“Banış doljen iqrat!”

0
218

Bu gün “Neftçi”nin əfsanəvi futbolçusunun ölümündən 19 il ötür. Anatoli Banişevski 1964-1978-ci illərdə “Neftçi”nin heyətində çıxış edib. 1966-cı ilin bütünc mükafatçısı karyerasının sonunadək sadiq qaldığı komandada 318 oyun keçirib, 136 qol vurub. 1965-1972-ci illərdə SSRİ yığma komandasının formasını geyinmiş və 19 qola imza atmış “Banış” 1972-ci il Avropa çempionatının gümüş medalını qazanıb. 1981-1982-ci illərdə “Neftçi”nin məşqçisi olan Anatoli Banişevski 1996-cı ildə “Şöhrət ordeni” ilə təltif olunub. Allah rəhmət eləsin!
Ümumittifaq dərəcəli hakim, hazırda AFFA-da çalışan Rüstəm Rəhimov dünya şöhrətlli Anatoli Banişevski ilə bağlı xatirərlərini saytımızla bölüşdü: “Anatoli Banişevski Allah tərəfindən bizə göndərilmiş bir istedad idi. Onun kimi insanlar dünyaya iki əsrdən bir gəlir. O vaxtkı məşqçilər Banişevskiyə qarşı çox diqqətli idilər. Oyunun bitməsinə 15 dəqiqə qalmış buraxırdılar onu oyuna. Onun “yanmağına” imkan vermirdilər. O vaxtlar Banişevskini “Azərbaycanın Pelesi” adlandırırdılar. Əgər zamanında ona layiqli diqqət olsaydı, sorağı dünyanın hər güşəsindən gələrdi… Məncə, adına bir küçə, stadion verilsəydi, bu, onun ruhuna böyük hörmət olardı.
Futbolumuzun əfsanəsi sayılan Banişevski məndən iki yaş böyük idi. O olduqca sadə, azdanışan bir şəxs idi. Deyərdim ki, onun o illərdəki populyarlığı tanınmış sənət adamımız Müslüm Maqomayevin populyarlığına bərabər idi. Belə ki, o hara getsəydi, təmtəraqla qarşılanardı. O zaman bir çox komandalar Banişevskini öz heyətlərində görmək istəyirdilər. Lakin o,”Neftçi”ni tərk etmədi. Hətta Mərkəzi Ordu İdman Klubu (MOİK) onu ələ keçirmək üçün xüsusi plan da hazırlamışdı. Belə ki, Anatoli Moskvanın aeroportunda “tutularaq” MOİK-in bazasına aparılmalı idi. Lakin son anda onların bu planından Bakı xəbər tutdu. Banişevski trapdan düşər-düşməz aradan çıxarıldı. Planlarının baş tutmadığına görə MOİK-in o vaxtkı rəisi Neruşenkoya töhmət elan olundu, az sonra isə onun ürəyi partladı.
Bu yerdə Banişevski ilə bağlı şahidi olduğum bir hadisə də yadıma düşdü. “Neftçi” Moskvanın “Lokomotiv” stadionunda “Lokomotiv” komandası ilə qarşılaşmalı idi. Neftçinin baş məşqçisi Əhməd Ələsgərov əsas heyətdə kimlərin oynayacağını tam müəyyənləşdirdi (Biz onda “Çerkizov” mehmanxanasında qalırdıq). Axşama yaxın Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov ona zəng edib komandanın əhval-ruhiyyəsi ilə maraqlanmaqla yanaşı, o zamanlar hamının sevimlisinə çevrilmiş Anatoli Banişevskinin oynayıb-oynamayacağını da soruşdu. Əhməd müəllim Banişevskinin SSRİ yığmasının sərəncamından yeni qayıtdığını və rejiminin pozulduğunu, elə bu səbəbdən sabahkı matça çıxa bilməyəcəyini, ehtiyat oyunçular sırasında yer alacağını bildirdi (Həmin oyun 1967-ci ilin iyun ayının 23-də keçirilib). Lakin M. İsgəndərov moskvalıların Banişevskinin oyununu həsrətlə gözlədiklərini əsas gətirərək onun meydana çıxmasının vacibliyini söylədi: “Baniş doljen iqrat!” Gecə ilə Banişevskinin rejimindəki çatışmazlıqlar aradan qaldırıldı. Və o, ertəsi gün həmin oyuna çıxdı. “Neftçi”nin 5:0-lıq qələbəsi ilə başa çatan bu görüşdə 3 qolu (1, 55 və 64-cü dəqiqələrdə) Banişevski vurdu.
…Bir müddət məşqçi kimi çalışan Anatoli Banişevski 1987-ci ildə Afrika qitəsinə, Burkina- Fasoya yollandı. O, burada ölkənin gənclərdən ibarət komandasının baş məşqçisi oldu. Lakin bu ölkədəki hərbi çevriliş Banişevskinin həyatında dərin iz buraxdı. Bərk həyəcan keçirdiyindən şəkər xəstəliyinə tutuldu. O, oradan qayıdanda 16-17 kq arıqlamışdı (Banişevski Afrikaya gedəndə onunla Moskvada görüşmüşdüm). Bundan sonra yataq xəstəsinə çevrilən dahi “Banış” böyük futboldan ayrı düşdü.
O, ömrünün son illərini mənim yaşadığım binadakı (Monolitdə) mənzilində keçirdi. Şəkər xəstəliyindən əziyyət çəkən Anatoliyə mütəmadi baş çəkərdim, ötən günlərdən söz açardıq. Mənim fikrimcə, o, potensialının heç əlli faizindən istifadə etmədi. 51 yaşında dünyasını dəyişdi”.
Qvami Məhəbbətoğlu