“Azərbaycan-İsrail yaxınlaşması hər hansı dövlətə qarşı çevrilməyib”

0
212

İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəmizə səfəri bəzi qonşu ölkələr tərəfindən əndişə ilə qarşılanmaqda və bunun özləri üçün az qala hansısa təhlükə kimi qəbul etməkdədirlər. Politoloq Qabil Hüseynli “Yeniavaz.com” saytına verdiyi açıqlamasında deyib ki, Azərbaycan-İsrail yaxinlaşmasından bəzi dövlətlərin əndişələnməsinə və bunu özləri üçün təhlükə hesab etmələrinə hər hansı əsas yoxdur. İsrail-Azərbaycan münasibətlərinin hər iki dövlətin maraqlarına xidmət etdiyini söyləyən Qabil Hüseynli: “Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bir çox qonşu ölkələrlə münasibətdə İsrail dəfələrlə ölkəmizin ən yaxın müttəfiqlərindən biri olduğunu sözdə deyil, əməli fəaliyyətində təsdiq etdi. Azərbaycanın hərbi baxımdan güclü dövlətə çevrilməsində İsrailin mühüm rol oynamaqda davam etməsi də bunu sübut etməkdədir. Aprel döyüşlərində Azərbaycanın qazandığı uğurlarda da İsraildən aldığımız hərbi texnika öz sözünü dedi. Ona görə də Azərbaycan üçün İsraillə əlaqələrin inkişaf etdirilməsi önəmlidir. Məsələnin digər tərəfinə gəlincə, belə hesab edirəm ki, Azərbaycanın-İsraillə hərtərəfli əməkdaşlığı inkişaf etdirməsi regionda yalnız əmin-amanlığın, uzun müddətli sabitliyin bərpasına xidmət edir. Nəhayət, Azərbaycan müstəqil dövlətdir və öz maraqlarına uyğun da siyasət yeridir. Bir sözlə Azərbaycan-İsrail yaxınlaşması hər hansı dövlətə qarşı çevrilməyib”,-dedi.
Əziz Mustafa