3 Dekabr – Beynəlxalq Əlillər günü

0
325

3 Dekabr – Beynəlxalq Əlillər günüdür. 3 dekabr tarixinin Əlillər günü kimi qeyd olunması ilə bağlı qərar 1992-cil də BMT-nin Baş Məclisində qəbul edilib. Hər il bu tarixdə BMT-yə üzv olan ölkələrdə əlillərin cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönələn tədbirlər görülür. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, hazırda Azərbaycanda əlilliyin səviyyəsi digər ölkələrə nisbətən aşağıdır: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya əhalisinin 15 faizini əlilliyi olan şəxslər təşkil edir. Ölkəmizdə bu göstərici 2,5 dəfə azdır, yəni respublika əhalisinin təqribən 6 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır”. Nazir bildirib ki, bu qəbildən olan insanlar sosial təminat sistemi ilə əhatə olunub, əmək pensiyası və ya aylıq sosial müavinətlə təmin edilənlərin 36 faizə qədərinin əlilliyi olan şəxslərdir: “Son illərdə Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin edilən əlilliyi olan şəxslərin kateqoriyaları da genişləndirilib. Dövlət başçısının 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, ümumi səbəblərdən I qrup əlilliyi olan şəxslərin (əmək pensiyası almayan) də Prezidentin aylıq təqaüdü ilə təmin olunmasına başlanılıb. Ümumilikdə bu gün həmin təqaüdlə təmin olunanların 40,6 min nəfərdən çoxu, yəni 71 faizi əlilliyi olan şəxslərdən – müharibə əlilləri və onlara bərabər tutulanlardan, 20 Yanvar əlilləri və I qrup əlillərdən ibarətdir”. Bununla yanaşı, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin ümumilikdə 16,4 min nəfərdən çox uşağına da aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət ödənilir.