedadı var. Ancaq mənim nə musiqiyə həvəsim vardı, nə də ondan başım çıxırdı”.

Buna baxmayaraq, anası hər gün onu musiqi ilə məşğul olmağa məcbur edirdi.

12 yaşı olanda balaca Ernestin həyatında önəmli bir hadisə baş verdi. Babası ona 20 kalibrli təklüləli ov tüfəngi bağışladı. Bu hədiyyə nəvə ilə baba arasında möhkəm dostluğa səbəb oldu. Babasının ov haqqında danışdığı maraqlı əhvalatların çoxu sonralar Ernestin əsərlərində öz təsvirini tapdı. Bir sözlə, babasının ov əhvalatları Ernestin ədəbiyyata olan həvəsini daha da artırdı və o, ömrü boyu babasını xoş sözlərlə xatırladı. Yeri gəlmişkən, onu da deyək ki, atası da Ernestin ov həvəsinə mane olmadı, əksinə, oğlunu daha da bu işə şirnikləndirdi. Ernest bu təsir altında yazdığı ilk hekayəsini də ova həsr etdi. Hekayənin qəhrəmanı simasında isə əsasən atasını və bir az da babasını canlandırmışdı. Hekayənin qəhrəmanı isə sonda ovda faciəli şəkildə həlak olurdu. Nə qədər qəribə olsa da Ernestin atası Klarens də hekayədə təsvir edildiyinə oxşar şəkildə özünü öldürmüşdü.

Onu da deyək ki, Heminqueyin ilk hekayəsi “Skrijal” adlı məktəb jurnalında dərc edilmişdi. Hindu folkloru əsasında yazılan bu hekayə “Manitanın mühakiməsi” adlanırdı. Bunun ardınca məktəb jurnalında onun “Bütün iş dərinin rəngində idi” adlı hekayəsi dərc olundu. Hekayədə boksun pərdə arxasında aparılan çirkli kommersiya oyunlarından danışılırdı.

1916-cı ildə Ernest sərbəst şəkildə Şimali Miçiqan ştatına səyahətə çıxdı. Bu səyahət ona yeni əsərlərin yazılması üçün çoxsaylı mövzular verdi. Səyahətdən qayıdandan sonra “Jinqan zəngirləri” adlı hekayəsini yazdı. Bu hekayəsi də Ocubey qəbiləsindən olan ovçunun intiqamından bəhs edirdi. Bunun ardınca isə Ernest “Trapesiya” adlı məktəb qəzeti üçün idman yarışları, konsertlər haqqında reportajlar hazırlamağa başladı. Onun Ouk Parkın elit həyatından bəhs edən qeydləri oxucular arasında böyük marağa səbəb olmuşdu. Bu da onu həyatını ədəbi yaradıcılığa həsr etməyə həvəsləndirdi.

“Polis” reportajçı

Məktəbi başa vurduqdan sonra valideynlərinin universitetdə oxumaq tələblərinə məhəl qoymadan o, Kanzas Siti şəhərinə gələrək, yerli “Star” qəzetində işləməyə başladı. Ona şəhərin baş xəstəxanası, dəmiryol vağzalı və polis şöbəsi olan hissələrində reportajlar hazırlamaq tapşırılmışdı. Gənc Ernest ona tapşırılan sahələrdə baş verən hadisələri geniş işıqlandırırdı. Reportajlar hazırlayan zaman o, oğrular, muzdlu qatillər, fırıldaqçılar və digər cinayətkar ünsürlərlə tanış olmuşdu. Bu tanışlıqlar ona sonralar insanları cinayətə sürükləyən səbəblərlə yaxından tanış olmağa, onların ən cüzi jestlərini yadında saxlamağa və sonradan onlardan qəhrəmanlarının təsvirində istifadə etməyə imkan verdi. Həmin dövrdə Ernestin hadisə yerindən hazırladığı operativ reportajlar onu həm redaksiya rəhbərliyinin, həm də oxucuların sevimlisinə çevirmişdi.

Hərbi xidmət yaşı çatanda Ernest orduda xidmət etmək üçün müvafiq qurumlara müraciət etdi. Ancaq o, yaxşı görmürdü və ona görə də uzun müddət Ernesti hərbi xidmətə qəbul etmədilər. Buna baxmayaraq, yaxın bir tanışı vasitəsilə “Qırmızı xaç”ın sürücüsü kimi İtaliyaya göndərilməyə nail oldu. Milan şəhərində ilk gündən onu və “Qırmızı xaç”la gələn digər könüllüləri partladılmış hərbi sursatlar zavodunun ərazisini təmizləməyə göndərdilər. İlk dəfə ölümlə üz-üzə qalan Ernest sonralar yazdığı “Günortadan sonra ölüm” əsərində bunu olduqca təsirli şəkildə təsvir edib. Ertəsi gün isə Heminqueyi sanitar maşınının sürücüsü kimi Şio şəhərinə birbaşa cəbhə xəttinə göndərdilər. Amma burada “Qırmızı xaç” könüllüləri günlərini daha çox əyləncələrdə (kart, beysbol oynamaq, rəqs gecələrində iştirak etmək) keçirirdilər. Ernest isə belə həyata dözə bilmirdi. Ona görə də israrla özünü cəbhənin daha qızğın hissələrinə göndərilməsini tələb etməyə başladı və sonda buna nail oldu. Ön hissədə Ernestə səngərlərə ərzaq aparmaq tapşırıldı. O, güllə yağışı altında bu işin öhdəsindən həvəslə gəlməyə başladı. 1918-ci il iyul ayının 8-də Ernest yaralı italiyalı snayperi döyüş meydanından çıxararkən avstriyalı əsgərlərin pulemyot və minomyotlardan açdığı atəş altına düşdü və 26 qəlpə yarası aldı. Amma həkimlər onun həyatını xilas edə bildilər. Həkimlər onun bədənində 200 ağır və yüngül yara yeri aşkar etmişdilər. Bu qədər yara ilə sağ qalmaq, həqiqətən də, inanılmaz idi. Heminqueyin diz qapağı zədələndiyindən onu həkimlər alüminium protezlə əvəz etmişdilər. Sağalandan sonra onu hərbi xidmətə yararsız adam kimi ordudan tərxis etdilər.

1919-cu il yanvar ayının 21-də Heminquey cəbhədən qəhrəman kimi evə qayıtdı. Onun barəsində İtaliya cəbhəsində vuruşan ilk qəhrəman kimi bütün Amerika qəzetləri geniş yazılar vermişdilər. İtaliya kralı isə öz həyatını risk altında qoyaraq yaralı italiyalı snayperi cəbhə xəttindən çıxardığı üçün Heminqueyi “Fədakarlığa” görə gümüş medal və “Hərbi xaç” ordeni ilə təltif etmişdi. 
 

 

Həmin dövrdə qəhrəman kimi məşhur olmasına baxmayaraq, yazıçı sonralar demişdi: “Bu müharibəyə gedərkən mən böyük axmaqlıq etmişdim. Çünki mənə elə gəlirdi ki, biz bir idman komandası, avstriyalılar isə yarışda iştirak edən digər idman komandasıdır”.

Müharibədən qayıtdıqdan sonra təxminən 1 il ərzində Heminquey yaralarını müalicə etdirməklə məşğul oldu. 1920-ci ildə o, yenidən jurnalistika fəaliyyəti ilə məşğul olmaq üçün Toronto şəhərinə getdi. O, bu şəhərdə çıxan “Toronto star” qəzetində işə düzəldi. Qəzetin təsisçisi ona istənilən mövzuda yazmağa icazə vermişdi. Lakin o, yalnız dərc olunan yazıya görə qonorar verəcəyini söyləmişdi. Əvvəlcə, Ernest amerikalıların incəsənətə olan həvəskarlar səviyyəsində qeyri-ciddi yanaşmasını ələ salan “Ləngər vuran sərgilər” və “Pulsuz üz qırxdırmağa cəhd edin” adlı daha çox satirik xarakter daşıyan məqalələrini yazdı. Sonra isə müharibə və evdə oturaraq heç kimə lazım olmayan müharibə veteranları, həmçinin qanqsterlər və axmaq məmurlarla bağlı daha ciddi mövzuları qələmə almağa başladı.

Ernest jurnalistika ilə qızğın məşğul olduğu bir vaxtda gözlənilmədən ailədaxili münaqişəyə cəlb edildi. Anası Ernestə yenə də uşaq kimi baxır və addımbaşı ona necə hərəkət edəcəyi barədə məsləhətlər verirdi. Bu isə sonda Ernesti boğaza yığdı və günlərin birində anasına etiraz əlaməti olaraq, evi tərk etdi, Torontodakı iş yerini daha uzaqda olan Çikaqo şəhərinə dəyişdirdi. O, burada da “Toronto star” qəzeti ilə əməkdaşlıq etməkdə davam edirdi. Buna paralel olaraq, gənc yazar “Cooperative Commonwealth” jurnalında redaktor kimi işə qəbul edildi. 1921-ci il sentyabr ayının 21-də Ernest gənc pianoçu Hedli Riçardsonla evləndi və onunla birgə çoxdan arzuladığı Paris şəhərinə getdi. Parisdə həyat yoldaşı ilə kiçik bir mənzildə kirayədə yaşamağa başladı. Parisdən Ernest “Toronto star” qəzeti üçün hekayələr və müxtəlif səviyyəli reportajlar hazırlayaraq göndərdi. Amerikada Avropa həyatını təsvir edən belə yazılar böyük maraq və həvəslə oxunurdu. Paris həyatı yazıçıya daha sərbəst şəkildə öz fikirlərini ifadə etməsinə və tədricən püxtələşməsinə yol açdı. O, Avropadan hazırladığı oçerklərində (“Bax Paris necədir”, “Amerika ilahəsi Parisdə”) müharibədən sonrakı Avropaya yüngül əyləncələr, macəralər həvəsi ilə axışan gəncləri və turistləri ələ salır, onlara gülürdü.

Parisdə o, “Şekspir və kompaniya” adlı kitab mağazasının sahibəsi Silviya Biç ilə tanış olur. O, bu mağazadan çoxlu sayda kitab icarəyə götürərək oxuyur. Bu onun ədəbi baxımdan daha da zənginləşməsində mühüm rol oynayır. Parisdə Ernest həmçinin ədəbiyyatı olduqca yaxşı bilən Gertruda Stayn adlı xanımla da tanış olur. Stayn Ernestin yazdıqlarını oxuyan kimi onun istedadlı olduğunu dərhal anlayır və ona yazıçılıqla da ciddi məşğul olmağı, məsələyə həvəskar kimi yanaşmamağı məsləhət görür. Bu da Ernestin sonralar daha ciddi əsərlər yazmasında böyük rol oynadı.

İlk uğur

Ernest Heminquey ədəbiyyat sahəsində ilk böyük uğuru 1926-cı ildə əldə etdi. Həmin il onun 1920-ci illərdə İspaniyada və Fransada yaşayan və cəmiyyət üçün itirilmiş gənclərin həyatından bəhs edən “Və Günəş doğur” adlı romanı çap edildi. 1927-ci ildə Heminqueyin “Qadınlarsız kişilər”, 1933-cü ildə isə “Qalib heç nə almır” adlı seçilmiş hekayələri çapdan çıxdı. Bütün bunlar da onu oxucular arasında qısa hekayələr müəllifi kimi məşhurlaşdırdı. Bu hekayələr arasında “Qatillər”, “Frensis Makomberanın uzun sürməyən xoşbəxtliyi” və “Kilimancaronun qarı” daha çox oxucu sevgisini qazanmışdı. Amma Qərbdə Heminqueyə 1929-cu ildə yazdığı “Əlvida silah” romanı daha çox şöhrət gətirdi. Romanda amerikalı könüllü ilə ingilis tibb bacısının arzuolunmaz sonluqla bitən sevgisindən danışılır. Bu kitab həmin dövrdə dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, qısa müddətdə satılıb qurtardı.

 

Floridada

1930-cu ildə yenidən ABŞ-a qayıdan Heminquey Florida ştatındakı Ki Uest şəhərində yaşamağa başladı. O burada günlərini əsasən balıq ovlamaqla keçirir və tez-tez öz yaxtasında Baham adalarına və Kubaya səyahət edirdi. Həmin dövrdə yazdığı əsərlər onu oxucular arasında daha da populyarlaşdırdı. 1930-cu ilin payızında yazıçı avtomobil qəzasına düşür və başından, həmçinin bədəninin müxtəlif yerlərindən ağır zədələr alır. O, yarım il müalicə olunur. Amma ağır qəza və uzun müalicə onun ədəbi yaradıcılığına mane ola bilmir. 1932-ci ildə Heminquey “Günortadan sonra ölüm” adlı romanını yazır. O, bu romanda öküz döyüşü (korrida) ənənəsini qəhrəmanlıq simvolu kimi olduqca dəqiq təsvir edir.

Bu roman çapdan çıxan kimi bestsellərə çevrilir, yazıçıya Amerika və ondan kənarda yeni şöhrət gətirir.

Afrikada

Ernest Heminqueyin ruhunda, qanında ovçuluğa böyük həvəs vardı. Ona görə də yazıçı daim ova can atırdı. 1933-cü ilin sonlarında o, Afrikadakı Tanqanika gölü ətrafına ova getdi. Amma o, ovda xəstələndi və 1934-cü ilin yanvarında vəziyyəti ağırlaşdı. Yazıçının olduğu Dar-əs- Salam şəhərinə təcili şəkildə xüsusi təyyarə göndərərək, onu İngiltərənin bölgədəki hospitalına apardılar. Həkimlər onu çətinliklə də olsa, sağalda bildilər. Ancaq artıq həkimlər ona bir müddət ova getməyə qadağa qoydular. Yazıçının ovu isə uğurlu olmuşdu. O, Afrikada 3 şir, 27 antilop, bir neçə vəhşi öküz və digər heyvanlar ovlamışdı. Afrikaya ov səfəri təəssüratları barədə 1935-ci ildə yazıçının “Afrikanın yaşıl təpələri” adlı kitabı çıxdı.

1937-ci ildə isə yazıçının “Olsun, olmasın” romanı çapdan çıxdı. O, bu romanda iqtisadi böhran illərində Floridada yaşayan bir nəfərin məcburən qaçaqmalçılara qoşulduğunu və onun əzablarını təsvir edir. Həmin dövrdə yazıçı dünyada baş verən siyasi prosselərlə də yaxından maraqlanırdı. Bu maraq da onu İspaniyaya gətirib çıxardı. O burada Frankoya qarşı vuruşan respublikaçıların sırasına qoşuldu. Heminqueyin çağırışı əsasında Şimali Amerika Qəzetçilər Assosisasiyası İspaniyada baş verənləri işıqlandırmaq üçün rejissor Yoris İvensin rəhbərliyi altında çəkiliş qrupu göndərdi. Nəticədə bölgədə baş verən hadisələri əks etdirən və ssenari müəllifi Heminquey olan “İspaniya torpağı” adlı sənədli film çəkildi. Heminquey həmçinin İspaniyada fransız yazıçısı Antuan de Sent Ekzüperi ilə dostlaşdı. Yazıçı “Beşinci kolonna” adlı pyesini də İspaniyada yazdı. O, döyüş bölgəsində həmçinin amerikalı qadın jurnalist Marta Hellhornla tanış oldu. Evə qayıdan kimi Heminquey Marta ilə evləndi. 1940-cı ildə isə Ernest Heminqueyin İspaniyadakı vətəndaş müharibəsinə həsr etdiyi “Kim üçün çalınır zəng” adlı romanı çapdan çıxdı.

II Dünya müharibəsi

1941-ci ildə II Dünya müharibəsi ərəfəsində Heminquey Baltimorda idi. O, burada yenə də günlərini “Pilar” adlı şəxsi kateri ilə balıq ovunda keçirirdi. 1941-ci il dekabrın 7-də Yaponiya ABŞ-ın Sakit okeandakı Perl-Harbor adasındakı hərbi bazasına hücum etdi. Bundan sonra Heminquey müharibəni işıqlandırmaq üçün Londona getdi. Londona getməzdən əvvəl isə yazıçı əks-kəşfiyyat qrupu yaradaraq “Pilar” adlı kateri ilə alman sualtı qayıqlarının və casusların üzə çıxarılması əməliyyatlarında iştirak edir. Müharibədə şəxsən iştirak etmək istəyi nəticəsində yazıçı Almaniya və işğal edilmiş Fransa ərazilərinin müttəfiq qüvvələrinə məxsus təyyarələrlə bombardman edilməsi əməliyyatına qatılır. Bunun ardınca o, Normandiyaya çıxarılan desant hissələrinə qoşulur və düşmən arxasına kəşfiyyatda iştirak edir. Fürsətdən istifadə edərək, Fransa partizanlarına qoşulan Heminquey 200 nəfərlik dəstənin başında Paris, Belçika və Elzas uğrunda gedən döyüşlərdə iştirak edir.

“Qoca və dəniz” və Nobel zirvəsi

1949-cu ildə yazıçı yenidən Kubaya gedərək, burada yaşamağa başladı. 1952-ci ildə o, özünə dünya şöhrəti gətirəcək “Qoca və dəniz” povestini yazdı. Povestdə dənizdə təkbaşına taleyin hökmünə buraxılan və köpək balıqları ilə yaşamaq uğrunda mübarizə aparan qoca balıqçıdan danışılır. Bu mübarizə o qədər təsirli təsvir edilib ki, oxucunu özü də bilmədən ruhən baş verən hadişələrin iştirakçısına çevirir. “Qoca və dəniz” povesti beynəlxalq aləmdə dərhal böyük əks-sədaya səbəb oldu. 1953-cü ildə bu povestə görə Ernest Heminqueyə beynəlxalq Pulitserov mükafatı verildi. Amma həmin il Afrikaya gedən Heminquey təyyarə qəzasına düşdü, ancaq bəxti gətirdi və sağ qaldı. 1954-cü ildə isə Ernest Heminquey hər bir yazıçının arzuladığı, ancaq çox azının ala bildiyi ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldü. Bu, yazıçının fəth etdiyi ən yüksək zirvə, yaradıcılığına verilən əvəzsiz töhfə idi. Bundan sonra, 1956-cı ildə Heminquey “Həmişə səninlə olan bayram” adlı avtobioqrafik əsərini yazır. Əsərdə onun 1920-ci illərdə Parisdə keçirdiyi həyatından bəhs olunur. Bu əsər Heminqueyin ölümündən sonra çapdan çıxdı.

Keşməkeşli ailə həyatı

Yazdığı əsərləri ilə dünyanı heyran edən Heminqueyin ailə həyatı olduqca qalmaqallı idi. O, ilk dəfə İtaliyada olarkən Aqnes fon Kurovski adlı tibb bacısına vurulmuşdu. Lakin Heminquey Amerikaya qayıdandan sonra xanım Kurovskidən italiyalı zabitə ərə getdiyi barədə məktub aldı. Bundan sonra o, ilk sevgisini özünə unutdurmaq üçün bir müddət meylini spirtli içkilərə saldı. Bunun ardınca o, Elizabet Riçardsonla tanış oldu və onunla ailə həyatı qurdu. Amma bu da ona ilk sevgisini unutdura bilmədi və o qarşılaşdığı hər qadında ilk sevgisini axtardı. 1927-ci ildə o Riçardsondan ayrıldı və bu dəfə olduqca gözəl xanım- jurnalist Polin Pfeyferlə ailə həyatı qurdu. Amma varlı ailənin ərköyün övladı olan Pfeyfer çox bədxərc və eqoist idi. Yazıçı onun hər nazına və şıltaqlıqlarına dözməli olurdu. 12 illik əzablı ailə həyatından sonra Heminqueyin onunla ayrılmaqdan başqa çarəsi qalmadı. Təkliyə dözməyən Heminquey bu dəfə hələ İspaniyada ikən tanış olduğu Marta Hellhornla evləndi. Amma II Dünya müharibəsi başlayanda Marta cəbhəyə getdi və onlar arasında uzun sürən ayrılıq ailə həyatlarının dağılmasına səbəb oldu. 4-cü dəfə Heminquey özündən 20 yaş kiçik olan jurnalist qadın Meri Uelşlə evləndi. Uelş ərinin hər nazı ilə uşaq kimi oynayırdı və onun don juanlığını görməzliyə vururdu. Uelş Heminqueyin həyatında rəsmi şəkildə evləndiyi sonuncu qadın oldu. Bundan əlavə, Heminquey uzun illər Ceyn Meyson adlı qadınla qeyri-rəsmi şəkildə yaşayıb. Ceyni tanıyanlar xarakter etibarı ilə onu Heminqueyin əkizi hesab edirdilər. Yazıçının sonuncu məhəbbəti 19 yaşlı Ariadna İvançiç oldu… Heminqueyin xanım Riçardsondan Bambi, Pfayferdən isə Patrik və Qreqori adlı oğulları olub.

Qeyri-rəsmi səviyyələrdə belə bir fikir vurğulanır ki, SSRİ xüsusi xidmət orqanları yazıçını İspaniyada Frankoya və faşistlərə qarşı vuruşarkən cəbhədə tanış olduğu gələcəkhəyat yoldaşı Marta Hellhorn vasitəsi ilə ələ almışdılar.
Həmin dövrdə İspaniyada minlərlə SSRİ kəşfiyyatçısı vardı.

Hellhornun II Dünya müharibəsi başlayan kimi

tələm-tələsik cəbhəyə getməsi də onun SSRİ kəşfiyyatındanaldığı xüsusi təlimatla əlaqələndirilir.

Buna paralelolaraq, Heminqueyin də müharibəyə can atması və

iştirak etməsi, müharibədənsonra isə Kubaya gedərək orada yaşaması onun SSRİ

kəşfiyyatının hansısa tapşırığını yerinə yetirməsi barədə çoxlu sayda ehtimalları ortayaçıxarıb.

Bu baxımdan FTB-ninyazıçının hər addımını izləməsini təsadüfi hesab etmək olmaz.

 

Qadınlara olan məhəbbətinə baxmayaraq, Heminquey onlara inanmırdı. Buna səbəb isə özünün onların təsiri altına düşərək əllərində oyuncağa çevrilməkdən ehtiyat etməsi idi. O, vaxtilə atasının da anasının əlində oyuncağa çevrildiyinin şahidi olmuşdu. Atasının özünü öldürməsində də anasını günahlandıraraq, onun dəfninə getməmişdi.

Həyatının son illəri

1960-cı ildə Kuba ətrafında baş verən hadisələr Heminqueyi ABŞ-a qayıtmağa məcbur etdi. O, bu dəfə özünə yaşamaq üçün Aydaxo ştatındakı Ketçum adlı şəhəri seçdi. Amma artıq həyat yazıçını yeni sınaqlara çəkməyə hazırlaşırdı.

Heminquey həyatında dəfələrlə ölümlə üzləşmiş və qəzalara uğramışdı. Lakin hər dəfə ölümdən qaça bilmişdi. Bu qəzalar zamanı, həmçinin I Dünya müharibəsində aldığı yaralar onun fiziki cəhətdən sağlamlığına təsir etmişdi. Ötən əsrin 50-ci illərinin ortalarından başlayaraq, yazıçı depressiyadan və paranoyyadan əziyyət çəkməyə başladı. Ona elə gəlirdi ki, hər yerdə ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları tərəfindən izlənir. Onu xəstəxanaya aparıb, cərəyan verməklə müalicə etməyə başladılar. Bu isə ağır nəticə verdi. 20 seansdan sonra Heminquey yaddaşını itirdi. O öz fikrini sərbəst şəkildə ifadə etmək üçün bir kəlmə belə yaza bilmirdi. Vəziyyətinin ağırlaşdığını görüb, Heminquey özünü öldürmək qərarına gəldi. O, özünü necə öldürəcəyini bir neçə dəfə dostlarına da nümayiş etdirmişdi: Tüfəngi ayaqlarının arasına qoyaraq lüləni çənəsinin altına dirəyir və böyük barmağı ilə tətiyi çəkir. O vaxt dostları bunu zarafat hesab edərək, qəhqəhələrlə qarşılamışdılar. Heminqueyin həyatını tədqiq edən şəxsi bioqrafı F. Yanq yazır ki, məşhur yazıçının bütün həyatı ölüm və özünüölümdən qaçmaqdan ibarət olub. Bu amil də onun yaradıcılığında güclü iz buraxıb. Yanqın sözlərinə görə, Heminqueyin psixikasında sonralar özünü göstərən qorxu hissləri və nevroz onun həyatında dəfələrlə qəzaya düşməsi, Afrikaya səfəri zamanı ağır xəstələnməsi və bir də I Dünya müharibəsi zamanı ağır yaralanması ilə əlaqədar olub.

Heminquey ilk dəfə özünü 1961-ci il aprel ayının 16-da öldürmək istəmişdi. Yazıçının həyat yoldaşı Meri təsadüfən qonaq otağına girəndə onun tüfəngə patron qoyduğunu görmüşdu. Stolun üstündə isə Heminquey tərəfindən yazılmış vəsiyyətnamə vardı. Meri tələsik yazıçını müalicə edən həkimi çağırmış və o, çətinliklə də olsa Heminqueyi öz fikrindən daşındıra bilmişdi. Buna baxmayaraq, ertəsi gün yazıçı qonaq otağının qapısını arxadan bağlayaraq, yenidən özünü öldürmək istəmişdi. Ancaq yaxınları bundan vaxtında xəbər tutaraq onun əlindən silahı güclə ala bilmişdilər. Bundan sonra Heminqueyi yenidən psixiatrik klinikaya müalicəyə göndərdilər. Ancaq hər yerdə onun gözünə FTB-nin izləyiciləri görünürdü. O, klinikadan dostuna zəng vuraraq, xəstəxanada da FTB əməkdaşlarının onu izləməsindən şikayət etmişdi. Təxminən 2 aydan artıq davam edən müalicədən sonra yazıçını evə buraxdılar. Bundan bir neçə gün sonra, 1961-ci il iyul ayının 21-də yazıçı əhatəsində olan yaxınlarının və onun hər addımını nəzarət altında saxlayan həyat yoldaşı Merinin diqqətindən yayınaraq özünü öldürdü. Bu dəfə o özündən sonra heç bir vəsiyyətnamə qoymamışdı.

İrsən gələn sui-qəsd

Heminqueyin özünü öldürməsi əslində onlarda irsən keçən bir faciə hesab edilirdi. Belə ki, şəkər xəstəliyindən əziyyət çəkən yazıçının atası ayaq barmaqlarında başlayan qanqrenaya dözməyərək özünü öldürmüşdü. Yazıçının peşəkar jurnalist və ədəbi sahədə yazdığı bircə romanı – “Mənim qardaşım Ernest Heminquey”lə tanınan kiçik qardaşı də bundan 30 il sonra özünü öldürmüşdü. Heminqueyin hər üç oğlu da psixi cəhətdən xəstə idi. Kiçik oğlu Qreqori bu səbəbdən narkotikaya qurşanmış və həyatını həbsxana divarları arasında başa vurmuşdu. Nəvəsi Marqo model və aktrisa idi. O, babası Heminquey kimi həyatını balıq tutmağa, ovçuluğa, dağlara səyahətə həsr etmişdi. Ancaq o model və aktrisa kimi bir o qədər də şöhrət qazana bilmədi. Nəticədə içki və narkotika düşkününə çevrildi. Günlərin birində isə öldürücü miqdarda narkotika qəbul edərək dünyasını dəyişdi. Yazıçının yaxınlarının da taleyi onun özününkü kimi oldu. Heminqueyin sonuncu məşuqəsi 19 yaşlı Ariadna İvançiç 1963-cü ildə ərə getdi, ancaq 53 yaşında o da məşhur yazıçı kimi özünü öldürdü…

Heminquey rus casusu idi?

Heminquey “Soyuq müharibə” illərində SSRİ-də ən çox sevilən Qərb yazıçısı idi. Onun hər əsəri dərhal rus dilinə tərcümə olunaraq böyük tirajla çap edilirdi. Sonra isə bu əsərlər əlbəəl müttəfiq respublikaların dilində çap olunurdu. İndinin özündə belə postsovet ölkələrində Heminquey qədər sevilən bir yazıçı tapmaq çətindir. Bu səbəbdən də onun özünü öldürməsinin SSRİ əhalisi arasında düşkünlüyə səbəb olacağından ehtiyat edən ölkə rəhbərliyi baş verən faciəni 5 il gizlətmişdi. SSRİ oxucuları Heminqueyin ölümündən yalnız 1966-cı ildə xəbər tutmuşdular. Ümumiyyətlə, SSRİ-də o dövrdə Qərb ədəbiyyatına və yazarlarına allergiya vardı. Bu baxımdan SSRİ-də Heminqueyə olan böyük maraq və sevginin səbəbini onun Moskva ilə əlaqədə olması ilə izah edirlər. Qeyri-rəsmi səviyyələrdə belə bir fikir vurğulanır ki, SSRİ xüsusi xidmət orqanları yazıçını İspaniyada Frankoya və faşistlərə qarşı vuruşarkən cəbhədə tanış olduğu gələcək həyat yoldaşı Marta Hellhorn vasitəsi ilə ələ almışdılar. Həmin dövrdə İspaniyada minlərlə SSRİ kəşfiyyatçısı vardı. Hellhornun II Dünya müharibəsi başlayan kimi tələm-tələsik cəbhəyə getməsi də onun SSRİ kəşfiyyatından aldığı xüsusi təlimatla əlaqələndirilir. Buna paralel olaraq, Heminqueyin də müharibəyə can atması və iştirak etməsi, müharibədən sonra isə Kubaya gedərək orada yaşaması onun SSRİ kəşfiyyatının hansısa tapşırığını yerinə yetirməsi barədə çoxlu sayda ehtimalları ortaya çıxarıb. Bu baxımdan FTB-nin yazıçının hər addımını izləməsini təsadüfi hesab etmək olmaz. Amma bu günə kimi FTB-nin Heminqueyin casusluq fəaliyyətinin izinə düşməsi barədə rəsmi məlumat yoxdur. Amma yazıçı özünün izlənməsindən xəbərdar idi və daim özünün həbs olunacağından ehtiyatlanırdı. Cavan yaşlarında o, bunu müəyyən səbir və mətanətlə qəbul edirdi. Ancaq yaşı 55-i ötəndən sonra izlənmə qorxusu onun psixoloji cəhətdən sarsıntı keçirməsinə gətirib çıxardı. Bütün bunlar isə onun dəlixanaya müalicəyə göndərilməsində xüsusi rol oynadı. Heminquey özünün FTB tərəfindən izlənməsindən niyə bu qədər qorxurdu? Belə başa düşmək olar ki, Heminquey, hələlik, bizə məlum olmayan hansı yollarlasa SSRİ kəşfiyyatı ilə bağlı olub. Ona görə daim bunun üzə çıxarılaraq həbs ediləcəyindən təşviş keçirib və bu da sonda onun psixikasının pozulmasına yol açıb. Digər tərəfdən də, Heminqueyin o vaxt heç bir psixi xəstə üzərində təcrübədən keçirilməyən cərəyan vermək yolu ilə müalicə edilməsinin də FTB-nin tapşırığı əsasında aparıldığı güman edilir. Həmin dövrdə FTB Heminqueydən bu yolla hansısa sirri qopara biləcəyinə ümid edib. Ancaq sonda müalicə əks nəticə verib və yazıçı yaddaşını itirib. Necə deyərlər, FTB SSRİ-də Heminqueyə olan məhəbbətin intiqamını onu mənəvi cəhətdən məhv etməklə, dəlixanaya salmaqla və cəmiyyət üçün yararsız olan adama çevirməklə alıb. Hər halda Heminqueylə bağlı ortada olan bəzi faktlar bunu məntiqi baxımdan ağlabatan ehtimallar kimi qəbul etməyə imkan verir.

Ə. Mustafa

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here