Gəldi ayların sultanı

0
313
Elə bil Ramazan bayramını dünən yola salmışdıq. Sabah yenə Ramazandır.
Bu gün axşam yatsı namazı ilə birlikdə təravih namazları da qılınacaq. Sabah isə Ramazanın birinci günü olacaq. Müsəlman qardaş-bacılarımız həmin gün imsaq vaxtı, yəni sübh namazı girmədən əvvəl yuxudan qalxacaq, Allah verdiyindən yeyib-içib Ramazanın birinci günü oruc tutmağa niyyət edəcəklər. Niyyət təxminən belə olur: “Niyyət edirəm, Allah rizası üçün bugünkü Ramazan orucunu tutmağa.“
Oruc Allah-Təalanın biz müsəlmanlara buyurduğu fərz ibadətlərdən biri, İslamın kəlmeyi-şəhadət və namazdan sonra üçüncü şərtidir. Yəni həddi-büluğa çatmış, səhhəti yerində olan hər bir müsəlman oruc tutmağa borcludur. Bu ibadət başqa ibadətlərdən bir qədər fərqlidir. Bu fərq də ondan ibarətdir ki, oruc bəndə ilə Allah-Təala arasında gizli ibadətdir. Yəni namaz qılanı, sədəqə verəni kənardan görürlər. Birisinin oruc tutduğunu isə bir Allah bilir, bir də onun özü. Oruc haqqında kifayət qədər yazılıb, deyilib. Bu ibadətin tibbi tərəfindən, yəni insan  sağlamlığına faydalarından söhbət açmağa başlasaq, cild-cild kitablar yazmaq olar. Amma hər şeydən öncə, bir məqamı xatırlatmalıyıq ki, bütün ibadətlər və eləcə də oruc məhz Allah əmri olduğu üçün yerinə yetirilməlidir. Yəni bu düşüncənin yanında sağlamlıq, qənaət, qazanc kimi niyyətlər yer almamalıdır. Dediyimiz kimi orucun insanın maddi və mənəvi baxımdan zənginləşməsində çox faydası var, ancaq niyyət yalnız və yalnız Allah rizası üçün olmalıdır. Bu ibadət Allah əmri olduğu üçün yerinə yetirilməlidir. Biz belə niyyətləndikdən sonra Allah-Təala bizə bizim bilmədiyimiz qədər xeyirlər, qazanclar nəsib edər, inşallah!
Başqa bir məqam haqqında qısa danışmaq istəyirik. Bir qardaşımız və ya bacımız danışanda deyir ki, mən hələ bu ibadətə, məsələn, oruca və ya namaza hazır deyiləm. Yəni bu yolla o öz qüsuruna bəraət qazandırmağa çalışır. Açıq-açıq söyləyək ki, bu cür bəraət özü də günahdır. Çünki sənə bu iş əmr olunub, sən də bu işi yerinə yetirməmək bir yana dursun, ordan-burdan bəhanə axtarıb özünə haqq qazandırmağa çalışırsan. Qardaşım, bacım, birmənalı şəkildə anlamalısan ki, Allah əmri bəndə tərəfindən müzakirə olunmaz, yerinə yetirilər. Yerinə yetirmək istəmirsənsə, bu bir xətadır. Əgər bu xətaya bəraət qazandırmaq istəyirsənsə, bu ikiqat xətadır. Yəni yaxşı olar ki, özümüzü səfərbər edib Allahın əmrini yerinə yetirək, yetirə bilmiriksə, barı susaq, danışmayaq, günah üstünə günah qazanmayaq.
Oruc tutmağın heç bir çətinliyi yoxdur. Bu ibadət çox rahat və insan ruhunu gözəlləşdirən vasitədir. Amma psixoloji baxımdan bəziləri xoflanırlar, çünki onlar təsəvvür edə bilmirlər ki, gün ərzində 14 saat ac-susuz qala bilərlər. Yəni onlar gün ərzində özlərini nədənsə məhrum etməklə barışa bilmirlər. Amma inanın ki, bu, heç də çətin deyil və ona da əmin olun ki, siz səmimi şəkildə bu ibadətə niyyətləndiyiniz halda Allah-Təala o ibadəti sizin üçün asanlaşdıracaq.
Bir məqama da toxunmağı gərəkli bilirik. Ramazanda qidalanma çox önəmli məsələdir. Gələn saylarımızda bu mövzuda ətraflı söhbət açacağıq. Amma bəri başdan onu deyək ki, əgər gündüz oruc tutub axşam düzgün qidalanmasanız, bu ibadət sizin üçün ağrıya, əziyyətə dönə bilər. Bircə məqamı heç yadınızdan çıxarmayın: bütün mexanizmlər müəyyən müddətdə istirahətə, dincəlməyə ehtiyac duyur. Orucluqda insan orqanizmi həm müəyyən qədər dincəlir, rahat olur, həm də bu ayda insanın ruhu, iradəsi nəfsi üzərində hakimiyyət qazanır. Yəni iftarda çox yeməyə çalışmayın, gündüzün əvəzini axşam çıxmayın.
Ramazanın bir qədər öncə qeyd etdiyimiz kimi bir gözəlliyi də insan mənəviyyatının yüksəlməsinə kömək etməsidir. Bu ayda insan mələkləşmə fürsəti qazanır. İnsan nəfsinə deyil, iradəsinə, Allaha olan sevgisinə, sayğısına üz tutur, məhz bu dəyərlərlə yaşayır. Heç şübhəsiz, oruc tutan adam ədəbli davranacaq, əlini, dilini, gözünü haramdan uzaq tutmağa çalışacaq.
Allah köməyiniz olsun, Ramazan ayı bizlərə xeyir-bərəkət gətirsin!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here