Dilimizdə “yenilikçilər” hərəkatı…

0
343

İndi bəzi həmkarlarım yazılarında, telejurnalistlərimiz danışıqlarında elə “qəliz” sözlər işlədirlər ki, Məşədi İbadın sözü olmasın, bilmək olmur ki, nə deyirlər. Elə götürək son vaxtlar hər gündə ən azı 10-15 dəfə eşitdiyimiz, daha doğrusu, artıq “vətəndaşlıq” qazanmış “ilk öncə”ni, həmçinin “ilk əvvəli”. Mən bilən “ilk”də öncə, “öncə”də ilk mənası var. Bu dediklərimi elə “əvvəl”ə də şamil etmək olar. Bəs elə isə bu iki sözü yanaşı işlətmək nə qədər doğrudur? Olmaya, bu üsulla dilimizi zənginləşdirməyə çalışırıq? O gün qəzetlərin biri yazır ki, bəs filankəs Şəhidlik zirvəsinə yüksəlib. Halbuki Şəhidlik özü zirvədir də… Zirvənin də zirvəsi olur məgər? Yaxud: bir telejurnalist deyir ki, verilişin başa çatmasına 3 dəqiqə vaxt qalıb. Kimsə ondan soruşmur ki, balam, 3 dəqiqənin özü məgər vaxt anlamını vermir? Verir axı! Elə isə 3 dəqiqədən sonra vaxt kəlməsini niyə işlədirsən? Sadəcə de ki, verilişin başa çatmasına 3 dəqiqə qalıb da… Hələ bu harasıdır? Bu “yenilikçilər” hərəkatında bizim futbol şərhçilərimiz lap gül vururlar. Şərhçi qardaşlarımız belə anlarda bu kimi ifadələrlə yanaşı, bir cümləni tez-tez işlədirlər: matçın qurtarmasına az zaman qalıb. Axı bu yerdə “az qalıb” da demək olar…

Bir də görürsən ki, sinonim sözlərdən elə istifadə edirlər ki… Yəqin deyəcəksiniz ki, sinonim sözlərdir də, burada nə qəbahət? Var, özü də lap… Axı kim bizə ixtiyar “verib ki, sinonimləri necə gəldi ora-bura sürükləyək? Axı onların da özlərinə görə işlənmə dairələri var. Heç uzağa getməyək. Axı hansı birimiz vaxtdan gileylənəndə: “Zamanım yoxdur” deyirik. Sadəcə deyirik ki, vaxtım yoxdur. Elə deyilmi? Mənə inanmırsınız, elə isə Tükəzban xaladan, Fatmanisə nənədən, Novruzəli kişidən, Savalan babadan soruşun.

Futboldan söz düşmüşkən, bu yaxınlarda bir matçın şərhçisi belə bir ifadə işlətdi: “Daha bir top qapının üstündən keçdi”. Vallah, onun bu sözlərinə nənəm elə reaksiya verdi ki… Axı necə də verməyəydi… Çünki beşikdəki uşaq da bilir ki, futbol oyununda yalnız bir topdan istifadə olunur. Şərhçinin sözlərindən isə belə anlaşılır ki, oyunda bir neçə top olur ki, onlardan biri də qapının üstündən keçdi.

Söhbət zaman, vaxt anlamlardan düşmüşkən daha bir misal. Bir telejurnalist var. Adını çəkmək istəmirəm. Hər dəfə veriliş başa çatanda deyir: “Hörmətli tamaşaçılar, təəssüf ki, verilişimiz sona bitdi. Sona bitdi? Lap bişmiş toyuğun gülməyi gələn bir ifadədir, elə deyilmi? Nə qədər qəribə olsa da, o, hər dəfə belə söyləməklə sanki tamaşaçılara acıq verir. Hə, yadıma düşmüşkən, onun bir məşhur ifadəsi də var: “Gəl səni divana alım”. Lap unutmuşdum, o gün bir dövlət məmuru, deyəsən, nazir idi. Nə desə yaxşıdır? Dedi ki, bəs bu il kənd təsərrüfatının istehsalında yüksək artım var. Kənd təsərrüfatında istehsal? Handan-hana anladım ki, o, kənd təsərrüfatı məhsullarının istehsalında demək istəyirmiş.

Elə sözlər də var ki, onları lap urvatsız etmişik e… Elə götürək, prezident sözünü. Bu söz o qədər uculaşıb ki, az qala deyək ki, filan tualetin də prezidenti var… Buna nə ad vermək olar? Yalnız və yalnız söz xatirinə söz uydurmaq. Vallah, dilə bu qədər yamaq vurmaq olmaz. Dili bu qədər “müasirləşdirmək”, yaxud geyimimizə uyğunlaşdırmaq olmaz… Axı dilin öz xüsusiyyətləri, öz qanunları var…Dilin yalançı təmirə, kosmetikaya ehtiyacı yoxdur. Dili bu şəkildə şouya sürükləmək, yaxud bu formada sintez etmək ən azı nadanlıqdır. Belə getsə, sabah bir-birimizlə dil tapmaqda belə çətinlik çəkəcəyik.

Vallah, belə ifadərləri eşidəndə həm gülürəm, həm də ağlayıram. Gülürəm, ona görə ki, belə ifadələr işlədənlər, doğrudan da, gülüş hədəfilərdir, ağlayıram, ona görə ki, dilim, doğrudan da, dilim-dilim olur.

Qvami Məhəbbətoğlu