Yarımfinalçılar müəyyənləşib

0
289

Dekabrın 21-də futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinə yekun vurulub. Oynanılan cavab qarşılaşmaları ilə yarımfinala yüksələn komandalar müəyyənləşib.

Bakının “İnter” komandası Gəncənin “Kəpəz” klubundan üstün olub. Bakıdakı görüşdə 2:0 hesablı qələbə qazanan Zaur Svanadzenin rəhbərlik etdiyi komanda səfərdə heç-heçəyə razılaşıb – 0:0. Bununla da iki oyunun nəticəsinə əsasən, “İnter” yarımfinala vəsiqə qazanıb. Komanda yarımfinalda “Qəbələ” ilə üz-üzə gələcək. Baş məşqçi Roman Qriqorçukun komandası dörddəbir finalda AZAL-ı mübarizədən kənarlaşdırıb. “Qırmızı-qaralar” 2:1 hesabı ilə qalib gəldikləri ilk görüşün revanşında da üstün olublar – 1:0.

Dörddəbir final mərhələsinin digər oyununda “Neftçi” və “Zirə” komandaları münasibətlərinə aydınlıq gətirib. “Zirə” səfər görüşündə 2:1 hesabı ilə qalib gəlsə də, ilk oyunda 3:0 hesablı qələbə qazanan “Neftçi” iki oyunun nəticəsinə görə, adını yarımfinala yazdırıb. Bakı təmsilçisinin yarımfinaldakı rəqibi “Qarabağ” klubu olacaq. Bakıda təşkil olunan ilk oyunda Ağdam təmsilçisi “Sumqayıt”ı 6:0 hesabı ilə məğlub etmişdi. Cavab qarşılaşmasında da “Qarabağ” 5:2 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, yarımfinal oyunları 2017-ci il martın 30-da və aprelin 5-də olacaq.