ADU-da Yapon dili natiqlik müsabiqəsi keçirildi

0
413
Azərbaycan Dillər Universitetində (ADU) universitetin Yapon Mərkəzinin  təşkilatçılığı ilə GUAM ölkələri II Beynəlxalq Yapon dili natiqlik müsabiqəsi keçirildi.
Bakı Dövlət Universiteti, Yapon Fondu, “Panasonic LTD”, Toyotanın Qafqaz üzrə rəsmi distribütorunun Azərbaycan nümayəndəliyi, “İtochu Neft İstismarı” Səhmdar Cəmiyyəti, “TEC İnternational”, Tokyo Elektrik Enerjisi Xidmətləri Şirkəti və Bakı Yapon Cəmiyyətinin dəstəyi ilə keçirilən müsabiqənin açılış mərasimində çıxış edən Yaponiyanın Azərbaycandakı səfirinin müşaviri Ashida Kenji GUAM ölkələri II Beynəlxalq Yapon dili natiqlik müsabiqənin keçirilməsi münasibətilə iştirakçıları təbrik etdi. O, çıxışında xarici dil öyrənməyin çətin olduğunu qeyd etdi. Xarici dil öyrənməyin müsbət cəhətlərindən danışan Ashida Kenji tələbələrin həmin ölkənin dilini, mədəniyyətini, tarixini mükəmməl öyrəndiyi zaman onlar kimi düşünə  bildiklərini vurğuladı və istənilən vaxt həmin ölkənin nümayəndələri ilə fikir mübadiləsi apara bildiklərini sözlərinə əlavə etdi. O, tələbələrə Yapon dilini bundan sonra da öyrənməyə davam etmələrini tövsiyyə etdi və onların iki ölkə arasında körpü rolunu oynayacağına ümid etdiyini bildirdi. Çıxışının sonunda A.Kenji tədbirin keçirilməsinə şərait yaratdığı üçün Azərbaycan Dillər Universitetinin rəhbərliyinə, müsabiqəyə dəstək göstərən hər kəsə minnətdarlığını bildirdi.

Daha sonra çıxış edən ADU rektorunun müşaviri Vazeh Əsgərov universitet rəhbərliyi və rektor, Milli Məclisin deputatı, professor Səməd Seyidovun adından qonaqları salamladı. O, tədbirə dəstək verən Bakı Dövlət Universitetinə və Yaponiyanın Azərbaycandakı dünyaca məşhur şirkətlərinə  öz təşəkkürünü bildirdi.  Vazeh Əsgərov ADU-da 20 il bundan əvvəl 3 əsas dilin tədris edildiyini, ancaq bu gün universitetdə tədris olunan dillərin 20-dən çox olduğunu qonaqların diqqətinə çatdırdı. Vazeh Əsgərov ADU-da müxtəlif dillərin  mərkəzlərinin mövcud olduğunu və həmin mərkəzlərdə tələbələrin, professor-müəllim heyətinin birbaşa dillərin tədrisi ilə məşğul olduqlarını bildirdi. Universitetdə  Yapon mərkəzinin fəaliyyətindən  danışan müşavir  ADU-da Yaponşünaslıq ixtisasının da olduğunu iştirakçıların nəzərinə çatdırdı. Sonda o, iştirakçılara uğurlar arzu etdi.

Sonra münsiflər heyətinin üzvləri-  Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri  Ashida       Kenji, Kiyev Milli Linqvistik Universitetinin nümayəndəsi Oyama Daiki, Gürcüstan Azad Universitetinin nümayəndəsi  Konstantin Tsereteli, Moldova-Yaponiya əlaqələr fondunun nümayəndəsi Konako Ukai, Belarus Dövlət Universitetinin nümayəndəsi Yamaquçi Satoru  iştirakçılara təqdim olundu, müsabiqənin şərtləri izah edildi.

Müasbiqənin şərtlərinə əsasən Azərbaycan, Ukrayna, Gürcüstan, Belarus və Moldovadan olan 15 nəfər tələbə yapon dilində nitq söyləməlidilər. İnşalar “Mənim ölkəm və Yaponiya” mövzusunda oldu. 5 dəqiqə ərzində təqdim olunan nitqin uzunluğunu 4 dəqiqə 30 saniyədən az olarsa və ya 5 dəqiqə 30 saniyəni keçdiyi zaman iştirakçılardan bal çıxılacağı,  nitq bitdikdən sonra isə sual-cavab olacağı haqda məlumat verildi. Nitqlər inşa mətninin orijinallığı, məzmunun dərinliyi, ifadə gücü, inşa dilinin aydınlığına görə münsiflər heyəti tərəfindən qiymətləndiriləcəyi bildirildi.

Sonra müsabiqədə iştirak edən 15 nəfər iştirakçı tələbənin bir dəqiqəlik videoçarxı yayımlandı.

Daha sonra iştirakçı tələbələr “Unudulmaq üzrə olan dəyərli ənənələr”, “Ukrayna və Yaponların ürəyi”, “Yaponlar və Ukraynalıların firavanlığına aparan qısa yol”, “Mən və Yaponiya”, “Moldovanın Yaponiyası”, “Mən və Yaponları birləşdirən nöqtə”, “Xoş gəlmisiniz”, “Məni dəyişdirən Yaponiya”, “Təslim olmayacam”, “Arzularımın işi”, “Peşmanlıq simvolu” “Uşaqların sevinci”, “Yaponlardan öyrəndiklərim”, “Yapon mahnısından başlayan dünya”, “Mədəni əlaqələr sülhə xidmət edir” mövzularında çıxışlar etdilər.

Çıxışlardan sonra konsert proqramı oldu.

Konsert proqramından sonra tələbələrin natiqlik bacarıqları münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər elan olundu. Qalib gələn müsabiqə iştirakçılarına- I yer Azərbaycan Dillər Universitetinin tələbəsi Zərifə Aydayeva, II yer Azərbaycan Dillər Universitetinin  tələbəsi Asəf  Kərimli, III yer  Kiyev Milli Linqvstik Universitetinin tələbəsi Yuliya Boyarçuk, IV yer  Kiyev Milli Linqvsitk Universitetinin tələbəsi Alla Smoliyarova, V yer  Bakı Dövlət Universitetinin tələbəsi Vəfa Axundova, VI yer Gürcüstan Azad Univeristetinin tələbəsi Nino Malania və xüsusi mükafat Belarus Dövlət Universitetinin tələbəsi Anastasiya Piatroviçə təqdim olundu.

İştirakçılara tərifnamə və hədiyyələr verildikdən sonra ADU-nun yapon dili müəllimi Yaşar İbrahimov çıxış etdi. O, çıxışında iştirakçıları salamlayaraq müsabiqənin keçirilməsinə dəstək verənlərə minnətdarlığını bildirdi və  iştirak etdikləri üçün onlara təşəkkür etdi,  müsabiqədə qalib gələn tələbələri isə təbrik etdi.

Qeyd edək ki, Yapon Mərkəzi Azərbaycan Dillər Universitetində 2012-ci ilin fevralından fəaliyyət göstərir.

Mərkəzdə yapon dilini öyrənmək istəyən tələbələr və digər Azərbaycan vətəndaşları üçün hazırlıq kursları təşkil olunur. Bundan başqa ixtisasca yaponşünas tələbələrlə birlikdə yapon mədəniyyət nümunələri – oriqami, çado, ikebana və s. ilə bağlı tədbirlər təşkil olunur.

Mərkəz birbaşa Universitet tərəfindən maliyyələşir.

Yapon mərkəzinin nəzdində kiçik  kitabxana fəaliyyət göstərir. Həmin kitabxanada həm dərsliklər, dərs vəsaitləri, həm də bədii ədəbiyyatlar var.

Mərkəzdə tez –tez yapon mədəniyyəti nümunələri nümayiş olunur, tədbirlər keçirilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here