Türkiyədə erməni terrorçuya – Monte Melkonyana abidə ucaldılıb

0
186

Türkiyədə erməni terrorçuların adına abidə ucaldılıb. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il Tunceli rayonun Nazimiyə qəsəbəsinin Xarik kəndində erməni abidə məzarın açılışında Xalqların Demokratik Partiyasının Tunceli millət vəkili namizədləri Əlican Önlü və Ədibə Şahin, Tunceli Bələdiyyəsinin həmsədri Nurhayat Altun, dərnəklər, partiya və təşkilat təmsilçiləri iştirak edib. Həmçinin Yunanıstan və Fransadan gələn diaspor üzvləri abidənin açılışına gəliblər.
Nazimiyə qəsəbəsində Pərisuyu çayının üstündə tikilən abidə məzara doğru yürüyüş təşkil edən qrup, “Erməni soyqrımını lənətləyirik. Armenak Bakırçıyanı anırıq və Hrantdan Sevaqa, 100-cü ilində Erməni soyqrımı davam edir” yazılı pankartlar açıblar.
Məzar daşında, “Armenak Bakırçıyan, Hrant Dink, Manuel Dəmir, Nubar Yalımyan, Kevork Çavuş, Monte Melkonyan, Andranik Uzunyan… adsız qəhrəmanlara” yazılıb.
Qeyd edək ki, adı yazılanlardan Monte Melkonyan, 24 sentyabr 1981-ci ildə Parisdəki Türkiyə səfirliyinə hücum həyata keçirib. Həmin ilin noyabrında Fransa polisi onu həbs edib, həbsi zamanı üstündən saxta sənədlər aşkar olunub. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror aktı törədib və terrorçulara güzəştə gedən Fransa hökuməti onu Livana deportasiya edib. Lakin bir müddət sonra o, saxta sənədlərlə yenə də Fransaya qayıdıb. Bu müddət ərzində o, fələstinli terrorçu Əbu Nidal ilə sıx əlaqə saxlayıb. 1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk Hava Yolları Şirkətinin kassaları qarşısında partlayış təşkil dib. Bu terror aktı nəticəsində 5 nəfər həlak olub, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 1985-ci ildə terrorçu Fransa polisi tərəfindən yenidən həbs olunub və 4 terror aktının təşkilində günahkar bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılıb və o, 1989-cu ildə azadlığa buraxılaraq Fransadan Yəmənə deportasiya edilib. Ancaq orada çox qalmayıb və saxta sənədlərlə yenidən Avropaya gələrək bir müddət orada yaşayıb. 1990-cı ildə Melkonyan Ermənistana gəlib və terror fəaliyyətini davam etdirmək üçün Dağlıq Qarabağ ərazisinə göndərilib.
Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ordusunun ön cəbhə dəstələrinin birinin komandiri olub. Melkonyanın əlinin yüzlərlə azərbaycanlının qanına bulaşdığını təsdiq edən dəlillər var. Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsinə başçılıq edən də məhz Melkonyan olub. Bu kəndin ələ keçirilməsi zamanı əsir götürülən xeyli sayda günahsız azərbaycanlının qətlə yetirilməsində, o cümlədən başlarının kəsilməsində, üzərlərinə benzin tökülərək yandırılmasında, müxtəlif bədən əzalarının kəsilməsində bilavasitə iştirak edib. Xocalı soyqırımında qadınları, körpələri, qocaları, günahsız insanları ən ağlasığmaz vəhşiliklə qətlə yetirən ermənilər arasında yenə də xüsusilə fərqlənən məhz Melkonyan idi. Əsas sevimli məşğuliyyətlərindən biri də əsir götürülən azərbaycanlılara ən amansız yollarla işgəncələr vermək, onları xüsusi qəddarlıqla qətlə yetirmək olub. Vaxtilə Qarabağda erməni separatçılarına başçılıq edən Serj Sərkisyan və Robert Köçəryan da onunla hesablaşırmış.
Rasim Məmmədli