10 ildi belə oyuncaqlar düzəldib satır

0
190

Biz jurnalistlər hər zaman hadisə axtarışındayıq və çox zaman sosial və məişət zəmininda baş verən hadisələri oxuculara çatdırmağa çalışırıq. Amma bəzən də unuduruq ki, sosial problemlərin qabardılması bir yana, yaşanmış və yaşanılan hekayələr də oxucu üçün faydalı ola bilər. Ona görə ki, oxucu bu cür yazıları oxuyarkən daha çox düşünür, analiz edir, nəticə çıxarır.

Bu yazının qəhrəmanını yayın ən qızmar olduğu günlərdən birində “Şamaxinka” adlanan ərazidə görmüşdüm. Nazik taxtadan düzəltdiyi oyuncaqları əlində oynada-oynada müştəri axtarırdı. Bir neçə dəqiqə tərəddüd elədim yaxınlaşmağa, sonra yaxınlaşdım. Əlindəki oyuncağı neçəyə satdığını soruşdum. Qiymətini dedi, aldım. 83 yaşı olduğunu deyən ağsaqqal bu oyuncaqların birini 2-3 günə düzəltdiyini söylədi. Məndən sonra 3 qadın da aldı, özü də satılandan ikiqat artıq qiymətə. Amma dayı, ona verilən pul qədər oyuncaq vermək istəyirdi. Ağsaqqal sanki, heç kimdən nə isə gözləmirdi, ancaq zəhmətinin qarşılığı ilə razılaşırdı. Amma yayda bu kişi ilə söhbət eləyə bilmədim, işə gəldim, çox peşman oldum. Öz-özümə dedim ki, bir daha rastıma çıxarsa mütləq onun haqqında yazacam. “Şamaxinka” dayanacağında olanlar bilir, orada dilənçilər də az olmur. 2-3 gün əvvəl həmin dayanacaqda avtobus gözləyirdim, bir orta yaşlı kişi əlindən tutduğu 5-6 yaşlı oğlan uşağı ilə dilənirdi: “Bu uşağa görə, çörək pulu verin”. Yaxınımda idi, dedim a kişi, niyə işləmirsən? Üzümə tərs-tərs baxıb uzaqlaşdı. Arxasından baxanda axtardığım ağsaqqalı gördüm, yenə əynində köhnə palto, saqqallı, gözləri kədərli, əlləri əsə-əsə oyuncaq satırdı. Həmin an ən yaxın adamımı görsəydim o qədər sevinməzdim. Yaxınlaşdım, onu redaksiyaya aparmaq istədiyimi dedim, başımıza xeyli adam yığıldı ki, görəsən nə olub? Amma təəssüf ki, heç kim oyuncaq almadı…

Gəldik redaksiyamıza, yol boyu da söhbət elədik. Adının Əbdürrəhman olduğunu deyən ağsaqqal 1933-cü ildə Bakının Novxanı qəsəbəsində anadan olub. Ömür boyu işləyib, 6 uşaq böyüdüb. Bəli, haqqında danışdığımız bu kişinin 2 qızı və 4 oğlu var. İlk evliliyindən iki qızı olan ağsaqqalın sonrakı evliliyindən 4 oğlu dünyaya gəlib. Dediyinə görə, 10 ildi belə oyuncaqlar düzəldib satır: “Oktyabrın 15-dən başlamışdım, indi də noyabrın sonudu, 10 dənə düzəltmişəm. Ay yarıma 10 dənə düşür. Arada özümçün yemək də bişirirəm. Ona görə vaxtım çox gedir”.

Üç ildi tək yaşadığını deyən Abdürrəhman dayı, əvvəllər Nərimanovda yaşadığını dedi: “Nərimanovda 3 otaqlı evim var idi. Oğlanlarımı evləndirib, hərəsinə bir otaq vermişdim. Özüm də dəhlizdə yatırdım. Evin balkonu da var idi. Evin həyətində heyva, üzüm əkmişdim. Balkondan üzüm dərirdim, yaxşı heyvalar var idi. Hamısı heçnə oldu. Uşaqlar satıb hərə öz payını götürdü. Hamısı özünə ayrı ev aldı, mənə də Xırdalanda 35 kv.m ev alıb verdilər”.

Yaşadığı evin istiliyi ilə maraqlandım: balaca qaz peçinin yanında oturub qızındığını bildirdi: “Lazım olsa bir peç də tapıb gətirərəm, amma kimin üçün? Təkəm. Bir çaynikim var. Gedirəm arada 5-10 manat verib bir az ət alıram, bir az soğan, kartof atıram balaca qazana qoyub bişirirəm. O da yaxşı olmur, məcbur yeyirəm. Qonşularım var, arada mənə yemək bişirirlər”.

80-dən yuxarı yaşı olan ağsaqqal indiki cavanlar haqda da danışdı. Dedi ki, indiki cavanlar tikədən əmələ gələnlərdi: “Ondan bir tikə, bundan bir tikə, olur tikə-tikə. Mənim 4 oğlum var. İşləmişəm, hamısını uşaqlarıma xərcləmişəm. Amma indi halıma yanan yoxdu. Mənim atam kasıb olub mən onu hamama aparıb çimdirmişəm, geyindirmişəm. Atama yaxşı baxmışam. Gənclərə məsləhət görürəm ki, ataya anaya hörmət etsinlər. Onlar böyükdü, onlara baxmaq lazımdır. Oğlanlarım məni evlərinə aparıb göstərmirlər, tanımayım evlərini. Uşaqlarımın yanında hörmətim yoxdu”.

Düzəltdiyi oyuncaqları Nərimanov metrosunun ətrafında satdığını deyən Əbdürrəhman dayı, həmin ərazidəki parkda daha çox olduğunu bildirdi: “Orda gəzirəm, arada insanlar almasalar da hərəsi bir manat verirlər, deyirlər başqasına hədiyyə edərsən və ya deyirlər, dayı, onu da satarsan. Ona görə, Allah bərəkət versin, qazana bilirəm”.

Bu kişini görəndən sonra ağlıma bir fikir gəldi: “Öz zəhmətilə, dəridən qabıqdan çıxaraq dolanan kişilərə eşq, camaatın cibinə girənlərə isə ar olsun”.

Rasim Məmmədli