Partlayış baş verən mənzilin bir açarı da əraziyə baxan JEK əməkdaşında olub

0
305

Bir neçə gün öncə Bakının Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi bina 6-da baş verən partlayışın qaz sızmasından yarandığı məlum olub. Qeyd edək ki, partlayış binanın 2-ci mərtəbəsində, yaşayış olmayan mənzildə baş verib və yanğın 3-cü mərtəbəsindəki mənzilə də keçib. Partlayış və yanğın o qədər güclü olub ki, digər mərtəbədəki mənzillərə də ciddi ziyan dəyib.
Qeyd edək ki, FHN-nin mətbuat xidmətinin hadisə ilə bağlı ilkin yaydığı məlumatda partlayışın qaz sızması nəticəsində baş verdiyi bildirilirdi.
Lakin şahidlərin sözlərinə görə, partlayış baş verən mənzilin sahibi hadisənin qaz sızmasından baş vermə ehtimalı ilə razılaşmırmış. Mənzil sahibi iddia edirmiş ki, onun mənzilinə qaz verilməyib, xəttə sızma olmayıb. Lakin Fövqəladə Hallar Nazirliyinin ekspertlərinin apardıqları araşdırma, götürülən ekspertiza nümunələri nəticəsində mənzilə qaz sızdığı müəyyənləşib. Bu barədə Yeniavaz.com saytına hal şahidi kimi bir çox sənədlərə imza atan şəxs məlumat verib.
Mənzildə partlayışın baş vermə səbəbi ilə bağlı bir maraqlı iddia da var. Belə ki, yaşayış olmadığı üçün buraya ümumi xəttən çəkilən qaz xətti mənzildəki borulara qoşulmayıbmış və bu səbəbdən ucu probkalanmalı imiş. Ancaq iddialara görə qaz xəttinin mənzilə daxil olan hissəsi açıq qaldığından tədricən sızma baş verib. O da bildirilir ki, partlayış baş verən mənzilin bir açarı da əraziyə baxan JEK əməkdaşında olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Nicat